Bizim seçimGündəmMədəniyyət

Afaq Bəşirqızı Azərbaycan xalqından niyə üzr istəmir?

Aktrisa illərdir qazandığı sevgini 65 yaşından sonra tam şəkildə itirmək istəmirsə, oğlunun “ərzaq paylama” trendinə qoşulmasını reklam etdirməyin əvəzinə xalqın onu bağışlaması üçün addım atmalıdır

Doğrudan da savadsızlığın son həddidir. Günlərdir Azərbaycanın mediası və sosial şəbəkələr Afaq Bəşirqızının “Azadlıq” radiosunun sualına verdiyi yersiz və həddini aşmış cavabları dərin təəssüf hissi ilə müzakirə edir. Adam nə qədər səthi düşünə bilər? Onu kimilərin məntiqinə görə, bütün dünyanın alimlərinin hələ mənbəyini müəyyən edə bilmədiyi, dərmanını və peyvəndini tapa bilmədiyi koronavirusun əsl səbəbkarı rayondan Bakıya işləməyə gələnlər olub. Çox təəssüf…

Ağlı başında olan adi bir azərbaycanlının dilə gətirməkdən çəkinəcəyi ifadələrlə Azərbaycan xalqının “obrazı”nı yaratmaq cəhdində bulunan, özü də daha çox ölkəmizdən mənfi məlumatları ötürməyə köklənən “Azadlıq” radiosuna verdiyi qısa açıqlamanın yiyəsi Azərbaycan Mədəniyyət və İncəsənət Universetinin professorudur (???). Yazıqlar olsun… Ən azı ona görə ki, bu şəxs Azərbaycanın məşhur aktrisası, “Azərbaycan Respublikasının xalq artisti”, “Şöhrət” ordenli‚ Prezidentin fəxri təqaüdçüsüdür.

Adamın düşüncəsi nə qədər dayaz ola bilər ki, kənddən şəhərə gələnlərin hamısını “pokrışka qaraldan” (əsl professora yaraşan ifadədir) gözündə görsün. Görəsən, bu adamın dünyadan xəbəri varmı? Hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə əhalinin bir qismi böyük şəhərlərə axın edir ki, orada “çörək pulu” qazanmaq üçün iş var. Hətta ölkəsində vəziyyət yaxşı olmayanlar başqa bir xarici ölkənin paytaxtına yaşamaq yolunu seçir. Bu tarixin sınağından çıxmış bir prosesdir. Tarixin bütün dövrlərindən belə olub və belə də olacaq. Təsadüfi deyil ki, tarixin sınağından çıxmış belə bir məsəl də yaranıb: Şəhərin böyüyündə, kəndin kiçiyində yaşa”.

Göründüyü kimi, koronavirusa görə ölkədə və Bakıdakı yaranan vəziyyətə kənddən kiminsə paytaxta gəlməsinin heç bir dəxli yoxdur. Sadəcə A.Bəşirqızının Zaqulbada “personalnı bağ evi” arzusunu dilə gətirmək üçün fürsət kimi istifadə etdiyi “Azadlıq” radiosunun suallarının yönünü dəyişdirməsi onsuz da əsəblərin tarıma çəkildiyi bir vaxtda bütün Azərbaycan xalqının ona qarşı nifrətlə köklənməsinə gətirib çıxarıb. Buna görə də sosial şəbəkələrdə bəzi hallarda onun regionçuluqda suçlayan, ərinin də hansısa rayondan olmasını xatırladanlar tapılıb. Sosal şəbəkələrdə onun şəxsinə qarşı təəssüf, qəzəb, təhqir dolu ifadələrin birinin bir qəpiyə (professor yəqin ki, “köpüyə” deyərdi) olduğundan yəqin özünün və ailəsinin xəbəri var. Biz inanırıq ki, Afaq Bəşirqızı vəziyyəti bu səviyyəyə qədər gəlib çatmasını ağlına gətirməzdi. Amma o boyda professor gərək danışanda səhnədə deyil, beynəlxlaq media orqanına açıqlama verdiyinin fərqinə varmalıydı. Çox təəssüf…

Əlqərəz. Dil insanı bəzən bəlaya salır, bəzən də bəzi həqiqətləri ortaya çıxarır. Bununla da Afaq kimilərin onu yetişdirən xalqına qarşı səmimi olmadığı, əslində kasıb insanlara münasibətdə hansı çirkin və pis fikirlərlə yaşadığını göstərir. Amma nəticəsi insanın şəxsiyyətinin bir andaca yerlə-yeksan olmasına gətirib çıxarır. Məsələn, “pakrışka qaraldan” hansısa cavanı aşağılayıb bütün rayon camaatını təhqir edəndə, biri də çıxıb deyə bilər ki, hesabına aktrisa olduğun atan cavan vaxtlarında sürücü işləyib. Yəni bu gün maşının təkərini qaraldan gənc sabah sürücü ola bilər, birisi gün aktyor da ola bilər. Bu Allahın əlində olan bir işdir.

Digər tərəfdən, “pokrışka qaraldan”ın mütləq əksəriyyətinin kənddən gəldiyini iddia etmək də yanlış yanaşmadır. Ardınca guya rayondan gələnlərin mütləq şikəst uşaq dünyaya gətirməsi barədə absurd və iyrənc iddianı səsləndirmək xalqı təhqir etməkdir. Buna görə də Afaq Bəşirqızı 65 yaşından sonra qazandığı sevgi və hörməti tam şəkildə itirmək istəmirsə, oğlu Səmralın “ərzaq paylama” trendinə qoşulmasını reklam etdirməyin əvəzinə, onu fəxri adlara, xalqın artistinə, sevimli aktrisaya çevirən Azərbaycan xalqının onu bağışlaması üçün addım atmalıdır.

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Back to top button