İdman

“Neftçi”də uşaq futbolunu kim öldürdü, kim dəfn etdi?

Azərbaycanda, heç SSRİ vaxtı da “Neftçi”nin futbol məktəbləri olmayıb. Sadəcə həmin vaxt bütün ölkə bu komandaya işləyib. Ölkənin hansı bölgəsində istedadlı futbolçu olubsa, dərhal “Neftçi”yə yönəldilib. Bakıda isə məhəllə futbolu xilaskar olub. Uşaq məşqçiləri məhəllə-məhəllə gəzərək istedadları tapıblar. Təhsil verən ixtisaslaşmış idman məktəbləri olub ki, onların nəzdində futbol şöbələri də fəaliyyət göstərib. SSRİ vaxtı Azərbaycanın bir sıra tanınmış futbolçuları məhz ixtisaslaşmış idman-internat məktəblərinin yetirmələri olublar.

İmperiyanın dağılmasının yaratdığı fəsadlar

SSRİ dağılandan sonra “Neftçi” üçün fürsət yaranmışdı ki, özünün futbol məktəbi ənənəsini yaratsın. Ölkədə böyük bir nəsil “ağ-qara” formanın pərəstişkarı idi. Azərbaycanın istənilən bölgəsində cüzi xərclərlə futbol məktəbi yaradılsaydı, böyük maraq olacaqdı. Amma maliyyə yox idi. Həmin vaxt nəhəng imperiyanın dağılması iqtisadi münasibətlərə ciddi təsir etmişdi. İqtisadiyyat acınacaqlı durumda idi. Hansısa iş adamının ancaq əsas komandanın xərclərini qarşılaşmağa imkanı çatırdı. Vəsait olmadığı üçün futbola münasibət, demək olar ki, həvəskar səviyyədə idi. Heç əsas komandanın da tələbləri həvəskar səviyyədən o tərəf keçmirdi.

“Ağ-qaralar”ın “ağappaq” günləri o vaxt başladı ki…

“Neftçi” pulu o vaxt gördü ki, futbola neftdən yarılan vəsait axmağa başladı. Həmin vaxt – 2004-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olan Rövnəq Abdullayev “Neftçi”nin prezidenti təyin olundu. Daha sonra onun vəzifəsi böyüdü – ARDNŞ-ə prezident göndərildi. Bundan sonra “Neftçi”nin “ağappaq” günləri başladı. Amma əsas komandada. Pul sel kimi axırdı “Neftçi”yə. Ancaq qeyri-peşəkar, naşı idarəçilərin yadına uşaq futbolu düşmürdü. Daha sonra “Xəzər Lənkəran”ın yaranması ilə Rövnəq Abdullayevlə Mübariz Mənsimov arasında çirkli rəqabət yarandı. “Futbolçuya kim daha çox pul verəcək” mübarizəsində uşaq futbolumu yada düşərdi?

Abdullayevin yaddan çıxan vədi

Həmin vaxt Rövnəq Abdullayev vəd verirdi: Fəhlə prospekti ilə Babək prospekti arasında 20 min azarkeş tutumu olan stadion tikiləcək “Neftçi” üçün. Komandaya müasir baza inşa olunacaq. Ancaq üstündən 20 ilə yaxın vaxt keçib, nə stadion var, nə də baza. Stadion, baza cəhənnəmə, olan-qalan uşaq futbolu ənənəsi də məhv edildi.

“Neftçi” nə qədər vəsait istəyibsə, o qədər də alıb

“Neftçi”nin yetişdirdiyi sonucu “dişəbatan” futbolçu kim olub? Araz Abdullayevdən başqa heç kimi xatırlamıram. Hazırda karyerasının qürubunu yaşayan Araz da iradəsizliyin, intizamsızlığın, bir də Berti Foqts-Elxan Məmmədov hikkəsinin qurbanı oldu. Vəssalam. Hanı ölkənin ən köklü klubunun futbol məktəbləri? Rövnəq Abdullayevin vaxtında, ondan sonrakı dönəmdə – öz kadrı olan Sadıq Sadıqovun zamanında “Neftçi” nə qədər vəsait istəyibsə, o qədər də alıb. Ancaq o vəsaitin cüzi qismi də uşaq futboluna yönəlməyib. “Neftçi” rəhbərliyi seyid cəddinə arxayın olan kimi, “biz flaqmanıq” iddiasına inanıb. Elə biliblər ki, “biz flaqmanıq” deməklə futbolçu çıxacaq yerdən göbələk kimi. Beləcə, dünyada uçaq futboluna yanaşmada elm və texnologiyanın tətbiqi sürətlə aparıldığı bir ərəfədə, Azərbaycanda “istedadlı dələduzlar” öldürdülər bu sahəni.

İndiki rəhbərlik o hayda deyil

Rövnəq Abdullayevdən sonra “Neftçi” başqa bir AFFA funksionerinin – Elxan Məmmədovun nəzarətinə keçdi. O da qeyri-peşəkarlara tapşırdı komandanı. Üstəlik, maliyyəsi də azaldı. Həmin vaxt SOCAR-ın prezidenti olan Rövnəq Abdullayev “Neftçi”yə nəzarəti itirməsi ilə barışa bilmir, əvəzində komandanın maliyyəsini kəsirdi. Amma maliyyə kəsilməsəydi belə, yeni rəhbərlik də uşaq futboluna diqqət ayırmayacaqdı.

“Ağ-qaralar”da uşaq məşqçilərinə olan münasibət – onlara verilən məvacib hər şeyi çılpaqlığı ilə ortaya qoyur. “Neftçi”nin Bakıxanov qəsəbəsində guya bazası, stadionu inşa edilir, edilir, amma yekunlaşmır ki, yekunlaşmır. Heç Rövnəq Abdullayevin 1 milyard dollara tikdiyi Olimpiya stadionunun inşası da belə “acı bağırsaq” olmamışdı. “Neftçi”nin indiki rəhbərliyi nə uşaq futbolu, nə stadion, nə də baza hayında deyil. Onları bir məqsəd düşündürür: nə yolla olursa-olsun nəticə vermək lazımdır ki, xərclənən vəsaitə alibi tapılsın. Amma futbola qeyri-peşəkar yanaşam o səviyyədədir ki, mövsümi nəticəni də əldə edə bilmirlər.

Bir sözlə, “Neftçi”də – ölkənin ən köklü klubunda uşaq futbolu heç vaxt olmayıb. Bunu yaratmaq da kiminsə marağına uyğun gəlməyib. Baxmayaraq ki, peşəkar idarəetmə olsaydı, indi bütün ölkə boyu məktəbləri olardı “ağ-qaralar”ın. Həvəskar səviyyədə olan uşaq futbolu ənənəsini isə Rövnəq Abdullayev öldürüb, indiki rəhbərlik isə dəfn edib.

Natiq Muxtarlı, aut.az

Bənzər yazılar

Back to top button