AnalitikaBizim seçimİqtisadiyyatManşet

Azərbaycanın bahalanma problemi – qiymətlər niyə artır? Vəziyyətdən çıxış yolu varmı?

Post-pandemiya dövrünün inflyasiya trendi

Rəsmi statistikaya görə, bu ilin oktyabr ayında istehlak səbəti qiymətləri əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 15.6%, həmçinin əhalinin gündəlik təlabatında mühim mövqeyə malik qida məhsulları 21.7% bahalanmışdır. Sadə formada bu o deməkdir ki, ötən ilin oktyabr ayında orta ölçülü istehlak səbətinə, məsələn 100 AZN məsrəf çəkən orta statsitik istehlakçı bu ilin oktyabr ayında həmin səbət üçün 115.6 AZN pul xərcləmək məcburiyyətində olub. Təbii ki, xüsusi əhəmiyyətli qida məhsulları üzrə bu dəyişmə daha yüksəkdir.

Son 20 ay ərzində istehlak qiymətləri indeksi təxminən 12, qida məhsulları üzrə qiymət indeksi isə 17 bənd artmışdır.

Mənbə: Dövlət Statistika Komitəsi (Stat.gov.az) / İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında.

Rəsmi inflyasiya real vəziyyəti əks etdirirmi?

Həm pandemiyanın davam etdiyini, həm də soyuq mövsümini nəzərə alsaq əhalinin ən çox istehlak etdiyi mallar qismində dərman məhsullarını qeyd edə bilərik. Müşahidələrimizlə yanaşı, DSK-nin rəsmi məlumatlarına görə, bu ilin yanvar-sentyabr aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlakçıların pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf etdiyi nominal məbləğ 19.7% artaraq 138.2 milyon manat qeydə alınıb. Rəsmi statistikanın açıqladığı digər məlumata görə isə cari ilin 9 ayında ötən ilin yanvar-sentyabr aylarına nisbətən emal sektorunda əczaçılıq məhsullarının istehsalı 38.1% artımla 10.6 milyon manata bərabər olmuşdur. Artan tələbin təklifi üstələdiyi bir vəziyyətdə dərman preparatlarının qiymətinlərinin də bahalanmasına baxmayaraq, rəsmi statistika ötən ilə nisbətən dərman qiymətlərinin dəyişmədiyini göstərir. Dərman pereparatlarındakı sıfır inflyasiyanın səbəbi isə, statistikanın dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərini əhatə etməsidir (Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə Tarif Şurasının 31 avqust 2022-ci il tarixli Qərarına əsasən).

Yəni, təkcə bu məqam rəsmi inflyasiyanın real inflyasiyadan fərqləndiyinə dair əsaslı iddia hesab oluna bilər. Belə hallarda isə ayrı-ayrı ölkələrdə alternativ inflyasiyanın ölçülməsi istiqamətində müxtəlif işlər görülür. Çox uzağa getmədən, Türkiyədə rəsmi statistik orqandan əlavə, ENAG-ı nümunə kimi də göstərə bilərik.

Mövcud mexanizmlər inflyasiya ilə mübarizədə nə qədər uğurludur?

İlin əvvəlində isə illik inflyasiyanın çox qısa vaxtda ikirəqəmli səviyyəyə qədəm qoyması hökümətin də narahatlıqlarına səbəb olmuşdu. Belə ki, ferval ayında Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında ana mövzu məhz dünya bazarlarında məhsul qiymətlərində müşahidə olunan kəskin bahalanmaların daxili bazara neqativ təsir göstərməsi olmuş, həmçinin antiinflyasiya tədbirlərinin gücləndirilməsi məqsədilə makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunmuşdu.

Hökumətin reaksiyasından əlavə, Mərkəzi Bankın ictiamiyyətə bəyan etdiyi pul siyasəti nəşrlərində (icmal və bəyanatlar) qiymət sabitliyinin əsas lövbəri qismində profisitli tədiyə balansı, valyuta bazarında sabitlik, məzənnə sabitliyi ilə nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən qərarların təsiri altında formalaşan monetar şərait qeyd edilir.

Nəzərə alanda ki, Azərbaycan iqtisadiyyatı həm inkişaf etməkdə olan bazar, həm də xammal-resurs əsaslıdır, deməli tədiyə balansının başlıca komponenti kimi cari əməliyyat balansı çıxış edir. Belə ki, bu ilin ilk 6 ayında tədiyə balansında 4.6 milyard dollarlıq profisiti məhz cari hesabda yaranan 10.3 milyard dollarlıq müsbət saldo ilə maliyyə hesabının 5.3 milyard dollarlıq kəsiri arasındakı fərq və balanslaşdırıcı maddələr üzrə yaranan mənfi 0.4 milyard dollarlıq həcm formalaşdırmışdır.

Ölkəyə valyuta girişində əsas rola malik olan cari hesabının isə ən vacib elementi ölkənin ixrac və idxal əməliyyatlarını ehtiva edən xarici ticarət balansıdır. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına görə, ilin yanvar-sentyabr ayları üzrə ölkə idxalı ötən ilin eyni dövrünə nəzərən 23.4% artaraq 10.3 milyard dollar qeydə alınmışdır. İllik müqayisədə idxal bahalanmaları daha çox istehlak səbətinin əsas komponenti olan bəzi ərzaq məhsulları üzrə qeydə alınmışdır.

Cədvəl. Bəzi məhsulların idxal çəkiləri və sərf olunan vəsait (2021/2022, yanvar-sentyabr).

Mənbə: Dövlət Gömrük Komitəsinin Xarici Ticarətinin Gömrük Statistikası.

Cədvəldən də göründüyü kimi, bəzi məhsulların idxal olunan həcmi dəyişmədiyi və ya, azaldığı halda, onların idxal dəyərində artım qeydə alınmışdır.

Yerigəlmişkən, DSK-nin rəsmi məlumatlarına əsasən, respublikamızın adıçəkilən məhsullarla özünü təmin etmə səviyyyəsi aşağıdakı kimidir:

Cədvəl. Respublikanın bəzi məhsullarla özünü təminetmə səviyyəsi, faizlə.

Mənbə: Dövlət Statistika Komitəsi (Stat.gov.az) / Azərbaycanın ərzaq balansları.

Qiymət sabitliyi baxımından, ikinci əsas məqam isə məcmu tələbə təsir etmək üçün alət arsenalında yer alan məzənnə kanalıdır. Hansı ki, uzun müddətdir tətbiq olunan dollar/manat sabit kursu üzərindən biz buna dair fikirlərə dəfələrlə rast gəlirik. Belə ki, ABŞ dollarının mərkəzi paritet olduğu bir rejimdə Azərbaycan manatı da digər valyutalara qarşı dollar dəyər qazandıqca bahalnmış olur. Bununla belə, milli valyutanın əmtəə və xidmətlər qarşısında itirdiyi dəyər onu qiymət sabitliyi baxımından effektsiz edir. Çünki manatla birgə məhz ABŞ dolları da inflyasiyaya uduzmaqdadır. Effektiv reaksiya onda olardı ki, dolların bahalandığı dövrdə ölkə idxalı avro kimi digər dönərli valyuta ilə həyata keçirilsin. Məsələn, son bir il ərzində 100 ABŞ dolları avro qarşısında 20% dəyər qazanmışdır ki, bu da məntiqlə Azərbaycan manatının da eyni səviyyədə dəyərlənməsi deməkdir. Yəni, ötən il 100 avro dəyərə malik məhsul dəstini 198 manata idxal edirdiksə, bu gün bu rəqəm 165 manata bərabərdir.
Rəsmi gömrük statistikasına görə, bu ilin müvafiq dövründə ölkə idxalı üçün sərf olunan cəmi məbləğin 87%-ə qədəri sərbəst dönərli valyutalarla həyata keçirilmişdir. İdxalın valyuta təsnifatı üzrə xüsusi bir sıralama mövcud olmadığından, alternativ variant kimi idxalın coğrafi strukturuna diqqət etmiş oluruq.

Mənbə: Dövlət Gömrük Komitəsinin Xarici Ticarətinin Gömrük Statistikası.

Beləliklə, idxal coğrafiyası üzrə təsnifat bizə onu deməyə əsas verir ki, Avropa ittifaqının mövcud çəkisi hesablaşmalarda avrodan az nisbətdə istifadə olunduğunu, qalan hissənin dollarda olduğunu söyləməyə əsas verir.
Lakin, bir məqamı da unutmaq olmaz ki, avro fors-major hallar xaricində olduqca dəyərli valyutadır. Ölkə idxalımızın avro ilə baş tutacağı halda isə bu, qeyri-böhran şəraitində xərclərin daha çox artmasına səbəb olacaqdır.

Həmçinin, ölkəyə idxalın 90%-dən çox hissəsi qeyri-stasionar (dəniz, dəmiryolu, avtomobil və hava nəqliyyatı) vasitələrlə tədarük edildiyindən enerji qiymətlərindəki bahalanmalar beləliklə daşınma xərclərini və nəticədə məhsulun öz qiymətini bahalaşdırır. Digər tərəfdən, coğrafi baxımdan idxalın yarıya qədər üç regiondan – Çin, Avropa və Türkiyədən həyata keçirilir ki, onların da enerji idxalatçısı olduğunu nəzərə aldıqda, neft və qazın qiymətlərinin bahalanması nəzəri cəhətdən bizim də idxalımızın bahalanmasına səbəb olur.

Daxili mühit

Onu da qeyd etməliyik ki, lap əlverişili olacağı təqdirdə də istər tədiyə balansı, istərsə də məzənnənin formalaşdırdığı şərait iqtisadiyyat üçün uzunmüddətli və dərin təsirlər yaratmır, vəziyyəti dövrü olaraq əldə saxlamağa xidmət edir. Çünki nə məzənnə, nə də digər indikatorlar təkbaşına problemi həll etmir, onların ardınca real işlər görülməlidir. Onlar vasitəsilə tənzimləmə sadəcə qanaxmanın dayandırılmasına bənzəyir: xəstənin problemi həll olunmur, yalnız qan itkisindən ölməsinin qarşısı alınır. Əsl problemin nə olduğunu müəyyən etmək və onu müalicə etmək üçün lazımi tədbirlər görmək vacibdir. Əsas olanlar struktur islahatlarıdır. Əlavə tədbirlərsə ilkin ölçüləri əvəz edə bilməz.

Çünki bu gün Azərbaycan iqtisadiyyatının yarıdan (50%) çoxunu neft-qaz sektoru təşkil edir. Rəsmi gömrük statistikasına əsasən, bu ilin 9 ayı (yanvar-sentyabr) ərzində Azərbaycan xaricə ixrac etdiyi təxminən 16.5 milyard kubmetr təbii qazdan 12.1 milyard dollar gəlir əldə etmişdir. Bu o deməkdir ki, xaricə ixrac edilən 1000 kubmetr qazın statistik dəyəri 731 dollardan çox olmuşdur. Müqayisə üçün qeyd edim ki, ixrac olunan hər min kubmetr təbii qazın statistik dəyəri ötən ilin 9 ayında 197.7 dollar, bütöv il ərzində isə 276.1 dollara bərabər olmuşdur.
Həmçinin, 1 ton xam neftin ixrac dəyəri illik müqayisədə 458.7 dollardan 763.4 dollara qədər dəyişmişdir.
Bu statistikaların ardınca məhsullar üzrə maya dəyərini qeyd etdikdə ortaya maraqlı mənzərə çıxır.

İlk öncə onu qeyd edim ki, 2022-ci ilin yekununa 2 aydan da az vaxt qalmasına rəğmən, Dövlət Neft Şirkəti (SOCAR) ötən il üzrə illik hesabatını açıqlamayıb. 2020-ci ilin hesabatında isə, 1 ton xam neftin istehsal maya dəyərinin 118.85 manat, min kubmetr təbii qazın istehsal maya dəyərinin isə 61.27 manat olduğu qeyd olunub. Kobud hesablama ilə, aradan keçən müddət ərzində, lap maya dəyərinin məhsulların ixrac dəyərləri qədər (xam neft üzrə 2 dəfəyədək, təbii qaz üzrə 3 dəfə) artdığını nəzərdə tutusaq, yenə də sektorun əlavə dəyərinin səviyyəsinin kifayət qədər yüksək olduğunu görə bilərik.

Yəni, məsələn, X ölkəsi ortastatistik geyim üçün 10 manat sərf edib 20 manata satdığı halda, Azərbaycan – hələ kobud hesablama metodu əsasında – hər vahidinə 200 manat sərf etdiyi məhsulu xaricə 5-6 dəfə daha yüksək məbləğə satır.

Bu qədər əlavə dəyəri həzm etmək üçünsə ilk növbədə geniş profilli iqtisadiyyat təbii ki başlıca şərtdir. Müqayisə üçün bir statistikanı da qeyd edim ki, cari ilin yanvar-sentyabr aylarında ölkəyə neft-qaz ixracı ilə 46 milyard manatdan çox vəsait daxil olduğu halda, qeyri-neft iqtsadiyyatında 44 milyard manata qədər əlavə dəyər yaranmışdır.
Bundan başqa, 2021-ci ilin icra göstəricilərinə əsasən, dövlət büdcəsi gəlirlərində qeyri-neft daxilolmalarının payı 48.7% olub. Bu isə o deməkdir ki, neft-qaz sektoru ilə iqtisadiyyata daxil olan vəsaitin bir hissəsi yığılırsa, bir hissəsi isə dövlət büdcəsi kanalı ilə dövriyyəyə cəlb olunur. Beləliklə, bu ilin 9 ayının statistikasına görə, manatla geniş pul kütləsi (M2) 20%-dək artaraq 27.7 manata çatmışdır. Bu dövrdə pulun dövretmə sürətinin 2% azaldığını və iqtisadi artımın pul təklifi artımından az artdığını nəzərə alaraq, son 100 ildə monetar siyasətdə istifadə edilən Fişer mütənasibliyinə (MV=PQ) əsasən, pul kütləsi qiymət artımına səbəb olmuşdur.

Çıxış yolu varmı?

İlk növbədə ölkədə struktur islahatların intensivlik və arealı artırılmalı, yerli qeyri-neft istehsalı və regional inkişafa dəstək vermək, iqtisadiyyatın qeyri-neft bölməsi və regionalarında verimliliyi artırmaq xarici və daxili ticarətdə inhisarlaşma, kölgə fəaliyyət kimi meyillərlə mübarizəni gücləndirilmək, kənd təsərrüfatı məhsullarının şəhərlərə fasiləsiz çıxışını təmin etmək, dünya təcrübəsində geniş yayılmış əmtəə birjasının tətbiqinə dair əməli addımlar atmaq qiymət sabitliyi və əlverişli qiymət mühitinin formalaşması üçün uğurlu başlanğıc kimi qiymətləndirilə bilər.

Pünhan Musayev, iqtisadçı

Bənzər yazılar

Back to top button