Hadisə

İttihamçı Zeynalov məhkəmədən işin yeni istintaqa qaytarılmasını xahiş edir

Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen Əfqan Zeynalovun ona məxsus “Murov” TSK MMC şirkətinin kadrlar şöbəsinin müdiri Nelli Fabriçnayaya qarşı iddiasına baxılması davam edib. İddianın mahiyyəti ondan ibarətdir ki, Zeynalov Fabriçnayanı 423,5 min dolları (720 min manat) oğurlamaqda ittiham edir. Məhkəmədə həmin pulu zibillikdən tapdığını bildirib. Pulları Nelli Fabriçnayanın atasının mənzilində yerləşdirdiyi şəxsi seyfdə saxlayıb.

İstintaq təcridxanasında saxlanılan Nelli Fabriçnaya bütün ittihamları rədd edir. Məhkəmə prosesinə hakim Faiq Qəniyev sədrlik edir.

Əvvəlki məhkəmə iclaslarında Zeynalovun bacısı bildirib ki, Fabriçnaya onun qardaşını öldürmək və şirkətin pulunu mənimsəmək üçün qardaşını qəsdən zəhərləyib. Nelli Fabriçnaya və onun vəkili Qəzənfər Rzayev ittihamları tamamilə rədd edirlər.

Hakimlər şahidlərin ifadələrini dinləyiblər. “Mercedes Vito” markalı avtomobilin sahibi Etibar Xəlilov “Murov” şirkətinin təmizlikçisinin oğlu Vüqar Əliyevlə qonşuluqda yaşayır. Əvvəlki məhkəmə iclaslarında təmizlikçi qadının oğluna “Mercedes Vito” aldığı deyilirdi.

İttiham tərəfi hesab edib ki, avtomobil Nelli Fabriçnayanın oğurladığı, sonra Vüqar Əliyevin anası- “Murov” şirkətinin təmizlikçisi Mehriban Atakişiyevaya bağışlanılan pulla alınıb. Lakin noyabrın 14-də iclas zamanı Xəlilov deyib ki, Vüqar maşının 25 min manata almağa razılaşıb, ancaq 10 min verib və hər ay 500 manatı ödəməyib. Nəticədə Vüqarın avtomobil sahibinə 10 000 manat borcu yaranıb, avtomobil satılmamış qalıb və Etibar Xəlilovdadır.

Vüqarın öz avtomobilinin olması, onu satması və “Mersedes”in pulunu qismən ödəməsilə bağlı Xəlilovun iki dəfə verdiyi məlumat onun ifadəsində mühüm yer tutur.

Xəlilov Mehriban Ağakişiyevanın mənzilini təmir etdirmək üçün onun evinə tikinti materiallarını aparması barədə Zeynalovun dediklərini təkzib edib. Belə olduqda hakim Xəlilovun yük maşınında gətirilən soyuducu və digər malları Atakişiyevanın evində necə alması barədə istintaqa verdiyi ifadəni oxuyub.

Şahid – “Respublika” Bankının əməkdaşı Arzu Bəşirova bildirib ki, Nelli Fabriçnaya Əfqan Zeynalovun iştirakı ilə onların bankında Zeynalova məxsus əsas karta əlavə kart açdırıb. Fabriçnaya ona verilmiş etibarnamə əsasında Zeynalovun bank hesabından pul götürə bilərdi. Əfqan Zeynalov Fabriçnayaya onun hesabına giriş imkanı verən əlavə kartın olmasından xəbəri olduğunu təsdiqləyib. Söz alan müttəhim Nelli Fabriçnaya məhkəməyə bildirib ki, Zeynalov şəxsən bu hesaba 30 min manat qoyub.

Şahid – “Murov” şirkətinin mühasibi Suğra Həsənova Fabrıçnayanın şirkətdəki xüsusi mövqeyi barədə xeyli və sakit şəkildə (zalda olanlar deyilənlərin çoxunu eşitmirdi) danışıb. Şahidin sözlərinə görə, Nelli şirkət sahibinin tam etibarında istifadə edirmiş, qapı arxasından kabinetdə onun danışıqlarını dinləyirmiş, baş verən hər şeylə maraqlanırmış və hər şeyi bilirmiş.

Məhkəmədə Həsənova Fabriçnayanı “fırıldaqçı” adlandırıb, ancaq vəkilin sualına cavab olaraq bu tərifi əsaslandıra bilməyib və buna görə hakim F.Qəniyevin tənqidinə məruz qalıb. Şahid Fabriçnaya ilə təmizlikçi Atakişiyevanın yaxın münasibətlərindən danışıb, onun rifahının kəskin yaxşılaşması ittiham tərəfindən Fabriçnayanın “pul oğurlaması” ilə əlaqələndirilir.

S.Həsənova Fabriçnayanın xidməti otağında içində dərman olan çantadan danışıb. Nelli bu dərmanlarla xəstə Zeynalovu müalicə edirdi. Nelli Həsənovaya deyib ki, dərmanlar həkimin reseptilə alınıb. Nelli şirkətin sahibini müalicə edəcəyini bildirib. Şahid resepti görməyib.

O deyib ki, bir dəfə Zeynalov balıq yedikdən sonra zəhərlənib.

Həsənovanın sözlərinə görə, Zeynalov Kəlbəcərdə işlər üçün Türkiyədən ekskavator almaq qərarına gələndə pulun oğurlandığı məlum olub. Qəflətən bilib ki, 720 min manat yoxa çıxıb. O zaman Fabriçnaya Həsənovaya deyib ki, öz qardaşından pul götürüb ekskavatorun alınmasına kömək edə bilər. Amma sonra, Həsənovanın sözlərinə görə, yaranan qalmaqaldan sonra Fabriçnaya pulu oğurladığını yazılı şəkildə, Həsənovanın və sürücü Fazilin iştirakı ilə etiraf edib və geri qaytaracağını vəd edib. Amma vəkil Q.Rzayevin dediyi kimi, cinayət işində saxlanılan və Fabriçnayaya aid edilən qəbzdə oğurluqdan bəhs edilmir.

Daha sonra Fabriçnaya pulun itməsinin araşdırılması üçün şirkətin ofisinə polis çağırıb. O, məhkəmədə deyib ki, polis müstəntiqi Həsənovun suallarını cavablandırarkən ona Zeynalovun onun atasının mənzilində seyf yerləşdirdiyini bildirib.

Məhkəmədə mühasib Suğra Həsənova təmizlikçi Atakişiyevanın “varlanmasının” səbəbinə dair sualın cavabında deyib ki, Atakişiyeva qohumunun ona göstərdiyi köməkdən danışıb. Nelli “bəzən” təmizlikçiyə kömək edir, Həsənova deyib.

Şahid Zeynalovun seyfi özünün kirayədə qaldığı mənzildə və ya qardaşının mənzilində yox, Fabriçnayanın atasının mənzilində qoymasının səbəbi barədə suala cavab verə bilməyib. Həsənova deyib ki, Əfqan Nelliyə çox güvənib. Mühasib Fabriçnayanın pis əməllərindən xəbərdar olduğu halda niyə bu barədə Zeynalova və polisə məlumat verməməsinin səbəbini də açıqlamayıb.

Dinləmələr Əfqan Zeynalovun qardaşı – “Murov” şikətində çalışan Məmmədin çıxışı ilə başa çatıb. O deyib ki, ekskavator almaq lazım gəldiyində pulun yoxa çıxdığından xəbər tutublar. Əfqan Zeynalov qardaşına deyib ki, Nelli ekskavator almaq üçün 300 min dollar götürüb. Məmmədin ifadəsində itmiş məbləğ “800-900 min manat”a yüksəlib.

Məmməd Zeynalov qardaşının ağır xəstəliyindən danışıb, o qədər pis olub ki, ona nə dediklərini anlamayıb. Məmməd təcili həkimə zəng edib, həkim simptomları dinlədikdən sonra bütün dərmanların qəbulundan imtina etməyi və başqa həkimə müraciət etməyi tövsiyə edib. Qardaşlar əmindirlər ki, Əfqanı qəsdən Nelli Fabriçnaya zəhərləyib.

Bu yerdə Əfqan Zeynalov söz alaraq hakimə müraciət edib və işin əlavə istintaqa qaytarılmasını xahiş edib. Hakim zərərçəkmiş tərəfin şifahi vəsatətini təmin etməkdən imtina edib (“hələlik”).

Məhkəmədən sonra vəkil Q.Rzayev Turan-a açıqlama verib ki, Ə.Zeynalovun vəsatəti onun Fabriçnaya tərəfindən qəsdən zəhərlənməsi versiyasının sübut olmadığı üçün istintaq zamanı qəbul edilməməsindən irəli gəlib. Vəkil güman edir ki, Zeynalov zəhərlənmə versiyasına baxılmasından imtina barədə qərarın ləğvinə nail olmaq üçün işi müstəntiqə qaytarmaq niyyətindədir.

Bir həftədən sonra şahidlərin dindirilməsi davam edəcək.

Qeyd edək ki, zalda mikrofonlar işləmədiyindən yazılı qeyd aparmaq çətinləşib. Məhkəmə iclasda iştirak edənlərin yaxşı eşitməsini təmin etməliydi.

Proses davam edir…(Turan)

Bənzər yazılar

Back to top button