Siyasət

Qubad İbadoğlunun partiyası Rusiya və Ermənistan qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edir

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli bəyanatı imzalamasının ikinci ildönümü ilə bağlı cümə axşamı Azərbaycan Demokratiya və Rifah Partiyasının təşəbbüsü ilə müzakirələr keçirilib.

Müzakirələr “İtkilər/qazanclar və gələcəyə baxış” leytmotivi çərçivəsində və Demokratiya və Rifah Partiyasının təqdim etdiyi 8 bəndlik qiymətləndirmə sənədi əsasında aparılıb.

Əsas məruzə ilə çıxış edən siyasi şərhçi Azər Qasımlı bildirib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatda Azərbaycanın maraqlarına zidd olan bir sıra çatışmazlıqlar var. Məsələn, Konstitusiyaya və müdafiə doktrinasına zidd olan sülhməramlı qüvvələr sayılan xarici qoşunların mövcudluğudur.

Qiymətləndirmə sənədində deyilir ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 12 və 14-cü maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinin tələblərinə zidd olaraq, Rusiya ordusu Azərbaycanın təxminən 475 kvadrat kilometr ərazisinə nəzarət edir.

Bununla əlaqədar partiya hökuməti müəyyən olunmuş qrafikə uyğun olaraq “sülhməramlı” qüvvələrin çıxarılması ilə bağlı Rusiya ilə danışıqlara başlamağa, həmçinin noyabrın 30-dək Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını tələb etməyə çağırıb.

Sonra bu sənəddə yerli əhalinin hüquq və təhlükəsizliyinin möhkəmləndirilməsilə Qarabağın Azərbaycana inteqrasiyası proqramının hazırlanması təklif edilir. Həmçinin məcburi köçkünlərin mərhələli şəkildə və konkret müddət çərçivəsində Qarabağa qaytarılması planının qəbul edilməsi, ilkin mərhələdə sərhədyanı rayonların və Şuşa şəhərinin məskunlaşdırılmasının həyata keçirilməsi təklif olunur.

Sənəddə aşağıdakılar təklif olunur:

-Qarabağda bərpa və yenidənqurma işlərini dövlət sifarişi üzrə, açıq və rəqabət tenderləri yolu ilə həyata keçirmək;

-Xankəndi şəhərini və digər əraziləri Azərbaycanın inzibati və fiskal (büdcə) subyekti kimi təsdiq etmək;

-Ermənistana daxil olarkən və çıxarkən Laçın dəhlizində Azərbaycanın sərhəd-buraxılış və gömrük- nəzarət məntəqələri vasitəsilə əraziyə gələn şəxslərin pasport nəzarətini, gömrük prosedurlarına uyğun olaraq daşınan yüklərə nəzarəti təmin etmək;

-Zəngəzur vasitəsilə Naxçıvanla əlaqəni təmin edən nəqliyyat-kommunikasiya xəttini bərpa etmək.

Demokratiya və Rifah Partiyası qeyd edir ki, “Rusiya hərbi kontingentinin fəaliyyətində əsas məqsəd “sülhyaratma” yox, Qarabağda daha uzun müddət qalmaq üçün şərait yaratmaq və regiondakı münaqişələr və ziddiyyətlərin stimullaşdırılması şəraitində Rusiyanın regiona uzunmüddətli nəzarətini saxlamaq olub”.

Sonda partiya Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar, bir-birinin ərazi bütövlüyünün ölkələr tərəfindən tanınması yolu ilə sülh müqaviləsinin imzalanmasının hazırlanması üçün real prosesin başlanmasına çağırıb.

Müzakirələr zamanı ekspert cameəsinin və siyasi partiyaların nümayəndələrinin fikirləri dinlənilib.

Azərbaycan Demokratiya və Rifah Partiyası 21 fevral 2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb və 2021-ci il oktyabrın 17-də təsis qurultayında elan edilib.

Partiyanın şüarları hüquqi dövlət, liberal iqtisadiyyat, azad və təminatlı həyatdır.

Bənzər yazılar

Back to top button