DünyaHadisə

Türkiyənin deputatı Mübariz Mənsimovun həbsindən danışdı: “Panika yaratmağa ehtiyac yoxdur”

Ötən gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov saxlanılıb.

Türkiyə mediasının yazdığına görə, həmyerlimiz İstanbul Prokurorluğu tərəfindən FETÖ istintaqı çərçivəsində dindiriləcək.

Sosial şəbəkələrdə və mediada isə Mübariz Mənsimovun FETÖ ilə əlaqəli olaraq tutulmadığı və ortada başqa məsələlərin olduğu kimi fikirlər dolaşır.

Maraqlıdır, doğurdan da iş adamının tutulmasında başqa faktorlar var?

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım cəmiyyətdə bu məsələ ilə bağlı panika yaratmağın doğru olmadığını deyərək, insanları rəsmi qərarı gözləməyə çağırıb:

“Mübariz bəylə illər əvvəl tanış olmuşam. Türkiyədə böyük maliyyə yatırımları edən, sevilən iş adamlarından biridir. Mən də mətbuatdan oxudum ki, FETÖ ilə əlaqəli olaraq saxlanılıb.

Bildiyiniz kimi Türkiyə hüquqi dövlətdir, minlərlə müəllim, dövlət qulluqçusu və əsgər məhz FETÖ ilə əlaqədə olduğu üçün işdən uzaqlaşdırılıb. Amma bu məsələni qətiyyən başqa istiqamətlərə çəkmək olmaz”.

Deputat Mübariz Mənsimovun vergiləri vaxtında ödədiyini vurğulayaraq onun FETÖ-dan başqa hər hansı ehtimalla tutulmadığını nəzərə çatdırıb:

“Mübariz bəy Türkiyədə tanınan iş adamlarından biridir, vergilərini vaxtında ödəyir, həm Azərbaycan, həm də Türkiyədə ehtiyacı olanlara yardım əlini uzadır. Bu baxımdan, düşünmürəm ki, ortada başqa hasnısa məsələ olsun”.

Ona görə də cəmiyyətdə panika yaratmağa, yalan məlumatlar yaymağa ehtiyac yoxdur. Düzdür, o FETÖ ilə əlaqədar olaraq nəzarət altına alınıb, amma yenə də son olaraq rəsmi açıqlamanı gözləmək lazımdır.

Ümid edirəm ki, qısa zaman ərzində məhkəmə doğru qərarı alaraq nəticəni elan edəcək”.

Bənzər yazılar

Back to top button