Cəmiyyət

Şikayətçi Sumqayıtda su problemi olduğunu, rəsmilər isə əksini deyir

“Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 10/27 daxil bütün mikrayon ərazisi illərdir su üzünə həsrətdir. Bəlli olan saatlarda təzyiqlə su verməli olduqları halda elə günlər olur ki, vermirlər. Hətta bəzən su nəinki təzyiqlə gəlir, ümumiyyətlə, gəlmir”.

Bunu Toplum TV-nin qaynar xəttinə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə bu problemlə bağlı dəfələrlə “Azərsu” ASC-ə, Sumqayıt Sukanal İdarəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməyib.

“9-cu mikrorayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mikrorayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə verirlər. Su səhər saat 06:00-dan 10:00-dək, axşam da 18:00-dan 22:00-dək təzyiqlə verilməli olduğu halda heç qrafiklə belə normal su verilmir. Gün ərzində isə ümumiyyətlə, su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gah da indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mikrorayonun “Təzyiq problemi”, “Qəza problemi” illərdir bitmir. “Azərsu”nun 955 saylı çağrı mərkəzinə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər, dəyişən isə heç nə yoxdur”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Toplum TV-ə şikayətçinin dediklərinin həqiqəti əks etdirmədiyini dedi: “Həmin ərazi səhər, axşam qrafiklə su alır. Sumqayıt şəhərinin 90 faizi 24 saat su alır. Ola bilər ki, nə vaxtsa su gələn vaxtda hardasa qəza olsun və su kəsilsin. Bu o demək deyil ki, orada ümumiyyətlə, su yoxdur. Bəzən insanlar saxta profillərlə bu cür şikayətlər yazırlar. Həmin şəxslər bəzən nə vaxtsa bizim qurumda işləyib çıxan şəxslər olur və ya Sumqayıtda hansısa su işçisi ilə şəxsi qərəzliyi olur. Ona görə də bu cür şikayətlər edirlər. Araşdıranda isə görürük ki, həmin ərazidə heç elə bir insan yaşamır. Mənim araşdırmama görə, həmin ərazi qrafikə uyğun olaraq problemsiz suyunu alır”.

Şikayətçi İ. Məmmədkərimov həmin ərazidə yaşadığını və telefon nömrəsini də qeyd etməklə qurum rəsmisinə dəfələrlə sosial şəbəkələrdən yazdığını, ancaq bir cavab ala bilmədiyini deyir. O, su probleminin yalnız bugün deyil, illərdir davam etdiyini deyir.

Bənzər yazılar

Back to top button