GündəmManşetSiyasət

Paşinyan: Ermənistan hələ 2007-ci ildə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb

Beynəlxalq birlik, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır, respublikanın baş naziri Nikol Paşinyan bildirib.

“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb .2007-ci ildə tanıyıb. Bunu nə qədər söyləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, ya yox?Bəlkə bütün problemlərimiz ondan irəli gəlir ki, biz bunu görmürük”, – noyabrın 11-də Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.

Jurnalistin “Bakının bildirdiyinə görə, Ermənistan 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edərək Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır” iradına Paşinyan belə cavab verib: “Alma-Ata bəyannaməsi bizim qanunvericiliyin bir hissəsidir. 1992-ci ilin fevralında Ermənistan Ali Sovetində ratifikasiya edilib. Əgər mən desəm ki, Alma-Ata bəyannaməsini qəbul etmirəm, belə çıxır ki, Ermənistanın qanunvericiliyini tanımıram”.

“1990-cı ildə Ermənistan müstəqillik bəyannaməsi qəbul edib, orada “Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli qərarına istinad var. 1991-ci ildə Ermənistan müstəqilliklə bağlı referendum keçirib, Dağlıq Qarabağ da referendum keçirməklə müstəqilliyini elan edib. Sonra 2007-ci ildə Ermənistan danışıqların əsası kimi (Qarabağ nizamlanması üzrə – İF) sənəd qəbul edib, sənəddə Dağlıq Qarabağın statusu gələcək referendumla dəqiqləşdirilməlidir.

Bəs 1991-ci ildə Dağlıq Qarabağda referendumla nə baş verdi?Belə çıxır ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyilə bağlı 1991-ci il referendumunun ləğvinə razılıq verib.Yeri gəlmişkən, bu barədə 2007-ci ildə ABŞ-da Serj Sarkisyan (Ermənistanın keçmiş prezidenti – İF) bəyan edib, o qeyd edib ki, biz Dağlıq Qarabağda yeni referendumun keçirilməsinə razılıq verməklə böyük güzəştə getmişik”, – Paşinyan bildirib.

O izah edib ki, 2020-ci ildə “Artsax (Dağlıq Qarabağın erməni dilində adı – İF) Ermənistandır və nöqtə” “bəyanatı ilə çıxış edib”, “çünki Ermənistanın müstəqilliyi haqda bəyanata əsaslanıb. Orada Ermənistan və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqda yazılıb. “Sonra məlum oldu ki, bu, heç kimə lazım deyildi. Bu bəyanata görə məni günahlandırdılar. Belə çıxır ki, müstəqilliyimiz haqqında bəyannamə qəbul olunandan sonra biz özümüz onun əleyhinə işləmişik”, – Paşinyan deyib.

Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan ölkə yoxdur və “illüziyalara qapılmaq lazım deyil”.

“Bu vəziyyətdə əgər biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, biz bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq və apara bilmərik. Öz etdiklərimizlə qarşı-qarşıya durmalıyıq. Nəticədə problemi necə həll edəcəyimizlə bağlı aydın, həyata keçirilə bilən proqrama malik olmalıyıq. Nə qədər ağrılı və çətin olsa da, biz bu reallıqla üzləşməliyik”, – Paşinyan vurğulayıb.(Turan)

Bənzər yazılar

Back to top button