Dünya

ABŞ repressiyalara görə İranın rəsmi şəxslərinə sanksiyalar tətbiq edib

Çərşənbə günü Bayden administrasiyası bildirib ki, Rusiya 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etirazları yatırmaq üçün İrana məsləhət verə bilər, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ prezidentinin mətbuat katibi Karin Jan-Pyer jurnalist üçün brifinqdə bildirib ki, Ağ Ev “Moskvanın etirazların yatırılması ilə bağlı böyük təcrübəyə əsaslanaraq İrana etirazların idarə olunmasında ən qabaqcıl metodlar barədə məsləhət verə biləcəyindən narahatdır”.

“Bizim İrana mesajımız çox aydındır – öz adamlarınızı öldürməyə son qoyun və ukraynalıların öldürülməsinə kömək etmək üçün Rusiyaya silah göndərməyi dayandırın”, – o deyib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi də təfərrüatları açıqlamadan analoji ittihamla çıxış edib. “Biz bunun əlamətlərini görürük və təəssüf ki, Rusiyanın təcrübəsi var”, – o deyib.

Çərşənbə günü Bayden administrasiyası İranda ümummilli etirazların yatırılmasında əli olan 10 rəsmi şəxsə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinə qarşı bir sıra əlavə sanksiyalar tətbiq edib.

“Birləşmiş Ştatlar İranda insan hüquqlarının pozulmasına görə ədalət mühakiməsinə və məsuliyyətə cəlb olunmaya yardımçı olmağa sadiqdir”, – dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Dövlət Departamentində jurnalistlərin qarşısında çıxış edən mətbuat katibinin müavini Vedant Patel deyib ki, Vaşinqton İran xalqının insan hüquqları və əsas azadlıqların müdafiəsi üçün etiraz aksiyası zamanı ona dəstək olmaq yollarını axtarmağa davam edəcək. Bununla da ABŞ İran xalqına qarşı amansız repressiyalarda əli olan fiziki və hüquqi şəxslərin üzərinə məsuliyyət qoymağa davam edəcək.

“Biz əlimizdə olan vasitələri nəzərdən keçirməyə və amansız repressiyalar qarşısında öz hüquqlarının pozulmasına dinc etiraz edən İran xalqını dəstəkləmək üçün tədbirlər görməyə davam edəcəyik”, – Patel deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button