Siyasət

Kremlin Paşinyana qarşı Köçəryan kartını ortaya atmasının gizlinləri

Ermənistanda yeni siyasi situasiya yaranmaqdadır. Belə ki, baş nazir Nikol Paşinyanın erkən parlament seçkilərinə gedəcəyi ilə bağlı açıqlaması bir müddət müxalifəti nakouta salsa da, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hakimiyyətə gələcəyini deməsindən sonra vəziyyət dəyişib. Çünki Paşinyanın erkən seçki keçirmək istəməsinə müxalifətçilər isti yanaşmamışdılar və vahid namizəd elan olunan Vazgen Manukyan seçkidə iştirak etməyəcəklərini söyləmişdi.

Koçəryan isə birdən-birə çıxıb seçkidə iştirak edəcəyini və qalib gələcəyini bildirir. Hansı ki, 44 günlük döyüşlərdə Ermənistanın aldığı ağır hərbi məğlubiyyətdən dərhal sonra müxaliflərin təkil etdiyi aksiyalar belə Paşinyanı bir addım da geri çəkilməyə məcbur edə bilmədi. Çünki vahid cəbhədə birləşmiş müxalifətin çağırışlarına Ermənistan əhalisi əhəmiyyətli dəstək vermədi. Məhz bundan sonra Paşinyan erkən seçkilərə gedə biləcəyini açıqlamış və eleyhdarlarına bunu müzakirə etməyi təklif etmişdi. Başda Vazgen Manukyan olmaqla müxalifət Paşinyanın təklifinə cavab olaraq seçkiyə qatılmayacaqlarını bildirdi və Paşinyanın seçkisiz istefa verməsini şərt qoydular. Bununla da Ermənistanda hakimiyyət dəyişikliyi məsələsinin müzakirəsi arxa plana keçdi. Bu baxımdan Köçəryanın iddialı açıqlamaları maraq doğurmaya bilməz. Çünki Ermənistan cəmiyyətində Qarabağ klanının nümayəndəsi – ikinci prezident Robert Köçəryana nifrət var. Onu korrupsioner idarəetmənin əsasını qoyan biri kimi xarakterizə edirlər. Köçəryan da bunun fərqindədir. Ən azından həbs olunduğu zaman erməni cəmiyyəti ona ciddi dəstək vermədi, əksinə onun daha ağır şəkildə cəzalandırılmasını tələb edirdilər.

Müşahidəçilərin fikrincə, Köçəryanın başqa siyasətçilərdən fərqli olaraq gücü Ermənistanda deyil, Kremldədir. Belə ki, Putin Köçəryan dostluğu hər iki ölkədə məşhurdur. Köçəryanın seçkidə iştirak edib qalib gəlmək ideyasının da şimaldan gəldiyi şübhə doğurmur. Onun son Moskva səfərində Putinlə birbaşa görüşü baş tutmasa da, 1 saatlıq telefon danışıqları geniş müzakirə olundu.

Bu baxımdan Köçəryan və Sərkisyan cütlüyünün də dəstəklədiyi birləşmiş müxalifətin vahid namizədi Vazgen Manukyanın arxa plana keçirilməsi maraqlı məqamdır. Müşahidələr onu deməyə əsas verir ki, Kreml Paşinyanın Manukyanla əvəzlənməsini yox, Ermənistan hakimiyyətində daha etibarlı adamını görmək istəyir. Çünki Manukyanın siyasi baxışlarında Rusiyaya münasibət heç də yaxşı deyil. Vazgen Manukyanın yanvarın 26-da Ararat vilayətinin sakinləri qarşısındakı etdiyi çıxış da bunu göstərir.

Manukyan açıq şəkildə bildirmişdi ki, “Bizi Rusiya ilə birləşdirən ən böyük bənd Dağlıq Qarabağ məsələsi idi. Dağlıq Qarabağ yoxdur, Rusiya yoxdur və Qafqaz tamamilə Türkiyənin sahibliyinə keçir…”

“Azərbaycan və Türkiyə ilə gizli danışıqlar aparılır. Nikol yalan danışır, deyir ki, müharibəni məhz o dayandırıb, onu buna Rusiya məcbur edib. Çünki əgər biz Dağlıq Qarabağı tamamilə itirsəydik, RF-in burada heç bir işi olmazdı. Moskva burada sülhməramlı qoşunları yerləşdirə bilməzdi və Cənubi Qafqazı itirərdi”, – deyə o çıxışında demişdi.

Görünür, Kremlin Köçəryanı irəli verməsinin səbəbi Manukyanın məlum baxışlarıdır. Çünki Ermənistan cəmiyyəti 44 günlük döyüşlərdə bir daha Rusiyanın Cənubi Qafqazda apardığı siyasətin nəyə xidmət etdiyininin şahidi oldu və zamanla həqiqəti qəbul etməyə başladı. Sosial şəbəkələrdə yazılanlardan görünür ki, qonşunun torpağının zəbt olunmasını etiraf edirlər. İndi cəmiyyət ölü nöqtədən tərpənmək haqda daha çox düşünür. Manukyanın da seçkidə biabırçılıqla xərclənməsini istəmədiyindən Rusiyanı tənqid etməyə başlamasını təbii saymaq olar…

Ermənistan müxalifətinin Köçəryanın liderliyi altında Paşinyana qarşı toparlanmasının nəticə verəcəyi də sual altındadır. Çünki Rusiyanın hakim elitasının birmənalı dəstəklədiyi Köçəryanın Ermənistanda nifrətlə xatırlanması Paşinyanın hakimiyyətdə qalma müddətini uzada bilər…

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button