GündəmHadisəManşet

“Tərtər işi” ilə bağlı yeni suallar…

Noyabrın 10-da Gəncə Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin – Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə, Orxan Babayev və Emil Əliyevin cinayət işi prokurorluğa qaytarılıb. Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb. Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, Ali Məhkəmənin Plenumu “Tərtər işi” ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib .Bu ayın əvvəli Gəncə Apellyasiya Məhkəməsi daha 11 nəfərin hökmünü ləğv edərək birinci instansiya məhkəməsinə göndərmişdi. Ali Məhkəmənin Plenumu isə sentyabrın 30-da Tərtər hadisələrində dövlətə xəyanət və başqa ağır maddələrlə məhkum edilən şəxslərdən 19 nəfərin haqqındakı apellyasiya və Ali Məhkəmənin qərarlarını ləğv etmişdi.

Belə olduğu halda bir sual ortaya çıxır: Bu insanların işinin istintaqını aparanlar, hökm vermiş və yuxarı instansiya məhkəmələrində həmin hökmü qüvvədə saxlamış hakimlər niyə cəzalandırılmır?

Cinayət işi prokurorluğa qaytarılanlardan birinin- Emil Əliyevin atası, Repressiya və İşgəncələrə qarşı Komitənin üzvü Nasir Əliyev narazılıqlarının səbəbi barədə ASTNA-ya danışıb.

* * *

– “Tərtər işi”nin istintaqını aparanlar, hökm vermiş və yuxarı instansiya məhkəmələrində həmin hökmü qüvvədə saxlamış və sonradan qərarları ləğv edilmiş hakimlər niyə cəzalandırılmır?

– İndiki mərhələdə Tərtər hadisələrinin yeni açılmış istintaqı başa çatmayıb. Düşünürəm ki,istintaq yekunlaşandan sonra həbslər həyata keçiriləcək. Baxmayaraq ki, bu gün üçün həmin hakimlərin verdiyi həbs qərarlarının 26-sı ləğv edilərək, 26 günahsız həbs olunanlar haqqında bəraət qərarı verilib. Əslində bu bəraətlər imkan verirdi ki, həmin işi aparmış hakimlər haqqında qanunda nəzərdə tutulmuş cəzalar tətbiq olunsun. Qeyd etdiyim kimi, istintaq bitdikdən sonra bu haqda konkret fikir söyləmək olar. Ümumiyyətlə demək olar ki, əvvəlki istintaqdan fərqli olaraq yeni açılmlş istintaqda bütün prosedur qaydalara riayət olunur.

-5 il həbs yatdıqdan sonra yenidən istintaqa qaytarılan işlər var. Bəs bu 5 ilin əvəzi necə ödənəcək? O adamların haqqı necə bərpa oluna bilər?

– 5 il günahsız həbs həyatı yaşamış hərbçilərimizin haqqını ödəmək heç cürə mümkün deyil. Onların dövlətə xəyanət damğası altında, etmədiyi cinayətə görə keçirdiyi psixoloji zərbəni təsəvvür etmək çox çətindir. Dövlət yalnız onların maddi tərəfdən itirdiklərini bərpa edə bilər. Bu illər ərzində həmin hərbçilərin ailələrinin itirdikləri maddiyat, keçirdiyi mənəvi sarsıntıları kim və necə bərpa edə bilər? Bu hadisələrə məruz qalmış çoxsaylı hərbçilərin ailələri dağılmış, özləri fiziki və psixi cəhətdən darmadağın olublar. Onların övladları bu ləkə altında məktəblərdə sıxıntılar keçirib və sarsıntılar onların təhsilində mənfi izlər buraxıb. Bu siyahını sonsuzluğa qədər uzatmaq olar. Bir sözlə, onların haqqının ödənilməsi mümkünsüzdür. Haşiyədən kənara çıxaraq özümün qarşılaşdığım bir hadisəni söyləmək istərdim. Oğlumun həbsindən 1 il ötürdü. Gecə saat 3 radələrində gəlinimin hönkürtü ilə ağlamaq səsinə bütün ailə yuxudan oyandı. Otağa girəndə gördüyüm mənzərə qarşısında yerimdə donub qaldım. Gəlinim ağlayırdı, 2 yaş 6 aylıq nəvəm isə kəsik sözlərlə balaca əlləri ilə anasının göz yaşlarını silərək anasını ovundurmağa çalışırdı. Həmin anda o körpənin və ailəmin yaşadıqlarını, keçirdiyimiz sarsıntını necə aradan qaldırmaq olar? Yüzlərlə ailə bu dəhşətləri yaşayıb və yaşamaqdadır.

-Hüquq müdafiəçilərinin və ya zərərçəkənlərin hökumətdən və ya yuxarı məhkəmə instansiyalarından yanlış istintaqı aparanların, yanlış hökm verənlərin cəzalandırılması kimi tələbləriniz varmı?

-2017-2018-ci ildə Tərtər işini aparan hakimlər və istintaqı aparan müstəntiqlər çoxsaylı qanun pozuntularına yol veriblər. Misalçün, Cinayət Məcəlləsinin 224.3-cü, 125.2.7-ci, 303.3.1-ci, 303.3.3-cü, 303.3.8-ci, 391.8.1-ci və digər maddələri müstəntiqlər tərəfindən kobud şəkildə pozulub. Məhz bu səbəblər üzündən günahsız hərbçilər uzunmüddətli həbslərə və ağılagəlməz işgəncələrə məruz qalıblar. Əgər zamanında qanunun aliliyi təmin olunsaydı, nə bu gün 10 (bizə məlum olan) hərbçimizin qətli olardı, nə də 100-lərlə hərbçimizin və həbs olunanların özləri və ailə üzvləri bu faciəni yaşayardılar. O ki qaldı bu prossesi aparan hakim və müstəntiqlərin cəzalandırılması tələbinə, əlbəttə bu tələb ən öndə gələn tələblərdən biridir. Əgər bu cinayətin iştirakçıları həbs olunmayacaqlarsa, gələcəkdə növbəti cinayətin baş verməyəcəyinə heç bir zəmanət olmayacaq. Belə cinayətlər dövlət və insanlıq əleyhinə cinayətdir. Bütün bunları nəzərə alaraq onların həbs olunması zərərçəkmişlər və ailələri tərəfindən tələb olunacaq.

-Ümumiyyətlə, yenilənmiş “Tərtər işi”nin istintaq prosesi necə gedir? Bu son qərarlar insanlarda ümid işığı yandırıb. Sizcə, demək olarmı ki, proses bu dəfə tam obyektiv aparılır?

-Ümumiyyətlə, yenilənmiş “Tərtər işi”-nin istintaq prossesi bu gün üçün qənaətbəxşdir. Mən şəxsən yeni açılmış istintaqda dəfələrlə olmuşam. Bizi narahat edən məsələləri müzakirə etmişik.Onların verdikləri cavabları və arqumentləri bizi qani edib. İşin obyektivliyi məsələsi istintaqın yekunundan sonra verilən qərarda özünü göstərəcək və bu haqda dəqiq sözü o zaman deyə biləcəyik. Hazırkı mərhələdə ciddi narazılığımız yoxdur. Əlbəttə, cinayətkarların həbslərinin ləngiməsi bizi narahat edir.

-Bu işin tam aydınlığa çıxması üçün daha nələr edilməlidir?

-Bu işin aydınlığa çıxması üçün cinayətkarların dairəsi müəyyənləşdirilib cinayət məsuliyyətinə cəlb olunmalıdır. Haqları pozulmuş hər kəsin haqqı bərpa olunmalıdır. Ən əsası isə qanunun aliliyi təmin olunmalıdır.

Bənzər yazılar

Back to top button