Dünya

Dövlət Departamenti: Rusiya enerji sistemini dağıtmağa və milyonlarla adamı işıqsız, susuz, istiliksiz qoymağa çalışır

Rusiyanın Ukraynadakı müharibəsi miqyaslı humanitar böhrana səbəb olub və onun miqyası hər zərbə ilə hər gün artır. Bu barədə çərşənbə axşamı Vaşinqtonda Dövlət Departamentinin nümayəndəsi Ukraynanın hüdudlarından kənarda, məsələn, Moldovada Rusiyanın raket zərbələrinin nəticələrini Turan-a şərh edərkən deyib.

Çərşənbə axşamı Kişinyov bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələr Moldovanı təmin edən əsas elektrik xətti ötürücüsünə ziyan vurduqdan sonra bütün ölkə boyunca elektrik enerjisi kütləvi şəkildə kəsilib.

“Biz bu müharibə boyu Moldovanın prinsipial müqaviməti və səxavətli humanitar yardımı ilə Ukraynaya və Ukrayna xalqına sarsılmaz dəstək nümayiş etdirdiyini gördük”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

Çərşənbə axşamı Moldovada elektrik enerjisinin kəsilməsi “Rusiyanın Ukraynadakı amansız müharibəsinin regionda sabitliyi pozduğuna və beynəlxalq böhranları dərinləşdirdiyinə daha bir sübutdur”, – mənbə əlavə edib. “Bu, həm də enerji təchizatının şaxələndirilməsi, tələbatın azaldılması və təmiz enerjiyə keçidə doğru irəliləyərkən effektivliyin artırılması yolu ilə Avropanın Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq səylərinin vacibliyini göstərir”.

Mətbuat katibi əlavə edib: “Biz Rusiyanın elektrik şəbəkəsi də daxil olmaqla, həyat əhəmiyyətli mülki infrastruktura hücumları barədə xəbərləri görmüşük. Bu hücumlar sərhədin Moldova tərəfinə də təsir edir”.

Dövlət Departamentinin məlumatına görə, oktyabrın 10-dan Rusiyanın Ukrayna ərazisinə endirdiyi zərbələrin intensivliyi kəskin şəkildə artıb.

“Rusiya soyuq qış aylarında Ukraynanın dözümlülüyünü və qətiyyətini zəiflətmək üçün elektrik sistemini dağıtmağa və bölgədəki milyonlarla adamı işıqsız, susuz və istiliksiz qoymağa çalışır”, – Dövlət Departamentinin sözçüsü nümayəndəsi fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button