Siyasət

Müsavat Partiyası prezident seçkilərində iştirakdan imtina edib

Dekabrın 15-də Müsavat Partiyasının İdarə Heyəti ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib və növbədənkənar prezident seçkilərində iştirakdan imtina etmək qərarına gəlib.

Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, əvvəlcə Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi məsələsinə baxılıb.

Yaqubluya qarşı cinayət təqibi cəmiyyətdə qorxu yaratmaq üçün Müsavat Partiyasına və ümumilikdə, müxalifətə qarşı təzyiq kimi qiymətləndirilib. Partiya Yaqublunun azad edilməsini tələb edib.

İclas iştirakçıları son vaxtlar 10-a yaxın jurnalistin, o cümlədən Turan agentliyinin əməkdaşı Hafiz Babalının həbsini pisləyiblər.

Müsavat Partiyası hesab edir ki, bu həbslər söz və media azadlığına təzyiqin davamıdır.

Partiya həbs olunan bütün jurnalistlərin və siyasi məhbusların azaldığa buraxılmasını tələb edib.

Növbədənkənar prezident seçkilərinə gəlincə, qeyd olunub ki, bundan əvvəl Müsavat hakimiyyəti seçkilərdən öncə demokratik şərait yaratmağa, bütün siyasi məhbusları azad etməyə, toplaşma və ifadə azadlığını təmin etməyə, bütün siyasi qüvvələrin seçki komissiyalarında təmsil olunmasını təmin etməyə çağırıb. Lakin bu çağırışlar diqqətdən kənarda qalıb.

Əksinə, növbədənkənar prezident seçkilərinin təyin olunmasından sonra repressiyalar artıb.

“Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Bu, hakimiyyətin seçkiləri formal prosedura çevirmək istəyindən xəbər verir”, – partiyanın məlumatında deyilir.

Müsavat Partiyası bütün bunları, eləcə partiyada aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-də prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Bənzər yazılar

Back to top button