İdman

“Qarabağ” “Frayburq”a qalib gəlməməlidir! – Çünki …

Hələ “Viktoriya” ilə qarşılaşmadan əvvəl yazmışdım ki, “Qarabağ”ın Çempionlar Liqasında yox, Avropa Liqasında mübarizə aparmasını istəyirəm. Fikrim birmənalı qəbul edilmədi ki, bu da təbiidir. İddia etmişdim ki, ÇL-də “Qarabağ”ın nəsibi ancaq məğlubiyyət olacaq, Avropa Liqasında isə nəticə qazanmaq olar. Buyurun: O, “Viktoriya”nın aqibəti, bu isə “Qarabağ”ın. UEFA az qala hər gün “Qarabağ”la bağlı paylaşım edirsə, Avropa Liqasının qrupunda parlaq qələbələrə şahidlik etdiksə…

İndi yenə də birmənalı qəbul edilməyəcək fikir deyirəm: “Qarabağ” qrup mərhələsinin son turunda “Frayburq”a qalib gəlməməlidir. Yenə də “niyə” deyirsiniz? Deyim də niyəsini. “Qarabağ” qrupda 2-ci pilləni tutsa, onu pley-offda, Mourinyo demişkən “akulalar” gözləyəcək. Mən isə “Qarabağ”ın “akula”ya yem olmasını istəmirəm. Amma hesab edirəm ki, “Qarabağ” qrupda 3-cü yeri tutub Konfrans Liqasınını pley-off mərhələsində oynasa, rəqibini mübarizədən kənarlaşdıra bilər. Hətta püşkdə bəxti gətirsə, lap 1/4 final mərhələsinə də adlayar “Qarabağ”. Beləcə, Novruz bayramı ərəfəsində də qoz-fındıq yeyə-yeyə ləzzət alarsınız “Qarabağ”ın oyunundan. “Qarabağ” Çempionlar Liqasında olsaydı, aqibəti “Viktoriya”nın aqibətindən fərqlənməyəcəkdi.

Amma Avropa Liqasının qrupunda ölkə üçün vacib reytinq xalları qazandırdı “köhlən atlar”. İndi Avropa Liqasının pley-off mərhələsində məğlub olmaqdansa, Konfrans Liqasında irəli getmək daha məqbul sayılmalıdır axı. “Qarabağ”, Qurban Qurbanov demişkən, daha da böyüməlidir. Böyümək üçün isə ən münasib yer oradır. “Qarabağ” qələbələr qazandıqca böyüyəcək, futbolçularında özünəinam hissi artacaq. Bu yerdə dahi Üzeyir Hacıbəyovun məşhur felyetonunu yadınıza salım. Üzeyir bəy bir əsr əvvəl üzünü sizə tutub, təxminən belə deyib:

“Əvvəlcə siçan düzəltməyi öyrənək, sonra fil düzəldərik”.

Hə, o siçanı “akulalar”ın arasında düzəltməyi öyrənə bilmərik. Onlar hər şeyi hop edib yeyirlər. Bax, deyirəm, “Qarabağ”ın “Nant”la oyunda son dəqiqədə buraxdığı qol, bəlkə də Allahın lütfüdür sizin üçün. Şahruddini də çox qınamayın. O adam “Viktoriya” ilə qarşılaşmada səhv etməsəydi, siz belə parlaq qələbələr görməyəcəkdiniz. Çünki “Qarabağ” ÇL-də bu qələbələri qazana bilməzdi. Şahruddin “Nant”la oyunda yenə də səhv etdi. Bəlkə Allah “Qarabağ”ın timsalında daha bir neçə parlaq qələbə bəxş etmək üçün bu yazığı “qurban” seçib? Gəlin bu dəfə mənimlə razılaşın, gedək siçan düzəltməyi öyrənək.

P.S. Amma daxilimdəki hiss deyir ki, “Qarabağ” Bakıda “Frayburq”a məğlub olsa da, qrupda 2-ci yeri tutacaq və “akulalar”la qarşılaşacaq. Çünki bu “Nant” səfərdə “Olimpiakos”a qalib gələ bilməyəcək. Təəssüf.

Natiq Muxtarlı, aut.az

Bənzər yazılar

Back to top button