AnalitikaManşetSiyasət

Qəribə müharibə: Fransa və İran İsrail müttəfiqinə qarşı

Ukraynada müharibə bütün dünyaya dağıdıcı təsir göstərdi, müxtəlif ölkələr arasında çox qəribə və qarışıq əlaqələri və ittifaqları üzə çıxardı. Onlardan ən sonuncusu Qafqazda Azərbaycana və İsrailə qarşı öz qüvvələrini birləşdirən Fransa, İran və Rusiya arasındakı qəribə ünsiyyətdir.

1991-ci ildə SSRİ-nin süqutu nəticəsində bu dağlıq bölgə olduqca qeyri-sabit vəziyyətə düşdü. Aralarında böyük “mübahisəli” torpaq sahəsi, məlum Qarabağ bölgəsi olan Ermənistan və Azərbaycan 30 ildir ki, hərbi mübarizə aparırlar. Onlar BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazi uğrunda şiddətli döyüşlərə girdilər və 2020-ci ildə bu döyüşlər Bakının Qarabağın böyük hissəsinə nəzarəti bərpa etməsilə az-çox başa çatdı. Azərbaycan əsas enerji resursları təchizatçısı olduğundan və təsdiqlənməmiş mənbələrə görə, onun cənub qonşusu İranla bağlı geniş kəşfiyyat məlumatları olduğundan, İsrail Azərbaycanın tərəfini tutaraq ona müasir silahlar göndərdi.

2022-ci ilin yayından Ermənistanla Azərbaycan arasında sərhəd mübahisələri yenidən başladı və ağır silahların tətbiqilə yenidən silahlı münaqişəyə çevrildi. Ermənistan üçün əsas silah təchizatçıları Rusiya və İrandır. Rusiya adəti üzrə Ermənistana öz təsirini saxlamaq istəyir, digər keçmiş sovet respublikaları kimi onu da özünün votçinası hesab edir. Rusiya həmçinin Azərbaycanı Avropaya qaz və neft tədarükü məsələsində ciddi rəqib kimi görür. Bundan əlavə, Azərbaycan Rusiya ərazisindən tamamilə yan keçməklə Şərqdən Aİ-yə əsas alternativ ticarət marşrutudur.

İran Ermənistana Aİ-yə gedən yeganə ticarət yolu kimi baxır, Azərbaycanın İsraillə müttəfiqliyini real təhlükə olaraq görür. Bunu strateji yüksəklikləri ələ keçirmək, Araz çayı üzərində ponton körpülər tikmək və Azərbaycan qoşunlarını Qarabağ ərazisindən sıxışdırmaq məqsədilə Azərbaycan ərazisinə hərbi müdaxiləni imitasiya edən İslam İnqilabı Keşikçiləri Korpusunun – ABŞ-da xarici terror təşkilatı hesab olunur) İranın şimal-qərb bölgəsində keçirdiyi son hərbi təlimlər də təsdiqləyib. Təlimin səbəblərini izah edən İİKK rəhbərliyi açıq şəkildə bəyan edib ki, İsrail Azərbaycandan Şimali İranda hazırkı etirazların qızışdırılması üçün kəşfiyyat bazası kimi istifadə edir.

İran üzrə erməni ekspert Vardan Voskanyanın sözlərinə görə, İİKK-nin təlimləri antiazərbaycan xarakteri daşıyır və İranın hədəfləri izləmək və məhv etmək üçün nəzərdə tutulmuş pilotsuz sistemlər- Şahed 136-nın imkanlarına əsaslanır. Bu yaxınlarda Rusiya hərbçilərinə göndərilib və Ukraynanın bütün ərazisində dinc mülki mərkəzlərdə terror, insan tələfatı, infrastrukturun dağıdılması üçün geniş istifadə olunur.

Fransa: Noyabrın 15-də Fransa Senatında “Ermənistana qarşı cinayətlərə və əsassız təcavüzə” görə Azərbaycanın əleyhinə sanksiyaların tətbiqilə bağlı səsvermə planlaşdırılır. Bu sanksiyalara Azərbaycandan neft və qaza embarqo da daxildir. Erməni lobbisinin təzyiqi altında bu sanksiyaların tətbiqinə səs vermiş Fransanın yuxarı nümayəndələr palatasının üzvləri ümid edirlər ki, Aİ-nin qalan hissəsini də Azərbaycan neft və qazının ixracını boykot etməyə məcbur edəcəklər. Onlar həmçinin Ermənistana ağır silahlar göndərmək istəyirlər.

Bu sanksiyalar və silah tədarükü kimə sərfəlidir?

Ən çox Rusiyaya, çünki artıq deyildiyi kimi, Azərbaycan Avropada energetika sahəsində onun əsas rəqibidir.

İran, çünki o, İsrailin müttəfiqinin zəifləməsindən və Ermənistana müasir fransız silahlarının verilməsindən böyük fayda görəcək. Tərs mühəndisliyi geniş tətbiq edən İran silah istehsalçıları Yaxın Şərqdə sabitliyin pozulması üçün bəzi terror təşkilatlarına ixrac edilən öz istehsalatlarını modernləşdirmək və təkmilləşdirmək üçün fransız silahlarından istifadə edə biləcəklər. İsrailli tanınmış ekspert Ron Ben İşay artıq xəbərdarlıq edib ki, yuxarıda qeyd olunan İran hərbi sursatlarının modernləşdirilməsi və təkmilləşdirilməsi onların Rusiya tərəfindən Ukraynada istifadəsi sayəsində hazırda İranın müharibəni qızışdırmasına qarşı olan bütün güclər üçün daha böyük təhlükəyə çevriləcək. İsraili nəzərdə tutulur.

Niyə fransızlar İran və Rusiya ilə səyləri birləşdirirlər? Ermənilərin əhəmiyyətli dərəcədə cəmləşməsi səbəbindən Ermənistanın Avropada, əsasən də Fransada mühüm təsirə malik güclü lobbisi var. Fransadakı ermənilərin niyə Rusiyapərəst və İranpərəst qərarlara israr etdiklərini düşünmək olar. Bəlkə ruslar bu birliyə təsir edirlər?

Qonşu Almaniyada xüsusi xidmət digər Rusiyapərəst təsirçiləri ortadan qaldırır. Hətta kibertəhlükəsizlik departamentinin rəhbəri Rusiya ilə ehtimal olunan əlaqələr barədə məlumatdan sonra işdən çıxarılıb. Fransaya da belə proses lazımdırmı?

Amma fransız siyasətçilərin və Parisdəki erməni lobbisinin motivləri nə olursa olsun, onların hərəkətləri İsrailə, digər Qərb dövlətlərinə, hətta Fars körfəzinin neftlə zəngin ölkələrinə birbaşa təhlükə yaradır.

Onlar yəhudi dövlətilə Avraam sazişi imzalayıblar və Tehran tərəfindən düşmən kimi qəbul edilirlər. İran silahları “Ənsar Allah” kimi tanınan qrup tərəfindən Yəməndə Səudiyyə hədəflərinə qarşı istifadə edilib və İran da görür ki, ondan ekstremist qruplar tərəfindən BƏƏ-yə qarşı istifadə ediləcək.

Bir qrup azərbaycanlı fəal Fransa Senatına petisiya dərc edərək “sanksiyalar və embarqo” ilə bağlı absurda son qoymağa, ermənilərə və azərbaycanlılara öz fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə imkan verməyə çağırıblar. Çünki danışıqlar artıq gedir və mühüm irəliləyiş əldə olunub.

Görünür, istənilən sağlam düşüncəli insan – azərbaycanlı, israilli və ya avropalı – sülhə şans vermək üçün bu petisiyanı imzalamalıdır.(Turan)

Bənzər yazılar

Back to top button