İqtisadiyyat

Ekspert: “Aldanan turistlər yenidən həmin ölkəyə gəlməkdə maraqlı olmur” (RƏYLƏR)

Azərbaycanda turizm sahəsinin inkişafı qeyri-neft sektorunun inkişafında xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən dövlət turizmin genişləndirilməsinə xüsusi diqqət ayırır.

Lakin hava limanından ölkəyə ilk addımını atan turistlər ilk olaraq taksilərin “tələ”sinə düşürlər. Elə bununla bağlı olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) taksi tariflərinin tətbiqi üçün işlərə başlayıb. Belə ki, iqtisadi baxımdan əsaslandırılmış tariflərin ilin ilk rübü ərzində hesablanması və bununla bağlı işlərin ilk 6 ay ərzində tamamlanması nəzərdə tutulur.

Məsələ ilə bağlı “Report”a açıqlama verən turizm sahəsi üzrə ekspert Rəhman Quliyev bildirib ki, bəzən işbazlar bu fürsətdən istifadə edib, Azərbaycanın imicini aşağı salırlar:

“Taksi tariflərinin tətbiqi taksilərin turistlərdən yüksək gediş haqqı tələbinin qarşısını alacaq”

“Bu gün Azərbaycana turist axınını təmin etmək üçün ölkə rəhbərliyi tərəfindən bir sıra önəmli addımlar atılıb. Ölkənin tanıdılması və turistlərin cəlb olunması üçün Azərbaycan beynəlxalq tədbirlərə ev sahiblliyi edib və bir sıra tədbirlərdə iştirak edib. Bunların hər biri turizmin inkişafı və Azərbaycanın imicinin bütün dünyada yüksəldilməsinə hesablanmış addımlardır. Bəzən işbazlar bu fürsətdən istifadə edib, Azərbaycanın imicini aşağı salırlar”.

Ekspert bildirib ki, bəzən turistlər ölkəyə elə ilk addımını atandan onları aldatmağa çalışırlar: “Bir çox hallarda taksi sürücüləri xarici turistlərdən yerli qiymətlərdən dəfələrlə çox ödəniş tələb edirlər. Bu da turizmə xüsusi diqqətin ayrıldığı vaxtda əsas mənfi təsirlərdən birinə çevrilir. Aldanan turistlər yenidən həmin ölkəyə gəlməkdə maraqlı olmur. Ölkədə taksi tariflərinin tətbiqi taksilərin turistlərdən yüksək gediş haqqı tələbinin qarşısını alacaq. Avropada belə bir təcrübə var və bir sıra şəhərlərdə hava limanından şəhərin müxtəlif yerlərinə sabit gediş haqqı müəyyən olunub və hər bir taksi üzrə eynidir”.

Ekspert əlavə edib ki, taksimetrlərin quraşdırılması və vahid tariflərin müəyyən edilməsi aldatma hallarını da aradan qaldıracaq: “Bununla bərabər, qaydalara əməl etməyən və yüksək ödəniş tələb edən taksi sürücülərinin cərimələndirilməsi və inzibati tənbehetmə mexanizmlərinin qurulması da önəmlidir”.

İqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, taksi xidmətlərindəki pərakəndəlik və xaotik vəziyyət bu gün Azərbaycanın turizm industriyasının inkişafına çox ciddi təsir göstərir:

“Yeni turizm mövsümünün yaxınlaşmasına qədər Bakı Nəqliyyat Agentliyinin taksi tariflərinini tətbiq etməsi olduqca əhəmiyyətli olar”

“Həmçinin daxili istehlakçılar üçün də bu gün taksi xidmətlərindəki vəziyyət başadüşülən deyil. Eyni məsafələr üzrə müxtəlif taksi xidmətləri tərəfindən müxtəlif yanaşmalar və qiymət siyasəti tətbiq edilir. Baxmayaraq ki, dövlət turizm insfrastrukturuna kifayət qədər ciddi vəsaitlər yatırıb, xarici turistlər Azərbaycana gəldikdə, belə taksilərin yanlış addımları ilə üzləşirlər. Bunun nəticəsində də, onlar heç bir reallığa uyğun olmayan qiymətləri görürlər və sözsüz ki, ölkəmizin turizm infrastrukturu haqqında mənfi fikirlər formalaşır. Düşünürlər ki, Azərbaycana gəlib istirahət etməkdənsə, digər dövlətlərdə daha sərfəli qiymətlərlə keyfiyyətli istirahəti reallaşdırmaq olar”.

Ekspertin sözlərinə görə, yeni turizm mövsümünün yaxınlaşmasına qədər Bakı Nəqliyyat Agentliyinin taksi tariflərini tətbiq etməsi, olduqca əhəmiyyətli olar:

“Azərbaycan ilə maraqlanan və ölkəmiz haqqında məlumat toplayan turistlər bilməlidirlər ki, bu gün taksi xidmətlərinin tarifləri dövlət tərəfindən tənzimlənir və həmin qiymətlər çox yüksək deyil. Həmçinin onlarda elə bir fikir formalaşmamalıdır ki, onlar özləri ilə gətirdikləri vəsaitlərin 30%-i yalnız hava limanından şəhərə, şəhərdən hava limanına olan taksi xidmətlərinə xərcləyəcəklər”.

Bənzər yazılar

Back to top button