İqtisadiyyatManşet

İctimaiyyətdən gizli saxlanılan “sürpriz” Vergi Məcəlləsi… (MÜSAHİBƏ)

Milli Məclis və Dövlət Vergi Xidməti Vergi Məcəlləsinə ediləcək əlavə və dəyişiklikləri hələ də ictimaiyyətə açıqlamayıb. Rəsmi məlumatlara görə, məcəlləyə dəyişikliklər üçün 400-dən artıq təklif daxil olub və bunların bir hissəsi nəzərə alınıb. Yaxın günlərdə Milli Məclisin deputatları ölkə biznesi üçün ən əsas sənəd olan Vergi Məcəlləsinə dəyişiklikləri müzakirə edəcək. Burada bir çox ciddi yeniliklər, o cümlədən Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan işğaldan azad edilmiş zonalarla bağlı güzəştlər əksini tapıb. Amma qanuni əsas olmadan Vergi Məcəlləsinə dəyişiklikləri tam olaraq ictimaiyyətə açıqlanmır.

Səbəb nədir?

Hüquqşünas Əkrəm Həsənov ASTNA-nın suallarını cavablandırıb.

* * *

– Əkrəm bəy, sizcə,Vergi məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin ictimaiyyətə açıqlanmamasının səbəbi nədir?

-Əslində, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi dövlət büdcəsi haqqında qanun layihəsinə əlavə edilmiş sənədlər paketinə daxil olduğu üçün ən geci 25 oktyabrda dərc olunmalı idi. Lakin qanun layihələrinin ictimaiyyətə açıqlanmaması bizdə adi haldır. Milli Məclisin saytında “Qanun layihələri” bölməsi var. Ora daxil olanda görürük ki, payız sessiyasında müzakirəyə çıxarılan layihələrin çox cüzi hissəsi orada dərc olunub.

Bunun üç səbəbi var. Birinci səbəb savadsızlıqdır. Layihələr çox bərbad şəkildə tərtib olunur. Utandıqlarından dərhal dərc etmirlər. Yalnız sırf dövlət orqanları çərçivəsində müzakirə edib təkmilləşdirəndən sonra üzə çıxarmağa üzləri olur.

İkinci səbəb idarəetmə və təşkilatçılığın zəif olmasıdır. Əksər məsələləri vaxtında ərsəyə gətirə bilmirlər. Hətta Prezidentin də bəzi tapşırıqları illərlə icrasız qalır.

Nəhayət, üçüncü səbəb Azərbaycanda qanunların, bir qayda olaraq, xalq üçün deyil, məmurlar üçün tərtib olunmasıdır. Marks deyirdi ki, hüquq, qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsidir. Bizdə hakim sinif məmur ordusudur. Qanunlar da əsasən onlara xidmət edir. Xalq ikinci dərəcəlidir. Buna görə də hər hansı mühüm layihə sırf məmur qrupları arasında müzakirə olunur. Bu əsnada aralarında alver gedir və.s. Təbii, xalq bu alverin subyekti deyil, obyekti olduğu üçün layihələr də ondan gizlədilir. Alver bitib yekun layihə hazır olanda isə qanunu qəbul edirlər. Məsələn, Rəqabət Məcəlləsi ətrafında alver 15 ildir gedir!

Deputatlarımız da sonra deyir ki, xalq adından və xalq üçün qanun qəbul etdik. Fikir verin ki, nəinki Milli Məclis orqan olaraq, heç deputatlardan da heç biri (o cümlədən özlərini müstəqil, doğrudan da seçilmiş kimi təqdim etməyə cəhd edənlər) layihəni skan edib ictimailəşdirlmir. Halbuki, buna tam haqları var. Amma bizim deputatlar özlərini millət vəkili deyil, spikerin işçisi hiss etdiyi üçün belə təşəbbüs göstərməkdən qorxurlar. Həm də axı onlar da məmur ordusunun bir hissəsidir. Onların da biznesləri, maraqları var. Layihələr ətrafında gedən pərdəarxası müzakirələrdə onlar da öz şəxsi maraqlarından doğan təkliflərini keçirmək istəyirlər. Buna görə də məmur ordusunun oyun qaydalarını pozmurlar. Büdcə və vergi məsələləri dövlət idarəçiliyinin bir nömrəli bazarıdır. Deputatlar da da bu örtülü bazarın tərkib hissəsidirlər.

– Bu dəyişiklikləri gizli saxlamaqla vətəndaşları hansısa yeni “sürpriz”lər gözləyə bilərmi? Və bu “sürpriz”lər nələr ola bilər?

– Sıravi vətəndaşı birbaşa “sürpriz”lər gözləmir. Çünki gəlir vergisindən hələlik azaddır. Ödədiyi torpaq və əmlak vergisi böyük məbləğ təşkil etmir və yəqin ki, dərəcəsi artırılmayacaq. Ödədiyi əlavə dəyər vergisi isə cəmi toplanılan vergilərin 2/3 hissəsini təşkil etsə də, gözünə görünmür, çünki dolayı vergidir. Bu vergi üzrə də sıravi vətəndaş üçün yenilik gözləmirəm.

“Sürpriz”lər daha çox sahibkarları gözləyir yəqin ki. Vergi inzibatçılığı daha da gücləndiriləcək. Nəticədə iri və məmurlara yaxın “biznes” qurumlar həqiqi sahibkarlar üzərində rəqabətdə daha üstün mövqeyə malik olacaqlar. Axı məsələ inzibatçılığın necə olmasında deyil, onun var güclə yalnız məmurlara və dövlət layihələrinə aid olmayan sahibkarlara münasibətdə tətbiq olunmasındadır.

– İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyevin yerli mediaya verdiyi məlumata görə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Vergi Məcəlləsinə dəyişiklik layihəsi əsasən 5 istiqamətdə qruplaşdırılıb. Birinci istiqamət ölkədə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviq edilməsidir. Ləğv prosesində olan bankların sabit vergi xərclərinin azaldılmasını ikinci istiqamət kimi göstərə bilərik. Üçüncü istiqamət vergi inzibatçılığında bir sıra tənzimlənməyən məsələlərin tənzimlənməsini, eyni zamanda təkmilləşdirilməsini nəzərdə tutur. Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılmasıdır. Beşinci istiqamət isə ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması kimi dəyişiklikləri əhatə edir. Mediada olan məlumat ancaq bundan ibraətdir. Bu məlumatdan nə anlamaq olar? Yəni hansı dəyişikliklər ola bilər?

-Təxmini demək olar yəqin. Əminəm ki, xeyli müsbət məqamlar da var. Amma onlar layihəni gizlətdiyi üçün gəlin daha çox mənfi gözləntilərimi qeyd edim ki, müsbətlər bizim üçün sürpriz olsun!

Birinci istiqamət üzrə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi dedikdə yəqin ki, əsasən məmur biznesi və dövlət layihələrinə cəlb olunmuş şirkətlər üçün tətbiq olunacaq yumşalmalardan söhbət gedir. Çünki adətən məhz belə olur. Bizdə dövlət güzəştləri və təşviq proqramları reallıqda yaxşıca yem yerinə çevrilir. İnvestisiya mühitinin real təşviqi ilk növbədə ölkədə qanunçuluğun təmin olunmasını tələb edir. Qanunçuluq olmayan yerdə hər bir təşviq əsasən sui-istifadələrə aparır. Çünki şəffaflıq da yoxdur.

İkinci istiqamət obyektiv olaraq ləğv prosesində olan bankların xərcinin azaldılmasına və kreditorların vəsaitinin qaytarılmasına xidmət etməlidir. Amma reallıqda ləğv prosesində olan banklar da yaxşıca yem yeridir. Oradakı qeyri-şəffaflıq nəticəsində kreditorların vəsaiti əsasən qaytarılmır. Sadəcə kimlərsə varlanır. Odur ki, bu dəyişikliklər də daha çox kimlərinsə varlanmasına xidmət edəcək.

Üçüncü istiqamət vergi inzibatçılığının daha da sərtləşdirilməsinə və vergidən yayınmanın qarşısının alınmasına xidmət edir. Obyektiv olaraq lazımlı şeydir. Amma reallıqda qeyd etdiyim kimi, sərtləşmə əsasən həqiqi sahibkarların başında çatlayacaq. Bizdə vergi daha çox xəraca bənzəyir axı.

Dördüncü istiqamətin hədəfi əhalinin vergi və maliyyə yükünün sosial xarakterli güzəştlərlə azaldılması kimi göstərilib. Yəqin ki, vətəndaşların ödədiyi bəzi vergilərdə hansısa cüzi istisnalar olacaq. Həmişə kimi. Bunu “xala xətrin qalmasın” deyə edirlər ki, dəyişikliklərin sosial yönümlü olduğunu da vurğulasınlar.

Beşinci istiqamətin “ölkənin beynəlxalq reytinqinin artırılması və qorunması” kimi göstərilməsi SSRİ dövründəki “Keçici Qırmızı Bayrağı”n əldə edilməsi üçün sosialist yarışmasını xatırladır. Qərb reytinqləri əsasən formal göstəricilərə əsaslanır. Məmurlarımız da həmin göstəriciləri təhlil edib qanunları onlara uyğunlaşdırırlar. Mahiyyət qalır kənarda, formallıq dalınca qaçırlar. Məsələn, bizdə vergi orqanı kommersiya hüquqi şəxslərini tez qeydiyyata aldığına görə dünya liderlərindən biridir. Sırf reytinq naminə atılmış addımdır. Amma kommersiya hüquqi şəxsləri haqda qanunvericiliyin özü (korporativ hüquq) bərbad gündədir.

Təbii, layihə haqqında yekun fikri onu görəndən sonra söyləmək olacaq. Gözlənilməz müsbətlərə yalnız sevinərəm.

– Vergi Məcəlləsinə dəyişiklik layihəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək həmin ərazinin rezidentlərinə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət və gəlir, əmlak və torpaq vergiləri, eyni zamanda sadələşdirilmiş vergi üzrə azadolmalar nəzərdə tutulub. Bu addımı necə qiymətləndirmək olar?

-Ümumən başa düşülən və müsbət haldır. Əlbəttə, hazırda həmin ərazilərin inkişafı bir nömrəli məsələdir.

Amma işğaldan azad olunmuş ərazilərdəki fəaliyyət, o cümlədən dövlət satınalmaları qeyri-şəffafdır. Deməli, korrupsiya riskləri də çoxdur. Deməli, yeniliklərdən bəhrələnən da korrupsionerlər ola bilər. Üstəlik mövcud qeyri-şəffaflıq şəraitində həmin ərazilərin rezidentlərinin ölkənin digər yerlərindəki biznesinin də azadolmalardan sui-istifadə edəcəyi ehtimalı var. Normal vergi inzibatçılığı olsa, bunun qarşısını almaq olar. Amma normal inzibatçılıq sırf qanunda yazılan deyil, onun hamıya eyni cür tətbiqidir. Bunun reallıqda belə olacağı isə böyük sual altındadır.

-Ümumiyyətlə, bu tendensiya artıq ənənə halını almağa başlayıb ki, qanunlar və ya qanunvericiliyə dəyişikliklər ictimaiyyətə açıqlanmır. Bu qanunidirmi? Və bunun qarşısını necə almaq olar?

-Qanunları yazanlar bu ənənəni qanuniləşdirib. Ona görə ki, xalq adından və xalq üçün qanunlar qəbul etmirlər. Dediyim kimi məmur ordusu üçün qanun qəbul edirlər. Qarşısını belə almaq olar ki, hər birimiz deputatlara şəxsən müraciət edib layihənin açıqlanmasını istəyək. Məsələn, Facebookda gördüm ki, deputat Vüqar Bayramov Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin bir məsələsi haqda status yazıb. Ona sual yazdım ki, layihəni niyə dərc etmirsiz, niyə deputatlardan heç olmasa biri bunu etmir? Düzdür, hələlik cavab verməyib. Amma gəlin belə sualları çoxaldaq. İki nəticədən biri olacaq. Ya nəhayət layihələri dərc etməyə başlayacaqlar. Ya da el arasına çıxmağa utanıb tam susacaqlar. Biz də heç olmasa biləcəyik ki, özlərini nümayəndəmiz kimi təqdim edənlər faktiki olaraq daha yoxdur! Bu da bir təsəllidir!

Bənzər yazılar

Back to top button