İqtisadiyyat

Mərhum nazirə məxsus olduğu deyilən şirkətlə 200 minlik müqavilə

“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi şəxsi “Caspel” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 191 700.44 AZN olan müqavilədə kompüter, printer, şəbəkə və digər periferiya qurğuları və avadanlıqlarının satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Caspel” MMC 2 avqust 2005-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 50 B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Ceyhun Məhi oğludur.

“Caspel” MMC-nin rəsmi veb-səhifəsində yerləşdirilən məlumata görə, şirkət Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərir. Məlum olur ki, şirkət yarandığı müddətdən bu yana bir sıra iri dövlət layihələrini həyata keçirib.

“Caspel” MMC bir müddət əvvəl 1 367 488 manat vergi borcu olması ilə gündəmə gəlib. Hazırda şirkətin vergi borcu yoxdur. Görünür, bu məsələ icitmailəşəndən sonra borc ödənilib.

“Caspel” MMC 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş, bu günlərdə dünyasını dəyişən Fazil Məmmədova məxsus olduğu iddia edilir. Yerli mediada gedən və təkzib olunmayan məlumatlara görə, şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.

Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb.

Mediada gedən məlumatlara görə, “Caspel” MMC Fazil Məmmədovun nazir olduğu vaxtda iş adamlarına kassa aparatı satırmış. Şirkətin bu biznesdən milyonlarla manat qazancv əldə etdiyi deyilir.

Bənzər yazılar

Back to top button