Hadisə

Məhkəmə vəkilə yox dedi

Noyabrın 14-də Binəqədi Rayon Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun müraciətinə baxıb. Vəkil istintaq orqanının ona məxsus iki mobil telefonu və kompüterin yaddaş kartını götürməsinin qanunsuz sayılmasını, qaytarılmasını istəmişdi.

Novator.az-ın məlumatına görə, hakim Mahirə Muradovanın sədrliyi ilə keçirilən proses müraciətin təmin olunmaması ilə bitib.

Qərardan apellyasiya şikayəti veriləcəyi bildirilir.

Elçin Sadıqov əsasən siyasi motivlərlə tutulmuş şəxslərin müdafiəçisi kimi tanınıb. O, sentyabrın 10-da, “Xural” internet televiziyasının qurucusu Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsi jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham edir.

Rəsmi açıqlamaya görə, jurnalist 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb. Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində 4 aylıq həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu paytaxtı tərk etməmək şərti ilə ev dustaqlığına buraxıb.

Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır. Sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb.

Bənzər yazılar

Back to top button