İqtisadiyyat

2023-cü ildə büdcə gəlirləri nə qədər artıracaq?

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Büdcə layihəsindən aydın olur ki, 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.

Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır. Bu isə 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.

2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manatın xərclənməsi nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur. Əlavə vəsaitlər dövlət sifarişi ilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanmasına sərf olunacaq.

Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq.

2023-cü ildə ölkə büdcəsinin gəlirlər hissəsində bir sıra dəyişikliklər nəzərdə tutulur. Bu dəyişikliklər müxtəlif vergi növləri üzrə yığımların artımını ehtiva edir. Belə ki, gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların cari ildəkindən 13,1 faiz çox olmaqla 1 milyard 680 milyon manat təşkil edəcəyi gözlənilir. Hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 21,3 faiz çox olmaqla 6 milyard 417 milyon manat proqnozlaşdırılır. Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmaların 28,3 faiz çox – 302,8 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

2023-cü ildə Azərbaycanda bu ilkindən 5,1 faiz çox – 6 milyard 10,3 milyon manat əlavə dəyər vergisi (ƏDV) toplanması proqnozlaşdırılır. Bunun 2 milyard 814,3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 6,9 faiz və 3,6 faiz çoxdur.

Sadələşdirilmiş vergi üzrə büdcəyə daxil olacaq vəsaitlərin isə bu ilin proqnozundan 18,6 faiz çox olmaqla 278,6 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

2023-cü ildə hökumət aksizlərdən cari ildəkindən 7,5 faiz çox – 1 milyard 373 milyon manat toplamağı hədəfləyir. Bunun 1 milyard 201 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 172 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 8,5 faiz və 1,2 faiz çoxdur.

2023-cü ildə yol vergisi üzrə daxilolmaların cəmi 7,4 faiz artımı proqnozlaşdırılır. Bu artımla yol vergisindən büdcəyə 135,9 milyon manat daxil olmalıdır. Bunun 85,9 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 50 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 12,3 faiz çox və eynidir.

2023-cü ildə hökumət cari ildəkindən 13 faiz çox olmaqla 160,4 milyon manat mədən vergisi, 2,5 faiz çox olmaqla 1 milyard 332 milyon manat gömrük rüsumu toplamaq niyyətindədir.

İqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, gələn il üçün büdcə gəlirlərində 5,2 faizlik – təxminən 1,5 milyard manat artım olması nəzərdə tutulur: “Hökumətin təqdim etdiyi statistik göstəricilərdən aydın olur ki, bu artımda neft-qaz və qeyri-neft-qaz sektorunun payı 50/50-yədir. Yəni bu artımın 760 milyon manatı neft sektorundan, 764 milyon manatı isə qeyi-neft sektorundan təmin ediləcək. Ümumilikdə, neft sektorundan vergi daxilolmalarında artım daha çoxdur – 25 faiz. Büdcənin vergi daxilolmaları 2022-ci il üçün 4 milyard 20 milyon manat, 2023-cü il üçünsə 5 milyard 17 milyon manat proqnozlaşdırılır. Neft Fondundan transfertdə azalan məbləğ çıxıldıqda, neft sektorundan daxilolmalarda 760 milyon manat artım olacaq. 2022-ci ildə qeyri-neft büdcə daxilolmalarının 13,7 milyard manat, 2023-cü il üçün 14,4 milyard manat olması nəzərdə tutulur. Konkret tədiyə növlərinə gəlincə, ən çox artım mənfəət vergisi üzrə gözlənilir – 1 milyard 120 milyon manat. Bu, cari ilin proqnozu ilə müqayisədə 20 faizə yaxın artım deməkdir. Düşünürəm ki, bu artımda əsas pay neft vergilərinə məxsus olacaq. Neft vergilərində SOCAR-ın payı açıqlanmır, amma onun ciddi olacağını gözləmirəm. Hesab edirəm ki, təbii qaz ixracının artımda daha yüksək paya nail olacağını gözləmək olar. Gələn hasilat və ixrac artacaq. Doğrudur, qaz bazarında da son vaxtlar volatillik var, qiymətlər kəskin artıb-azalır, eyni zamanda ciddi risklər formalaşır. Bu baxımdan, belə risklərin təsirini dəqiq hesablamaq mümkün olmasa da, müəyyən tədbirlərin hazırlanması problem olmamalıdır”.

Ekspert gələn il vergi orqanlarının toplayacağı əlavə dəyər vergisinin az proqnozlaşdırılmasını maraqlı məqam hesab edir: “Dövlət Vergi Xidmətinin xətti ilə toplanacaq ƏDV-nin həcmində 271 milyon manat – 8 faizə yaxın azalma proqnozlaşdırılır. Əvəzində Dövlət Gömrük Komitəsinin toplayacağı ƏDV məbləği 20 faiz civarında – 564 milyon manat çox olacaq. 2022-ci il üzrə gömrük orqanları xətti ilə 2 milyard 633 milyon manat ƏDV yığımı proqnozlaşdırılıbsa, 2023-cü il üçün bu məbləğin 3 milyard 196 milyon manata çatacağı gözlənilir. Bu, çox ciddi artımdır. Sirr deyil ki, hazırda ölkə daxilində biznesin vergi-rüsum yükünün ağırlığı ilə bağlı ciddi narazılıqları var. Eyni zamanda idxal prosesinə dolayı vergilərin təsiri xeyli yüksəkdir. İndi gömrük orqanlarının ƏDV yükünün artırılması göstərir ki, hökumət bu narazılıqlara rəğmən, gömrüyün fiskal rolunu artırmağa davam etmək niyyətindədir. Daxildə vergi yığımlarından verdiyi azadolmaları idxal məhsullarının üstünə qoymaqla kompensasiya etməyə hazırlaşır. Bu, onu göstərir ki, gələn il yenə də idxal məhsullarında qiymət artımlarının şahidi olacağıq. Ümumiyyətlə, gələn il də hökumət son 3 ildə olduğu kimi, büdcə gəlirlərini birbaşa istehlakçının cibindən ödəniləcək dolayı vergilər hesabına artırmaq niyyətindədir. Bura ƏDV, sadələşmiş vergi (43,6 milyon manat və ya 15 faizə yaxın artım), aksiz vergisi (idxal aksizlərində 2 milyon manat, yerli məhsullar üzrə aksizlərdə isə 94 milyon manatdan çox artım) və sair aiddir. Aksizlər alkoqollu içkilər, tütün məmulatları və yanacaq məhsullarına tətbiq olunur”.

Vergi orqanlarının toplayacağı ƏDV-nin az proqnozlaşdırılması müəyyən qədər biznesin nizamnamə kapitalına qoyuluşların ƏDV-dən azad olması addımı ilə bağlı olar bilər: “Amma yalnız bu səbəbdən ƏDV proqnozunun belə ciddi azaldılması real deyil. Ümumiyyətlə, büdcə gəlirlərinin analizi göstərir ki, gələn il də büdcə yenə iqtisadi fəallığın artımı hesabına deyil, daha çox istehlakçının cibi hesabına böyüyəcək. Burada da əsas rolu inflyasiya prosesləri oynayacaq. Bir misal deyim: bu ilin 9 ayında qeyri-neft ÜDM-də nominal artım 25 faiz, real artım isə cəmi 10 faiz olub – iki dəfədən çox fərq var. Bildiyiniz kimi, nominal dövriyyə nə qədər geniş olursa, tutulan vergilərin həcmi də bir o qədər böyük olur. Ona görə də son 3 ildə bizim iqtisadiyyatımızda rəqəmlərin böyüməsində inflyasiya amili mühüm rol oynayır, bu, gələn il də belə olacaq. Ümumiyyətlə, hökumət iki məsələdən arxayındır: birincisi, inflyasiyanın yüksək olaraq qalmasıdır. Qlobal bazarlardakı vəziyyət bizim kimi idxaldan asılı ölkələr üçün inflyasiya təzyiqinin yüksək olaraq qalmasını şərtləndirəcək. Hökumətin arxayın olduğu ikinci məsələ neft-qaz gəlirlərinin artmasıdır. Xüsusilə qaz ixracından gəlirlər daha çox artacaq – həm ixrac həcmləri artacaq, həm də qiymətlərin ciddi ucuzlaşması gözlənilmir. Bu ilin birinci yarısında qaz ixracından gəlirlər daha çox artıb,bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir”.

Bənzər yazılar

Back to top button