DünyaManşet

Yeni qapı axtarışı sürətlənərkən Hacı Əbdülü yad etmək

Seçkinin tarixi yaxınlaşdıqca(dövlət başçısının Qanun Hökmündə Qərarı ilə ləğv edilməsə) 20 illik iqtidar partiyasının leqal olan hər yoldan və metoddan istifadə edəcəyini dəfələrlə yazdıq,bu çərçivədə terror təşkilatına bərabər tutduğu kürd təmayüllü partiya ilə əməkdaşlıqdan qaçınmayacağına işarə etdik.

Təxminən 1.5 ay əvvəl AKP Mərkəzi Qərar və İdarə Şurasının(qurultaydan sonrakı ən yüksək idarə orqanı) bir üzvüylə görüşəndə dalağlm sancmışdı: bu şəxs Cənubi-Şərq bölgələrinin qubernatorlarıyla hər dəqiqə əlaqədə idi,həyata keçirməyə hazırlaşdığı layihəyə kifayət qədər pul ayrılmışdı,özündən başqa heç bir siyasətçinin layihədə yer almasını istəmirdi.

Söhbət edərkən “2012-ci ildə başlayan “açılım prosesi” davam etsəydi, indi Öcalan da bayırda idi” – deyincə Cənub-Şərq bölgələrində AKP-nin izləyəcəyi seçki siyasəti barədə təsəvvür əldə etmişdim: iş terror təşkilatının ömür boyu həbsə məhkum edilmiş başçısının seçki ərəfəsində heç olmasa,ev həbsinə buraxılmasına qədər vara bilərdi.

Bu cəhd 2019-cu ilin iyununda İstanbul bələdiyyə başqanlığına təkrar seçki keçirilməzdən bir neçə gün əvvəl edilmiş və terror təşkilatının Şimali İraqda yaşayan qardaşı TV-dən kürdləri AKP-nin namizədi Binali Yıldırıma səs verməyə çağırmışdı.İndi nədən olmasın?

Çoxluq Tayyip Erdoğanən bu addımı Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçelinin kəskin etirazını nəzərə alaraq atmayacağını və ata bilməyəcəyini iddia etsə də mən cənab Erdoğanın bu addımı heç nədən çəkinmədən atacğına adım kimi əminəm.

AKP nümayəndələriylə kürd təmayüllü HDP-nin nümaəndələri arasındakı gizli görüşün fotosunun ortaya çıxmasından sonra partiyanın Mərkəzi Qərar və İcra Şurası üzvü Orhan Miroğlunun (1.5 ay əvvəl Miroğlu ilə görüşmüşdüm) paylaşdığı tvitter mesajı bunu açıq şəkildə ortaya qoydu. Keçmiş Mardin millət vəkili Orhan Miroğlunun “Cümhuriyyətin 100-cü ilinə girərkən yeni dialoqlara səbəb yaratmaq daha yaxşıdır. Təki HDP önünə çıxan bu fürsətlərin üstündən bu dəfə adlayıb keçməsin” tvitini birbaşa dövlət başçısı Tayyip Erdoğanın təlqini və izni olmadan göndərdiyinə inananlar çox sadəlövh deyilmi?

HDP-nin keçmiş həmsədri Selahattin Demirtaşın 6 ildir ki, Edirne həbsxanasında saxlanmasına baxmayaraq, AKP və dövlət başçısı Erdoğan kürd mənşəli seçiciləri və Cənubi-Şərq bölgələrini heç vaxt tənlikdən kənara çıxarmadı.

Milliyyətçi Hərəkat Partiyası lideri Devlet Bahçelinin məhz kürd separatizminin əl-qol aça bilməməsi üçün 6 ildən bəri Erdoğanı qeydsiz-şərtsiz dəstəkləməsinə və ölkənin idarəçilik sistemini birgə dəyişdirmələrinə baxmayaraq, yarım əsrlik siyasət həyatının seçici dəstəyinə ən çox ehtiyac hiss etidiyi dönəmdə Erdoğanın Bahçeliyi siyasi tənlikdən kənara çıxarması əsla təəccüblü olmayacaq. Bunun səbəbini bilmək üçün münəccim olmağa gərək yoxdur: Türkiyədəki mövcud dövləti birbaşa hörmətli Erdoğan qurub, onu özünün dövləti hesab edir. Ona görə öz dövlətinin başçısı kimi müxalifətə uduzma ehtimalı cənab Erdoğana əsla rahatlıq vermir. Bu narahatlığı aradan qaldırmağın yeganə yolu seçicilərin dəstəyini gücləndirməkdir.

Mövcud tabloda Erdoğanın liderlik karizması AKP-nin reytinqini müəyyən qədər yüksəltsə də MHP və Bahçeli bunu edə bilmir. Ona görə yubanmadan dəstək üçün yeni qapıları döymək lazımdır. Hələ ki 6 müxalif partiyanın yaratdığı masanı aşırda bilməyən cənab Erdoğanın döyə biləcəyi yeganə qapı kürd təmayüllü HDP-nin qapısıdır.

Qapı döymə ritualı terror təşkilatı liderinin ev həbsinə buraxılmasına qədər apara bilərmi? Şəxsi fikrim kimi “Apara bilər”- deməyə əsla tərəddüd etmir və ən gec gələn ilin yanvarına qədər bu istiqamətdə konkret addımlar gözləyirəm.

Xarici siyasətin bütün parametləri isə Rusiya istiqamətində kodlandı. Bəli, səhv anlamadınız, cənab Erdoğanın iqtidarı seçki yoluyla təhvil vermə “təhlükəsini” aradan qaldırmaq üçün Vladimir Putin heç bir dəstəyi əsirgəmədiyi kimi bunu bəzən əvvəlcədən yazıb səhnəyə qoyduqları pyeslər vasitəsiylə də həyata keçirirlər.

Örnək istəyirsinizsə, buyurun: “taxıl dəhlizi” məsələsində Rusiya problem yaradıb sazişdən çəkildi, ertəsi gün isə Türkiyə dövlət başçısı Rusiyalı həmkarıyla telefonda danışaraq sazişi yenidən qüvvəyə mindirdi. Siyasətin daxili bazarında istədiyiniz kimi istifadə etməkdə də sərbəstsiniz.

Siyasət hər kəsin işi olsaydı, Hacı Əbdül boş yerə

“Siyasətin meydanında dulam mən” – deyərdimi?

Məncə də deməzdi…

Mayis Əlizadə

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button