İdman

Qurban Qurbanovun o iradından sonra niyə susdunuz?

Üstündən 5 gün keçib. Səbirlə gözlədim, gözlədim ki, bəlkə kimsə bu iradın ucundan yapışıb nə isə yazar. Heç kim heç nə yazmadı. Nə ictimaiyyət sosial şəbəkədə, nə də mətbuat. Elə bil, qurbağa gölünə daş atılmışdı.

Qurban Qurbanovun “Turan Tovuz”la oyundan sonra dediyi iradları nəzərdə tuturam. Nə demişdi? Futbolçuların zədələnməsinə belə münasibət bildirmişdi:

“Meydança yeni olsa da, süni örtük ağırdır. Mən bunun tərəfdarı deyiləm. Marko Veşoviç də ilk hissədə ağrılar hiss etdi. Bunlar futbolçunu çox geri salır. “Turan Tovuz”un da 7 futbolçusu zədəlidir. Onlar burada məşq edirlər. Bundan çıxış yolu tapmaq lazımdır. Belə meydandakı oyundan 5-6 gün keçdikdən sonra futbolçular özlərinə gəlir. Əlavə yüklənirlər və mikro zədələr çox olur. Bütün meydançalarımızın təbii örtüklü olmasını istəyirəm”.

Artıq bütün dünyada belə qəbul olunub: süni örtük cinayətdir. Bəs Tovuzda süni örtüklü meydançanı kim salıb? Kim bu cinayəti törədib? Kim törədəcək? AFFA. AFFA-nın prezidenti kimdir? Rövnəq Abdullayev. Tovuzda 400 min manata başa gələn “akademiya” üçün 4 milyon “yuyan” Rövnəq Abdullayev. Ölkə boyu süni örtük “cinayətləri”ni kim törədib? Kim Şamaxıda, Bakıda tikilən stadionlara süni örtüklə “cinayət suvağı” çəkib?

Bu adam Azərbaycan futbolu üçün daha hansı pislikləri etməlidir? Qurban Qurbanov daha nə deməlidir? Qurbanovdan Almaniya klubuna qalib gəlməyi tələb edirsiniz axı. Bu adamdan Avropa Liqasının qalibi olmağı tələb edirsiniz axı. Heç bir məntiqə, ağıla sığmadan tələb edirsiniz. Amma futbol təsərrüfatındakı bu boyda nəhəng problemləri görmədən. Kim yaradıb o problemləri? Rövnəq Abdullayev və komandası. Ağzınızı açıb bir kəlmə də deyə bilməzsiniz, heç Rövnəq Abdullayevin adını da çəkə bilməzsiniz, bir-iki jurnalisti və saytı çıxmaq şərtilə.

Amma tələb edirsiniz Qurban Qurbanovdan ki, Almaniya komandasına qalib gəl, Avropa Liqasının qalibi ol. Ağzınıza çullu dovşan yerləşmir o tələbi edəndə, qəhrəman kimi asıb-kəsirsiniz. Asıb-kəsilməli adam başqasıdır. Azərbaycan futbolunda nəhəng problemləri yaradan adamdır. Nəhəng problem Rövnəq Abdullayevin özüdür. Di, asıb-kəsin. Amma əvvəlcə özünüzü. Ki, Qurban Qurbanovun o iradından sonra niyə susdunuz?

Natiq Muxtarlı, aut.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button