Cəmiyyət

“Yetərincə resurslara malik olan DİN üçün “yola vermək” tipli addımlar doğru deyil”

“Cari ilin əvvəli Prezidentin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-dan alınaraq DİN-ə verilib. Ötən müddət ərzində nələr dəyişilib? Qurum əsasən sosial media hesabları vasitəsilə yollardakı vəziyyəti əks etdirən şəkillər paylaşır. Və bir də radiodan istifadə edir. Vəssalam. Hansısa rəqəmsal həllər hələlik ortada yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı sonuncu paylaşımında yazıb.

O bildirib ki, yetərincə resurslara və peşəkar kadrlara, bu sahədə təcrübəyə malik olan DİN üçün bu tip yanaşmalar və “yola vermək” tipli addımlar doğru bir şey deyil:

“NİİM əməkdaşları bu gün də Ginnesin rekordlar kitabından nəsə paylaşıblar.

Çox təəccübləndim.

Ölkənin ən böyük Baş İKT İdarəsi, ən böyük datalar DİN-nin əlindədir.

Yollardakı vəziyyətlə, svetaforlarla, trafiklə, kameralarla təminatla bağlı bu qurumda olan resurslar və data heç kimdə yoxdur.

Belə olan halda, hansısa bir rəqəmsal həllər, trafiklər-tıxaclarla bağlı məlumatlandıran və kömək edən, tıxacdan çıxış üçün alternativlər təklif edən mobil tətbiqlər əvəzinə “Ginnes rekordlarını” təqdim etmək nə dərəcədə doğrudur.

Düşünürəm ki, yetərincə resurslara və peşəkar kadrlara, bu sahədə təcrübəyə malik olan DİN üçün bu tip yanaşmalar və “yola vermək” tipli addımlar doğru bir şey deyil.

Əlbəttə, etiraf etmək lazımdır ki, keçmiş nazir Ziya Məmmədovun “yadigarı” olan, iflas olmuş 130 milyonluq layihədən DİN-ə miras qalan infrastruktur elə də işlək vəziyyətdə, modern vəziyyətdə olmaya bilər.

Bununla belə, yenə o fikirdəyəm ki, DİN öz resurslarını da cəlb etməklə, “ağıllı svetaforlardan”, yollardakı detektorlardan, DYP informasiyalarından əldə olunan data ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəqəmsal həllərini hazırlaya bilərdi. İndiyədək gərək bu tip resurslar heç olmasa beta versiyada təqdim olunaydı.
Bəlkə də NİİM-in DİN-in İKT İdarəsinə deyil Yol Polisinə birləşdirilməsi özünü doğrultmayıb. Biz əvvəllər bunun effektiv və səmərəli olmayacağını bildirmişdik.

Məlumatlar yetərli olmadığından indiki halda bu haqda konkret nəsə demək mümkün deyil.

İstənilən halda, NİİM qarşısına qoyulan vəzifələrin reallaşması istiqamətində DİN-dən gözləntilər çoxdur”.

Bənzər yazılar

Back to top button