GündəmHadisə

“Əvəz Zeynallıdan bu qədər qorxur, ehtiyat edirlər”

Televiziya rəhbərinin şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsində “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının ailə üzvlərilə telefon və görüş qadağasıyla bağlı şikayətinə baxılıb.

Əvəz Zeynallının bu qadağa ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinə qarşı şikayətinə Binəqdi Rayon Məhkəməsində baxılmış, şikayət təmin olunmamışdı. Həmin qərardan apelyasiya şikayəti verilib.

Noyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində bu məsələyə hakim Ramin Qaraqurbanlının sədrliyilə baxılıb. Bu instansiya da şikayəti təmin etməyib.

Məhkəmədə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi də iştirak edib. Prokurorluq təmsilçisi görüş və telefon zəngi qadağasını Əvəz Zeynallının işi üzrə istintaqın davam etməsi və istintaq sirrinin yayılma ehtimalı ilə izah edib.

Lakin Əvəz Zeynallı da, onun vəkilləri də bu arqumentlə razılaşmayıb və onun hüquqlarının pozulduğunu vurğulayıb.

“Xural TV” rəhbərinin işi üzrə istintaqı aparan müstəntiq Teymur Qarayevin dediklərinə Əvəz Zeynallı belə cavab verib:

“Vəzifənizə uşaq oyuncağı kimi baxmayın. Sifarişlə, göstərişlə vəzifə icra edəndə sələflərinin başına gələnləri yada sal. Tez-gec sən də bir gün burada – mənim yerimdə oturacaqsan”.

Həyat yoldaşı Məlahət Zeynalova deyir ki, məhkəmə təyin edildiyi vaxtdan 1 saat 20 dəqiqə gec başladığına görə Əvəz Zeynallı o müddətdə DTX-dan dustaqların gətirildiyi maşında saxlanılıb.

“Halbuki Bakı Apelyasiya Məhkəməsinin bundan ötrü gözləmə otaqları var. Görünür, gözləmə otağında saxlanılan digər şəxslərlə birbaşa əlaqədə olmasını istəmirlər. Buna görə Əvəz Zeynallını maşında saxlayıblar o müddətdə. Yəni bu qədər qorxur, bu qədər ehtiyat edirlər”, – Məlahət Zeynalova bildirib.

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilib.

Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır.

“Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir.

“Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub.

O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir.

Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.(Meydan TV)

Bənzər yazılar

Back to top button