Siyasət

Xankəndi üçün milli müqavimət hazırlanmalıdır

Vladimir Putinin Valday klubundakı çıxışı, onun nə qədər yaramaz, fitnəkar, alçaq biri olduğunu bir daha nümayiş etdirdi. Addımbaşı kişilikdən, mərdlikdən, sözübütövlükdən danışan və Qərb liderlərini ikiüzlülükdə, riyakarlıqda ittiham edən Putin özünün onlardan geri qalmadığını göstərdi. Putinin bu çıxışı Cövhər Dudayevin “ruslarla bağlanılan müqavilə su üzərinə yazılmış yazı kimidir” fikirini bir daha təsdiq etdi. 2020-ci ildə “Qarabağ münaqişəsi keçmişdə qaldı” deyən yaramaz, indi durub Qarabağ ermənilərinə statusdan dəm vurmağa başlayır. Onun çıxışında feilin şərt şəkli və keçmiş zamanda deyilənlər nə şərtdir, nə də keçmiş. Hamısı gələcəyə yönəlmiş təhdidlərdir. Açıq şəkildə deyir ki, ermənilərlə azərbaycanlıları Xankəndi kartından istifadə etməklə onillərlə burda bir-birlərinə qırdıracaq. Hətta sülh müqaviləsi imzalansa belə, Rusiya Xankəndindəki cəlladların əliylə münaqişənin başa çatmasına imkan verməyəcək.

Putinin çıxışındakı “Vaşinqton Azərbaycanın Qarabağ üzərindəki suverenliyini qəbul edir” fikri də Azərbaycandakı Qərb agenturasını, intellektual yaltaqlarını və malakeşlərini tələsik cuşa gətirməsin. Stalin də, ondan sonrakı SSRİ liderləri, hətta Qarbaçov da Qarabağ üzərində Azərbaycanın suverenliyini qəbul edirdilər. Rəmzi bir suverenlikdən söhbət gedirdi. Rusiyası da, Qərbi də bu gün Azərbaycandan onu istəyirlər. Vaşinqton Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyırsa, hansı haqla suveren dövlətin daxili işinə müdaxilə edib, bir etnik qrupa xüsusi status tələb edir? Moskva da, Vaşinqton da Xankəndi məsələsində eyni medalın iki üzüdürlər. Fərq ondadır ki, hərəsi Xankəndindən öz marağına uyğun istifadə etmək istəyir.

Bu çıxışıyla Putin bütün məsələlərə aydınlıq gətirdi. Bir daha məlum oldu ki, Rusiya da, Qərb də Qarabağ məsələsinin bitməsinə imkan vermək fikirində deyil. Azərbaycan öz başına çarə qılmalıdır. Xankəndinin azadlığı naminə Rusiya-Qərb tandeminə qarşı Türkiyə-Pakistan ittifaqı qurulmalı və Azərbaycanda milli müqavimət təşkil edilməlidir. Türkiyə-Azərbaycan-Pakistan ittifaqı Xankəndiyə status adı altında münaqişənin uzadılmasının qəbuledilməz olmasına dair birgə bəyanat verməlidirlər. Şuşa və Hadrutda Türkiyənin çoxminlik hərbi bazasının yerləşdiriləcəyinə dair informasiya dövriyəyə buraxılmalıdır. Əks halda III Qarabağ müharibəsi qaçılmaz olacaq və bu təhlükə realdır.

Xankəndi məsələsi Qərblə Rusiyanın anlaşacağı tək məsələdir. Paşinyanın tez-tələsik Putinə “mən sizin təkliflərinizi qəbul etməyə hazıram” deməsi də təhlükənin real və yaxında olduğuna dəlalət edir.

Elnur Sadıqov

Bənzər yazılar

Back to top button