AnalitikaBizim seçimİqtisadiyyat

Laissez Faire – Finance 4.0: elektron tədiyə maliyyə dünyasının yeni fazası ola bilərmi?!

İstehlak xərclərinin dəyişməsi, qlobal sərmayənin azalması və ABŞ-Çin arasında ticarət müharibəsində gərginliyin artması kimi amillərə görə dünya iqtisadiyyatı yavaşlamağa hazırlaşır.

Tarixən beynəlxalq siyasətdə, texnologiyada və pul siyasətində baş verən müxtəlif dəyişikliklər dünya iqtisadiyyatının trayektoriyasına təsir göstərmişdir.

İnsanların mal və xidmətlərin mübadiləsi üsulu zamanla dəyişmşdir. Eramızdan əvvəlki dövrlərdə barter əsas iqtisadi fəaliyyət idisə, zaman keçdikcə sivilizasiyalar ticarət üçün istifadə olunan pul vahidi kimi sikkələri və kağız pulları inkişaf etdirdilər. XX əsrə sürətlə yönləndirilən kredit kartları istehlakçıların alış-veriş etməyi və məhsul-xidmətlərə daha çox tələbat yaratmasını daha da asanlaşdırdı. Bundan əlavə, 21-ci əsrdə kriptovalyutanın yüksəlişi həm də sərhədlər boyu puldan istifadə üsulumuzda inqilab etmiş oldu ki, beləliklə rəqəmsal maliyyənin gələcək həyatımızda daha böyük rol oynamasına zəmin yaranmış oldu.

Son 10 ildə texnoloji sahədə təcil qazanan innovativ həllər nəticəsində “Finance 4.0” -yaşadığımız dövr bizi demək olar hər gün təəccübləndirməyə davam edir. Müşahidə edə bildiyimiz 5000 illik dünya iqtisadi tarixində dünya ÜDM-i ilk dəfə 1780-1800-cü illərdə sürətlənməyə başlamışdır ki, bu da istehsal xətlərində sənaye inqilabı kimi tanınan hadisə ilə üst-üstə düşmüşdür. Son 200 illik tarixdə isə sənaye inqilabının təsirləri və sənayenin başçılığı ilə davam edən istehsal anlayışı qlobal pul sisteminin ABŞ dolları üzərində təşəkkül tapması və maliyyə bazarlarının bir-birinə inteqrasiya etməsinin gətirdiyi üstünlüklərlə ÜDM-in daha sürətlə böyüməsinə təkan vermişdir.

Xüsusilə 2008-2013-cü illər arasında dünya iqtisadi və maliyyə sistemini dərindən sarsıdan ABŞ Kredit Böhranı və Aİ Bank Böhranının yaratdığı kombinasiya nəticəsində dünya maliyyəsi və onun məhsulları əhəmiyyətli dərəcədə zədələnmişdir. Bazarlarda mövcud olan risk iştahından əlavə, texnologiyanın maliyyə dünyasına inteqrasiyası da prosesə öz töhfəsini verməkdə idi. Durumu ələ almaq üçünsə başda da ABŞ FED olmaqla G-7 ölkələrinin Mərkəzi Bankları tərəfindən yürüdülən xəfif monetar siyasətlə həyata keçirdikləri balans genişləndirmə də maliyyə dünyasındakı estetik dəyişikliyə xeyli təsir etmişdir.

31 oktyabr 2008-ci ildə Satoshi Nakamoto təxəllüsündən istifadə edən və əsl şəxsiyyəti hələ açıqlanmayan şəxsin ixtiraçısı olduğu dünyanın ilk və ən tanınmış kriptovalyutası olan bitcoin (BTC) bütün düyaya açıq elan olundu. BTC bir növ Laissez-Fair iqtisadiyyatın sırf kompüterləşdirilmiş təzahürü kimi xarakterizə oluna bilər.

Böyük Mərkəzi Bankların balansları və Bitcoin.

İstehlakçı mantrasına da uyğun olan kripto dünyası həm də son 10 ildə beynəlxalq səviyyədə yürüdülən “kəmiyyət yumuşaldılması” (yumşaq pul siyasəti) ilə də üst-üstə düşürdü: məhz 2008-ci il böhranından sonra təkcə ABŞ MB-ı FED-in balansının son 10 ildə 10 dəfədən çox (900 milyard dollardan 9 trilyon dollaradək) artması ilə paralel kripto bazarın kapitalizasiya həcmi də bir neçə milyard dollardan 3 trilyon dollara qədər artmışdı.

Bəs kriptolar gələcək nəsil ödəniş vasitələri ola bilərmi?

Bir xronologiyaya diqqət yetirməkdə fayda var:

1812-ci il – İkinci İstiqlal müharibəsi kimi tanınan bu hadisə (ABŞ-ın Britaniya və İspaniyadan asılılığının azaldılması uğrunda) ABŞ-da xərcləri maliyyələşdirmək üçün “məhdud dərəcədə” pul kimi fəaliyyət göstərən ilk xəzinədarlıq notlarının buraxılması ilə də yadda qalmışdı. Oxşar təcrübə Meksika-Amerika və Vətəndaş müharibələrində də müşahidə olunmuşdu.

1913-cü il – Birinci dünya müharibəsi ərəfəsində ABŞ-ın Federal Ehtiyat Sistemi (vahid Mərkəzi Bank) təsis edildi və FED-ə məxsus notlar emissiya olunmağa başladı.

1944-cü il – İkinci Dünya Müharibəsinin sonuna az qalmış maliyyə sistemini qızıl standartına əsaslandıran Bretton Woods sazişi imzalandı: dollar qızılı, digər valyutalar da dolları izləməyə başladı.

1971-ci il – Vyetnam müharibəsi ərəfəsində qızıl standartının ləğvi ilə valyuta dünyasının sərbəst məzənnəyə keçidi baş tutdu.

Hazırda Ukraynada son yarım əsrin ən qanlı savaşı davam edir və bu yaxınlarda Rusiya Mərkəzi Bankı daxili maliyyə sistemini, neft və qaz ticarəti, vergi ödəmələri, həmçinin sanksiyalardan yayınmaq üçün kriptovalyutaların maliyyə sisteminə inteqrasiyasını nəzərdə tutan hesabat yayımladı. Hansı ki müharibəyə qədər kriptovalyutaların qadağan edilməsi üçün fəallıq göstərən ölkələrin başında məhz Rusiya gəlirdi.

Elekton valyuta dünyasına keçid baxımdan bir növ pilot rol oynayan kriptolar bir dövr hətta fırıldaqçılıq və işsizliyi artırdığına görə də müzakirə mövzusuna çevrilmişdi.

Dünya iqtisadiyyatının tarix boyu inkişafına artan qarşılıqlı əlaqələr də olduqca ciddi töhfə vermişdir. Kolumbun Yeni Dünya ilə əlaqəsindən sonra merkantilizmin yüksəlişi və Hollandiya Ost-Hind Şirkətinin yaradılması Avropa xalqlarının öz iqtisadiyyatlarını bir-birləri ilə, eləcə də dünyanın müstəmləkə olunmuş hissələri ilə bağlı baxışlarına təsir edib. Bu baxımdan son illər dünyanın iki böyük qütbü – qərb (ABŞ, Britaniya və Avropa) və şərq (Rusiya-Çin bloku) arasında yaranan kəskin ziddiyyət də maliyyə dünyasının yeni fazaya qədəm qoymasını bir qədər ləngidə bilər.

Pünhan Musayev, iqtisadçı

Bənzər yazılar

Back to top button