Hadisə

“Susuramsa, o demək deyil ki, sözüm yoxdur…”

“Susuramsa, öz abrıma görədir. O demək deyil ki, sözüm yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalan jurnalist Aytən Məmmədova yazıb.

“Həbsdə olan jurnalist dostlardan biri azadlığa çıxandan sonra həbs müddətində şahidi olduğu işgəncə, rüşvətxorluq və s. qanunsuzluqlardan bəhs edən silsilə yazılar yazırdı. Bəhs olunanlar da əksəriyyətə məlum olanlar idi, heç birimiz Marsdan gəlməmişik, hamımız bu ölkədə yaşayırıq, nə baş verdiyini də bilirik.

Hər dəfə yazı yayımlanandan sonra Penitensiar Xidmət orada yazılanları təkzib edirdi. Axırda jurnalistin əlacı kəsildi, yazıları təxminən bu cür təqdim etməyə başladı:

“Mən deyirəm ki, adamlara qarşı bu cür qanunsuzluq edirdilər, Penitensiar Xidmət isə deyir ki, belə hal yoxdur. Yalançının… (Üç nöqtənin də yerinə kimin ürəyindən nə keçirsə, yaza bilər)…”

İnsanı bu həddə çatdırmayın. Mən də susuramsa, öz abrıma görədir. O demək deyil ki, sözüm yoxdur…”, – deyə jurnalist, bildirib.
Qeyd edək ki, hadisənin üstündən 16 gün keçməsinə baxmayaraq, jurnalistə bıçaqla hücum edən, onu yazdığı yazılara görə azyaşlı övladı ilə hədləyən şəxs saxlanılmayıb.

Sonuncu dəfə 16 may tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verib və hadisənin araşdırıldığını bildirib. O, yeni bir məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcəyini deyib.

Bənzər yazılar

Back to top button