İdman

“Nant”ın baş məşqçisi “Qarabağ”dan qisas almaq istəyir

“Nant”ın baş məşqçisi Antuan Kombuare hesab edir ki, komandası bu gün “Qarabağ”la matçda Bakıdakı oyunda olduğu kimi çoxlu cəhv etməyəcək.

Qol.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransa təmsilçisi öz meydanında Azərbaycan çempionunu qəbul edəcək. AL-də “pley-off”a yüksəlmək üçün Qurban Qurbanovun komandasını 1 xal da təmin edir. “Nant” isə mübarizəni Avroliqada davam etdirmək üçün hökmən qələbə qazanmalıdır. Bu halda onların son turun nəticəsindən asılı olaraq AL-də pley -off oynamaq şansı yaranacaq.

“L’equipe” nəşri Antuan Kombuarenin oyun öncəsi keçirdiyi mətbuat konfransının geniş mətnini yayıb. 58 yaşlı mütəxəssis deyir ki, Bakıdakı matçda (“Qarabağ” 3:0 hesabı ilə qalib gəlib) komandası müdafiə xəttində xeyli səhvə yol verib, bu da ağır məğlubiyyətə səbəb olub. Onun fikrincə, bunlar bir daha təkrarlanmayacaq. “Belə səhvlər bir dəfə olur. Mən həmişə komandamı meydana hazırlıqlı vəziyyətdə çıxarmağa çalışıram. “Qarabağ”la ilk matçda da belə idi. Bəzi rotasiyalar da vardı. Səfərdəki görüşdə biz müdafiəni “itirdik”. Amma belə şey bir dəfə baş verə bilər. Bizim qürurumuz var”.

Antuan Kombuaredən heyətdəki futbolçu azlığının oyuna təsiri və gənc futbolçulara az şans verməsi ilə bağlı da soruşulub. Bugünkü görüşdə müdafiəçilər Şarl Traorenin və Fabyen Santonzun iştirak edə bilməyəcəyi xatırladılıb. Mütəxəssisin dediyinə görə, “Nant”ın gənc futbolçuları belə matçlar üçün rotasiyaya hazır deyil: “Əgər onlar istədiyim vəziyyətdə olsaydılar, daha çox oynayardılar. Kventin Merlin (“Nant”ın 20 yaşlı sol cinah müdafiəçisi – Qol.az) kimi futbolçular çox deyil. Əgər xal ehtiyatımız çox olsa idi əlbəttə, gənclərə oynamaq üçün çox şans verərdim”.

Jurnalistlərdən biri Antuan Kombuareyə sual edib ki, sizdə birinci oyundakı məğlubiyyətə görə revanş hissi varmı? Buna cavab olaraq mütəxəssis deyib:

“Orada birinci hissədəki oyunumuzu nəzərə alsaq, mən üç qol buraxacağımızı gözləməzdim. İkinci hissədə çox pis çıxış etdik. Biz müdafiədə oyunumuzu itirdik. Amma dediyim kimi, belə şeylər bir dəfə olur. Əlbəttə, məndə intiqam hissi var”.

Bənzər yazılar

Back to top button