Hadisə

“Diglas”ın sahibi ilə Kəmaləddin Heydərovun bacanağı arasında narazılıq

Azərbaycanın sığorta bazarında əsas oyunçulardan olan “Azsığorta” ASC məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Rəhimov Araz Nüsrət oğlu adlı vətəndaşdır. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Dekabrın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Araşdırmalarımız zamanı məlum olub ki, Araz Rəhimov “Diglas 2” MMC-nin qanuni təmsilçisidir. O, həm də “Diglas” Ticarət Mərkəzinin direktor müavinidir.

2019-cu ilin martında “Diglas” Ticarət Mərkəzində yanğın baş verib. Ehtimal olunur ki, “Azsığorta” ilə sığorta müqaviləsi olan “Diglas” sığorta pulunu ala bilmir. Bu baxımdan da Araz Rəhimov məhkəməyə üz tutmalı olub.

Araşdırmalarımız zamanı o da aydın olub ki, ayrıca “Diglas 2” MMC də “Azsığrota” ASC-ni məhkəməyə verib. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi sığorta müqaviləsi üzrə mübahisələrdir.

“Azsığorta” ASC 2006-ci ildə qeydiyyata alınıb. ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur. O, həm də ASC-nin İdarə Heyətinin sədridir.

Mediada gedən və təkzib olunmayana məlumatlara görə, “Azsığorta” ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. O, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Bu baxımdan, “Azsığorta” ASC Kəmaləddin Heydərovun biznes imperiyasının subyekti hesab edilir.

Mərkəzi Bankın qərarı ilə 15 sentyabr 2022-ci ildən “Azsığorta” ASC-nin fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi məhdudlaşdırılıb. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Azsığorta” ASC-yə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVİSMS) növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə “Azsığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 15 sentyabr 2022-ci il tarixindən məhdudlaşdırılıb”, Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

Bənzər yazılar

Back to top button