AnalitikaDünya

Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır

Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə marağı artıb. Dövlət katibinin köməkçisi Donald Lunun noyabrın 11-də Türkmənistana, Özbəkistana və Qazaxıstana səfəri bu maraqdan irəli gəlir. Donald Lu deyib ki, Rusiyaya qarşı sanksiyaların Türkmənistana təsir etməməsi üçün Vaşinqton Aşqabada kömək edəcək.

Vaşinqtonun kömək vədinin yerinə yetirilməsi Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətlidir. Çünki Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sərt sanksiyalarının Mərkəzi Asiya ölkələrinə də mənfi təsirlər var. Qazaxıstan bu təsirləri minimuma endirməyə çalışır. Misal üçün Rusiyanın Qazaxıstandakı “Sberbank” və “Alfabank”ı yerli sahibkarlara satıldı. Vaşinqton bu sövdələşməni təqdir edib. Vaşinqton hesab edir ki, Türkmənistan zərərlə üzləşməyəcək. Önəmli olan Türkmənistanın Rusiya ilə bank əməliyyatlarını minimuma endirməkdir. ABŞ Türkmənistana Rusiyadan bank asılılığını azaltmaq 7 milyon dollar ayırıb.

Donald Lu mətbuat konfransında deyib ki, Vaşinqtonun məqsədi Mərkəzi Asiya ölkələrini Rusiya ilə münasibətlrdən tamamən qoparmaq deyil: “Rusiyanın bölgə ölkələri ilə ənənəvi əlaqələri mövcuddur. Buna baxmayaraq, bölgə ölkələri Rusiyadan asılı olmamalıdırlar”.

Donald Lunun Mərkəzi Asiya ölkələrinə səfəri verdiyi açıqlamalar Moskva ilə yanaşı Pekini də narahat edir. Çünki Rusiya ilə yanaşı Mərkəzi Asiya ölkələrinə ən çox yatırım qoyan ölkə Çindir. Pekin Mərkəzi Asiya ölkələri ilə əlaqələri xarici siyasətinin əsas istiqamətlərindən biri sayır. Pekin şübhələnir ki, Vaşinqton Mərkəzi Asiya ölkələrinin Çindən asılılığını azaltmaq istəyir. Ancaq bu Vaşinqtonun imkanı xaricindədir. Çünki Çinin Mərkəzi Asiya ölkələrindən milyardlarla dollar yatırımı ilə yanaşı icra etdiyi ortaq layihələri də var. Mərkəzi Asiya ölkələri bu layihələrdən imtina etməyəcəklər. Ancaq Mərkəzi Asiya ölkələrinin iqtisadi zəmində Çindən artan asılılığı Rusiyadan olan asılılıqdan daha təhlükəlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button