GündəmManşetSiyasət

Paşinyandan Azərbaycana “soyqırımı” ittihamı

“2020-ci ilin 9 noyabr atəşkəs bəyanatında sülhməramlıların beş illiyə, müddətin avtomatik uzadılması ilə yerləşdirilməsi nəzərdə tutulur. Təkrar edirəm, müddətin avtomatik uzadılması ilə”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 10-da hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bu, Rusiya sülhməramlılarının Qarabağda müddətsiz yerləşdirilməsi deməkdir – regiondakı ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri həll olunana qədər.

“Üçtərəfli bəyanatların kobud şəkildə pozulması”

Paşinyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərini təkcə təhdid etmir, həm də onların soyqırımına hazırlaşır.

“Bu niyyət Rusiya sülhməramlılarının qalma müddəti haqda bəyanatlarda əks olunur ki, bu da minimum üç üçtərəfli bəyanatın kobud şəkildə pozulması deməkdir. 2021-ci il noyabrın 26-da və 2022-ci il oktyabrın 31-də Əliyev özü sülhməramlıların sabitlik və təhlükəsizliyin təminatında vacib rol oynadığını etiraf edib. Əliyev daha öncə hətta regionda sabitlik və təhlükəsizliyin gələcək təminatında sülhməramlıların gərəkdiyini qeyd edib”, – Paşinyan deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatı əsasında Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Prezident Əliyev Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşları olduğunu, onların məsələsinin heç bir beynəlxalq mərkəzlə müzakirə olunmayacağını dəfələrlə vurğulayıb.

Prezident Əliyev noyabrın 8-də Şuşada çıxışında Ermənistanı öhdəliklərinə əməl etməməkdə, silahlı qüvvələrini Qarabağdan çıxarmamaqda ittiham edib.

Paşinyan isə deyir ki, Əliyev bu bəhanəylə Laçın dəhlizini və Qarabağdakı ermənilərin ətrafını qapatmaq, onların soyqırımını, qovulmasını gerçəkləşdirmək istəyir.

Prezident Əliyev həmin çıxışında Zəngəzur dəhlizinin Ermənistanın öhdəliyi olduğunu bildirib, Laçın dəhlizi ilə “Zəngəzur dəhlizi” arasında müqayisə aparıb. “Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – Prezident vurğulayıb.

“Bəyanat belə paralelə imkan vermir”

Paşinyanın sözlərinə görə, Azərbaycan uzun müddətdir Laçın dəhliziylə regionda kommunikasiya xətlərinin açılması arasında paralel aparmaqla manipulyasiya edir.

“9 noyabr bəyanatı belə paralel aparmağa əsas vermir”, – Paşinyan vurğulayıb.

Sözügedən və daha sonra imzalanmış üçtərəfli bəyanatlarda regionda kommunikasiya xətlərinin açılması nəzərdə tutulub.

Oktyabrın 31-də Əliyevlə Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putinin iştirakıyla görüşüblər. Paşinyan Soçi görüşündən sonra deyib ki, sülhməramlıların müddətinin uzadılması təklifi rədd olunub. Ancaq ona da eyham vurub ki, Rusiya hərbi kontingentinin müddətinin uzadılmasına etiraz mexanizmi ləğv oluna bilər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.(Azadliq radiosu)

Bənzər yazılar

Back to top button