Cəmiyyət

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 100-dən çox ərizə üzrə qərarları elan edib

Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 100-dən çox ərizəni əhatə edən 4 iş üzrə qərarları elan edib.

Onlar pis rəftar, mülkiyyət, birləşmə hüquqlarının pozulması, ədalətli məhkəmə çəkişməsilə bağlı şikayətlərin səmərəsiz araşdırılmasına aiddir.

“Ələsgər Ələsgərov və digərləri Azərbaycana qarşı” işi üzrə qərar öz əmlaklarının – evlərinin, mənzillərinin, torpaq sahələrinin, qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsindən şikayət edən 82 ərizəçinin müraciəti əsasında çıxarılıb. Bu faktlar Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.

Ərizəçilər onlara ödənilən kompensasiyanı ədalətsiz hesab ediblər.

Bəzilərinə dəymiş ziyan, ümumiyyətlə, ödənilməyib.

Kommunikasiya zamanı ərizəçilərin nümayəndəsi deyib ki, onlardan yalnız 22-i məhkəmə çəkişmələrini davam etdirmək niyyətindədir, buna görə də 60 nəfərin şikayəti baxılan işlərin siyahısından çıxarılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 ərizəçinin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib. Azərbaycan hökumətinə üç ay müddətində ərizəçilərə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə yazılı bildiriş təqdim etmək təklif olunub. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləğini özü müəyyən edəcək.

“İsmail Baqvanov və digərləri Azərbaycana qarşı” işində “Qış parkı” adlanan ərazinin tikintisi üçün evlərin sökülməsi zamanı əmlakın özgəninkiləşdirilməsilə bağlı 14 ərizəçinin şikayəti birləşdirilib.

Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib.

Əvvəlki qərarda olduğu kimi, Azərbaycan hökumətinə üç ay müddətində ərizəçilərə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə yazılı bildiriş təqdim etmək təklif edilib. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiya təyin etmək hüququnu özündə saxlayır.

“Elman Ağayev Azərbaycana qarşı” işində ərizəçi, “Nardaran işi” üzrə fiqurant Elman Ağayev 2015-ci ildə həbs olunduqdan sonra pis rəftara məruz qalmasından şikayətlənib.

Onun yerli prokurorluğa və məhkəməyə şikayətləri effektiv şəkildə araşdırılmayıb.

O, məhkəmədən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (işgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş edib. Kommunikasiya zamanı tərəflər – ərizəçi və hökumət arasında barış sazişi bağlanıb və onun şərtlərinə görə, hakimiyyət Ağayevə 8 min avro ödəyəcək.

“Leonid Moroz və digərləri Azərbaycana qarşı” işində ərizəçilər “Yehovanın Şahidləri” dini icmasının təsisçiləri Leonid Moroz və Kiril Stepanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu qurumu qeydiyyata almaqdan imtina etməsindən şikayətləniblər. Onlar dini etiqad azadlığı, birləşmək və effektiv hüquqi müdafiə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər.

Bu işdə də tərəflər “barış anlaşması” əldə ediblər və hakimiyyət ərizəçilərə 5500 avro kompensasiya ödəməyə razılaşıb. (Turan)

Bənzər yazılar

Back to top button