GündəmManşetSiyasət

Fransa Senatı ATƏT-in Minsk Qrupunun işini qeyri-mümkün edib

Fransa Senatının Azərbaycana qarşı tələblər irəli sürən qətnaməsinin erməni siyasətçiləri arasında yaratdığı coşqunluqdan sonra Yerevanda ayıq-sayıq ekspertlər çıxış edirlər.

“Fransa hökuməti qətnaməni qəbul etsə, bu, Ermənistana çox ciddi siyasi dəstək olacaq. Problem ondadır ki, bu ehtimal sıfıra yaxındır”, deyə politoloq Armen Baqdasaryan JAMnews-a bildirib.

Politoloq hesab edir ki, qətnamə eyni senatorlar qrupunun 2020-ci ildə, 44 günlük müharibədən sonra hazırladığı sənəd kimi, kağız üzərində qalacaq. İlk qətnamədə Fransa hökuməti Qarabağdakı separatçı rejimi müstəqil dövlət kimi tanımağa çağırırdı. Bu sənəd Fransa hökuməti tərəfindən yerinə yetirilmədi.

Baqdasaryan mənfi nəticələri, məsələn, Bakının Fransanın “neytral tərəf” olmaması ilə əsaslandıraraq, onu vasitəçilik missiyasından uzaqlaşdırmaq cəhdini istisna etmir.

Amma ATƏT-in Minsk Qrupu fəaliyyət göstərmir, belə ki, 44 günlük müharibədən sonra prezident İlham Əliyev aralarında Fransa nümayəndəsi də olan MQ-nin həmsədrləri ilə görüşməkdən imtina edir. Prezident İ.Əliyevin ATƏT MQ ilə əlaqələrdən imtina etməsi haqqında bəyanatından noyabrın 16-da ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filipp Riker sitat gətirib.

“Biz yalnız bilavasitə Bakı və Yerevanla qarşılıqlı fəaliyyət prosesində Azərbaycan və Ermənistan arasında nizamlama ilə məşğul oluruq”, deyə diplomat ABŞ Senatının xarici əlaqələr komitəsində aparılan müzakirələrdə çıxışında bildirib.

“Azərbaycan sadəcə olaraq bildirib ki, artıq Minsk Qrupu ilə işi olmayacaq”, deyə o əlavə edib.

Fransa niyə ATƏT-in Minsk Qrupunun həmsədri oldu? Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə səbəbi prezident Heydər Əliyevin Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrliyinə razılıq verməsi ilə izah edib.

“Uzun illər əvvəl, Rusiyanın və Finlandiyanın həmsədrliyini yeni tərkiblə dəyişdirmək qərarı qəbul edildikdə Rusiyanın siyasətinə ABŞ-ın tarazlıq gətirəcəyi təxmin olunurdu. Amma ATƏT Avropa təşkilatıdır. Böyük Britaniya neft layihələrində iştirakı ilə əlaqədar erməniləri qane etmirdi, biz isə Fransaya qarşı idik”.

Amma prezident Heydər Əliyev uzun-uzun düşündükdən sonra Fransanın MQ-nin üçüncü həmsədri olmasına icazə verdi.

“Onda o, çox dar dairədə bizə izah etdi ki, bu, bizim üçün faydalı olacaq, belə ki, Fransanın rəsmi vasitəçi statusu bizə Fransanın siyasi elitasının ermənipərəst mövqeyini qismən də olsa neytrallaşdırmağa imkan verəcək. Bu amildən uzun illər boyunca uğurla istifadə olundu. Buna paralel olaraq Azərbaycan məqsədyönlü şəkildə Fransanın maliyyə elitasının bir hissəsində Azərbaycanpərəst lobbiçilik qrupu yaratmaq üzərində işləyirdi. Bu taktika pis-yaxşı Fransanı daha məqbul çərçivədə saxlamağa imkan verirdi”, deyə T.Zülfüqarov bildirib.

“Amma 2020-ci ildən sonra erməni diasporu və Fransadakı ermənipərəst siyasətçilərə tam aydın oldu ki, “vasitəçilik” daha çox yüz milyonlarla avroluq hərbi təchizat alan və ya ölkəmizdə Eyfel qülləsindən başlayaraq yüz yerdə Mədəniyyət Mərkəzi açan Azərbaycana sərf edir”, deyə o əlavə edib.

Bu gün 30 illik “Fransanın vasitəçiliyi” layihəsi fransalıların və ermənilərin özləri tərəfindən “vəzifəsini yerinə yetirməmiş” layihə kimi bağlanır, deyə T.Zülfüqarov tarixi xatırladıb.

Fransa Senatı Ermənistana dəstək qətnaməsi qəbul edib və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi təklif edib. Sənədin mətnini birinci oxunuşda Milli Assambleyanın (Fransa parlamentinin) yuxarı palatasının 295 üzvü dəstəkləyib, bir senator sənədin əleyhinə səs verib.

Qətnamə tövsiyə xarakteri daşıyır və ölkə hökuməti tərəfindən icrası məcburi deyil.

Senat “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasını və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyi” və s. tələb edir. (Turan)

Bənzər yazılar

Back to top button