Siyasət

Azərbaycanlı deputat AŞPA-da Paşinyanı tənqid etdi:“Sülh danışıqlarını pozur“

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova qurumun payız sessiyası çərçivəsində “Terror qurbanlarının müdafiəsi və dəstəklənməsi” mövzusunda məruzənin müzakirələri zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktları ilə bağlı çıxış edib.

S.Qafarova bildirib ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir.

S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan XX əsrin əvvəllərindən qonşu Ermənistanın terror hücumlarına məruz qalıb: “Hələ ötən əsrin əvvəllərində – 1905-1907 və 1918-1920-ci illərdə ermənilər azərbaycanlılara qarşı kütləvi terror aktları həyata keçiriblər. Həmin hadisələrdə erməni terrorçuları qocaları, qadınları və uşaqları xüsusi amansızlıqla qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Azərbaycan yenidən erməni terrorunun əsas hədəfinə çevrilib. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə nəticələnib”.

Deputat əlavə edib ki, BMT, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı bir sıra qətnamələr qəbul edib: “Həmin sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ancaq Ermənistan bu qətnamələrə məhəl qoymayıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunması istiqamətində heç bir iş görməyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın öz ölkəsində, habelə Azərbaycanın işğal olunmuş torpaqlarında populist çıxışı, “Qarabağ Ermənistanın bir hissəsidir” kimi absurd sözləri və BMT-də son çıxışı aydın şəkildə göstərir ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir”.

Sahibə Qafarova qeyd edib ki, belə çıxışlar yalnız terror qurbanlarının sayını artıracaq, azaltmayacaqdır: “Bir daha vurğulayıram ki, Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb və olmayacaq. Bu, Azərbaycanın tarixi ərazisidir və ərazisi olaraq da qalacaq. Erməni terroru qurbanlarının Azərbaycandakı problemlərinin davamlı həllinə yalnız erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması ilə nail olmaq mümkündür”.

Trend

Bənzər yazılar

Back to top button