CəmiyyətManşet

Azərbaycanlılar layiq olduqlarından qat-qat səviyyəli adamlar tərəfindən idarə olunur

Təmkinli olmağın mənfi və müsbət tərəfləri haqqında bədii-fəlsəfi esse

İlkin yeniyetməlik dövrümdən xalqa çatmalı olan pullar haqqında söhbətlər eşitməkdəyəm. Səksəninci illərin lap sonlarında, doxsanıncı illərin lap əvvəllərində söhbət yayılmışdı ki, müstəqil olandan sonra dövlət hər yeni doğulan uşağa iyirmi min dollar (bəziləri iyirmi beş min dollar deyirdi) verəcək. Uşaq doğulanda adına bankda hesab açılacaq. Uşaq doğum evini tərk edənə qədər məbləğ onun hesabına köçürüləcək. On səkkiz yaşı tamam olanda pul uşağa veriləcək. Arzuya bax, sevgilim!

Dolların üzünü görməyən, dolların nə rəngdə olduğunu bilməyən adamları meydanlara çıxıb “Azadlıq”, “Müstəqillik”, “Bərabərlik” kimi şüarlar qışqırmağa vadar edən, onları müstəqil olmağa həvəsləndirən, hərəkətə gətirən ən əsas, ən ümdə səbəb, bəlkə də, elə bu iyirmi min dollar sevdası idi. İndi bu gündən baxanda bu cür arzular qəribə, hətta absurd görünür. Amma o vaxtlar bu cür arzular göylərdə pərvaz edirdi. Adamlar reallıq hissini itirmişdi. İddialarla potensial heç üst-üstə düşmürdü. Millət gözündə çəhrayı eynəklə səmada buluddan-buluda qonurdu. Həqiqətən, müxtəlif təbəqələrə, müxtəlif yaş qruplarına mənsub yüzlərlə, minlərlə adamlar ciddi-ciddi deyirdi ki, biz müstəqil olandan sonra sərhədlərimizdəki məftilləri qızıldan düzəldə bilərik. Deyirdilər ki, nefti qoyaq bir kənara, təkcə dünyaya biyan satmaqla bunu etmək mümkündür. Sonralar baş verən və hər kəsə məlum hadisələr nəticəsində millət xəyallar dünyasından ağır reallığa qayıtdı. Təpəsi üstə göydən yerə düşdü. Çəhrayı eynəklər də çilik-çilik oldu.

Xalqa çatmalı olan pullar haqqında söhbət növbəti dəfə özəlləşdirmə çekləri paylananda dövriyyəyə buraxıldı. Amma bu dəfə söhbətin ömrü çox qısa oldu. Çünki adamların çoxu artıq gələcəyə ümidlərini itirmiş, yaxşı hadisələrin baş verəcəyini gözləmirdilər. Cəbhə-Müsavat hakimiyyətinin biabırçı, rüsvayçı süqutu, Elçibəyin Kələkiyə qaçışı, kütləvi işsizlik, qeyri-müəyyən gələcək, müharibədə ağır məğlubiyyət ölkə miqyasında depressiya yaratmışdı. Başqa cür ifadə etsək, bir növ adamların başı artıq daşdan-daşa dəymişdi.

Adamlar xalqa çatmalı olan pullar haqqında söhbətlərə geniş mənada inanmırdılar. Bütün bunlara baxmayaraq, yenə də kimlərsə şayiə buraxırdı ki, metronun “Nizami” stansiyasının yaxınlığında çekləri min beş yüz dollara alırlar. Belə şayiələr şəhərdə çox tez yayılırdı. Çeklərini min beş yüz dollara satmaq istəyən adamlar dəstə-dəstə “Nizami” stansiyasına gedirdi. Gedib orda min beş yüz dollara çek alan adamı cidd-cəhdlə axtarırdılar. Stansiyanın yaxınlığındakı mağazalara girib satıcılardan soruşurdular: “Deyirlər burda çekləri min beş yüz dollara alan adam var. Haradadı o adam?” Satıcılar gülürdü. Çeklərini min beş yüz dollara satmaq istəyən adamlar görürdülər ki, burda heç kim min beş yüz dollara çek almaq fikrində deyil. Adamlar kor-peşman, əlləri ətəklərindən uzun halda geri qayıdırdılar.

Sonra yenə də kimlərsə şayiə yayırdılar ki, metronun “Xalqlar dostluğu” stansiyasının yanında özəlləşdirmə çeklərini min dollara alan adam var. Özəlləşdirmə çeklərini min dollara satmaq istəyən adamlar bu dəfə dəstə-dəstə üz tuturdular “Xalqlar dostluğu” stansiyasına və əlbəttə, yenə də kor-peşman, əlləri ətəklərindən uzun halda geri qayıdırdılar. Beləliklə, özəlləşdirmə çekləri təzə paylananda kimlərsə camaatla bu tərzdə bolluca məzələndi. Nəhayət, çeklərini min beş yüz, min dollara satmaq istəyən adamlar da dəfələrlə məzə, gülüş hədəfinə çevrildikdən sonra acı reallığı qəbul etməyə məcbur oldular. Başa düşdülər ki, çeklərini min beş yüz, min dollara satmaq istəklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Başa düşdülər ki, nəinki onların çekləri, hətta özləri də heç kimə lazım deyil…

Sonrakı illərdə müxtəlif seçkilər zamanı müxalifət liderləri seçki prosesində xalqa çatmalı olan pullar haqqında danışsalar da, bu mövzu cəmiyyətdə ciddi reaksiya yaratmırdı. Seçkilərdə ağır məğlubiyyətlərdən sonra xalqa çatmalı olan pullar haqqında olan-qalan söz-söhbətlər də kəsilirdi.

İndi yenə də söhbət yayılıb ki, bəs hakimiyyət dəyişəndən sonra xaricə daşınan pullar ölkəyə gətiriləcək və ədalətli qaydada xalqa paylanacaq.

Məni bir sual maraqlandırır:

Görəsən, Azərbaycan xalqı axı nə edib ki, ona hələ bir pul da paylanmalıdır?

Azərbaycanlılara layiq olduqlarından qat-qat artıq pul paylanıb. Maaş alırlar, pensiya alırlar, bulvarda, parklarda asudə gəzməklərinə icazə verilir… Bəsləridir. Onlar maaş, pensiya almağı, bulvarda, parklarda asudə gəzməyi bir lütf kimi qiymətləndirməlidir.

Üstəlik, azərbaycanlılar layiq olduqlarından qat-qat səviyyəli adamlar tərəfindən idarə olunurlar.

Xahiş olunur, heç kim deməsin ki, hakimiyyətin qırmızı xətti yoxdur. Hakimiyyətin qırmızı xətti çoxdur. Məsələn, birdən yığarlar camaatı “Azadlıq” meydanına və camaatın üzünə ən ağır söyüşlər söyərlər. Nə olacaq? Heç nə, böyük pərtlik yaranacaq. Azərbaycanlılar onları belə pərt etmədiklərinə görə hakimiyyətə daima öz təşəkkürlərini, minnətdarlıqlarını bildirməlidir.

Hərçənd təxminən buna bənzər bir hadisə yaxın keçmişdə olub. Hacıbala Abutalıbov “Azərbaycanda bir dənə kişi var…!” bəyanatı vermişdi. Hacıbala müəllim bu bəyanatı haradasa küncdə-bucaqda, iş otağında, restoran kabinetində verməmişdi. Mikrofonların qabağında vermişdi. Bəs camaat nə etdi? Heç nə. Özlərini elə apardılar ki, guya heç nə eşitməyiblər. Guya Hacıbala Abutalıbov qeyri-ciddi adamdır, ona baş qoşmaq, onun sözlərinə fikir vermək lazım deyil. Əslində isə, hər şeyi öz adıyla çağırsaq – kamali-ədəblə verdik boynumuzun dalına. Hə, onu da qətiyyən unutmaq lazım deyil ki, orta əsr şairləri də əsərlərində öz həqiqətlərini ya dəlilərin, ya da təlxəklərin diliylə yazırdılar.

Açığı, Hacıbala Abutalıbovun “Ölkədə bir dənə kişi var…! ” bəyanatından sonra kimlərinsə qısqanclıq, namus zəminində , söyüş zad üstündə adam öldürməsi, baş kəsib, qan tökməsi gülməli, mənasız, yersiz, riyakarlıq kimi görünür.

***

Uzun illər əvvəl məşhur bir müğənninin (rəhmətə gedib, adın çəkmək yaxşı çıxmır) rus mətbuatında dərc olunan müsahibəsi Azərbaycanda geniş müzakirələrə səbəb olmuşdu. Müğənni müsahibəsində təxminən belə demişdi:

“Mən xoşagəlməz mənzərələrlə qarşılaşmamaq üçün evə getməmişdən əvvəl, hər ehtimala qarşı, arvadıma zəng vurub, evə gələcəyimi deyirəm”.

Müğənninin bu sözləri zarafatla, yoxsa ciddi dediyi bilinmirdi. Adamlar iki hissəyə bölünmüşdü. Bəzi adamlar müğənninin zarafat etdiyini deyirdi, bəziləri isə müğənninin sözlərində ciddi olduğunu iddia edirdi. Xülasə, bu mövzu ətrafında geniş, qızğın müzakirələr gedirdi.

O vaxtlar gənc idim. Müğənninin sözlərini başa düşməkdə, qəbul etməkdə bir az çətinlik çəkirdim. İllər keçdi, həyat təcrübəsi artdı, həm də həyata, hadisələrə baxışlarım oxuduqlarım sayəsində dəyişdi. Bəzi lazımsız, yersiz mövzuların, hadisələrin, söhbətlərin fövqündə dayanmağa cəhdlər etməyi öyrəndim. Başa düşdüm ki, zarafatla, ya da ciddi deməyinin o qədər də əhəmiyyəti yoxdur, əslində, məşhur müğənni müsahibəsində xeyli müdrik fikirlər söyləyib. Doğrudan da, axı evə qəfil gedib xoşagəlməz mənzərələrlə qarşılaşmağın, durduğun yerdə dilemma qarşısında qalmağın, ağrımayan başına buz bağlamağın, qan tökməyin, həbsdə çürüməyin nə mənası var? Nəyə lazımdır bütün bu həngamələr? Ən yaxşısı xoşagəlməz mənzərələri yerli-dibli görməməkdir. Çexov deyirdi: “Yaxşı tərbiyə sousu süfrəyə tökməmək deyil, yaxşı tərbiyə odur ki, kimsə sousu süfrəyə tökəndə bunu görmürsən”.

Əgər səndən asılı olmayan səbəblərə görə, məsələn, sırf təsadüfən sənin üçün xoşagəlməz mənzərələrlə qarşılaşmısansa, onda maksimum təmkinli olmalısan. Vəziyyətlə barışmaq sənin üçün çətindirsə, sakitcə, qansız-qadasız, sivil qaydada ayrılmalısan. Vəssalam.

Əlbəttə, insanların həyat fəlsəfələri, hadisələrə baxışı müxtəlifdir. Hamını öz arşınınla ölçə bilməzsən. Heç kimə belə bir ixtiyar, səlahiyyət verilməyib. Sadəcə bu yazıda onu demək istəyirdim ki, ictimai-siyasi müstəvidə təmkinli olmaq cəmiyyətdə gözlə görünən və gözlə görünməyən böyük faciələrin baş verməsinə münbit şərait yaradır. Məişət müstəvisində təmkinli olmaq isə çox vaxt fayda verir.

Xülaseyi-kəlam, nümunəvi vətəndaş olmaq klassik mənada kişi olmaqdan qat-qat vacib, qat-qat lazımlıdır. Nümunəvi vətəndaş olmaq klassik mənada kişi olmaqdan qat-qat çətindir.

Nümunəvi vətəndaş olmaq üçün insan intellektual məsafə qət etməlidir, qəzet, jurnal, kitab oxumalıdır, ciddi filmlərə baxmalıdır, teatrlara, muzeylərə getməlidir, ən azı, ən ölən yeri Motsartı, Vaqneri, Edvard Munku tanımalıdır, siyasiləşməlidir, siyasi proseslərdə bu və ya digər formalarda iştirak etməlidir. Klassik mənada kişi olmaq ilk baxışdan çətin görünsə də, əslində, daha əlçatandır.

Hər adam klassik mənada kişi ola bilər. Klassik mənada kişi olmaq üçün kitab oxumağa, Motsartı, Vaqneri, Edvard Munku tanımağa, intellektual məsafə qət etməyə ehtiyac yoxdur. Klassik mənada kişi olmaq üçün üstündə bir bıçaq gəzdirmək kifayət edir. Ona görə də inkişaf etməmiş, siyasiləşməmiş, mədəniyyətdən, təhsildən, elmdən uzaq, qəbilə təfəkkürünün, ibtidai qaydaların hökm sürdüyü vəhşi cəmiyyətlərdə məişət müstəvisində qeyrətli olmaq, ictimai-siyasi müstəvidə qeyrətli olmaqdan daha çox qiymətləndirilir.

Seymur Baycan

Mənbə: azlogos.eu

Bənzər yazılar

Back to top button