Analitika

Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinin hədəfləri – TƏHLİL

15 noyabr tarixində senator Natali Qule istisna olmaqla Fransa Senatının 295 üzvü Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Qətnamə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda və Ermənistanın suveren ərazisinə təcavüz etməkdə ittiham edir. Qətnaməyə Azərbaycan xarici işlər nazirliyi dərhal cavab verərək onu “tamamilə həqiqətdən uzaq, yalan, iftira dolu müddəaları əks etdirən və açıq təxribat xarakterli” sənəd adlandırdı.

Qətnamə Fransanın Azərbaycana qarşı növbəti şantaj siyasətidir. 2020-ci ilin noyabrında Fransa parlamenti höküməti qondarma qurumu tanımağa çağıran qətnamə qəbul etmişdi. Fransa hökuməti bu qətnamədən Minsk qrupunun labüd dağılmasını qabaqlamaq üçün istifadə etməyə çalışmaqdadır. Belə ki, hökümət, Minsk qrupunda həmsədr olduğunu əsas gətirərək qondarma qurumu tanımaqdan imtina etdi. Fransanın mövqeyini bərabərlik formasında belə ifadə etmək olar:

Həmsədrlik mandatının qalması = qondarma qurumun tanınmaması

Həmsədrlik mandatına xitam = qondarma qurumun tanınması

Bakı Minsk qrupuna xitam verməsə də, Ermənistan 25 ildə etdiyini son 2 ildə etməkdədir, yəni, Minsk qrupunu faktiki “yola verir”. Formal mövcudluğu faktiki mövcudluğa qaytarmaq üçün isə Fransa bir daha siyasi şantaja müraciət etməyə çalışaraq, Azərbaycana qarşı yeni qətnamə qəbul etdi.

Fransanın daha bir hədəfi Rusiyanı regiondan sıxışdırıb, onun yerinə Cənubi Qafqazda möhkəmlənməkdir. France2 telekanalına müsahibə zamanı Rusiyanın tənqid edilməsi, sərhəd gərginliyinin BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması, Aİ missiyasının Ermənistana göndərilməsi bu istiqamətdə atılan addımlardır. Bununla belə, Fransa anlayır ki, Bakı ona Azərbaycanın maraqları bahasına Cənubi Qafqazda möhkəmlənməyə imkan verməyəcək. Bunu nəzərə alan Fransa, 15 noyabr qətnaməsində iki siyasi xətt irəli sürməyə çalışır. Bir tərəfdən Ermənistanın müdafiə qabiliyyətinin artırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Ermənistanın sərhəd ərazilərinə beynəlxalq qüvvələrin yerləşdirilməsi təşəbbüsü irəli sürülür. Digər tərəfdən isə Ermənistan və Qarabağ ermənilərinin əli ilə Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edilir. Qətnamə Laçının nəzarətə götürülməsini pisləyir, Laçın dəhlizinin statusunun dəyişilməz qalmalı olduğunu bəyan edir və Azərbaycandan əvvəlki mövqelərə qayıtmağı tələb edir. Senat Fransa hökümətinə Qarabağda humanitar ofis yaratmağı nəzərdən keçirtməyi təklif edir. Qətnamədə yer alan erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və məcburi köçkünlərin geri qaytarılması tələbləri isə erməniləri yenidən Hadrut, Şuşa və digər ərazilərə qaytarmaq cəhdini özündə ehtiva edir. Beləliklə, cari qətnamə ilə Fransa həm Ermənistanda, həm də Azərbaycanda (Qarabağda) öz mövcudluğunu təmin etmək istəyir.

Məsələyə Fransa-Türkiyə kontekstində baxmaq da vacibdir. Türkiyənin beynəlxalq miqyasında artan rolundan narahat olan Fransa, Türkiyənin diqqətini qərbdə Yunanıstan, cənubda Suriya, şərqdə isə Ermənistan ilə yayındırmağa çalışır. Qətnamənin məğzini özündə ehtiva edən “Səbəblərin Təqdimatı” (ST) adlı sənəd Azərbaycanın “müttəfiqlərin, xüsusən də Türkiyənin dəstəyi ilə” hərbi əməliyyat keçirtməklə “Artsax hakimiyyətini” Qarabağı Ermənistanla birləşdirən 5 kilometrlik ensiz zolaqdan keçən mövcud marşrutdan imtina etməyə məcbur etdiyini iddia edir. Müşahidə etdiyimiz kimi cari qətnamə potensialda Türkiyəyə də qarşı sanksiyaları nəzərdə tutur.

Görünən odur ki, Azərbaycan bu cür addımlara hələ ki gözləyici mövqe nümayiş etdirir. Məqsəd – qarşı tərəfin ortaya qoya biləcəyi bütün vasitələri müəyyən etməkdir. Bu vasitələr müəyyən olunub, lazımınca dəyərləndiriləndən sonra Azərbaycanın mövcud vəziyyətdən çıxış edərək, qətiyyətli və müvafiq cavab addımlar atacağını düşünürük.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button