AnalitikaİqtisadiyyatManşet

Qiymətlər artırsa, əməkhaqqı da artmalıdırmı?

İnflyasiyaya dair oktyabr ayı üzrə rəsmi statistikaya əsasən Azərbaycanda cəmi məhsul və xidmətlərin qiyməti ötən ilin oktyabr ayına görə 15.6% bahalanmışdır. Qida məhsulları üzrə isə artım daha yüksəkdir – 21.7%. İnflyasiyanın hər dəfə kəskin yüksəlməsi isə önləyici tədbirlər qismində zaman-zaman əhalinin gəlirlərinin, xüsusilə daha aşağı gəlir səviyyəsi üzrə minimum əməkhaqqının artırılması məsələsini də gündəmə gətirir.

Qiymət artımlarını kompensasiya etmək və ya onu cilovlamaq üçün görülən tədbirlər sırasında minimum əməkhaqqının artırılması heç də həmişə uğurlu olmur. Nəzəri, tarixi və dünya təcrübəsi nöqteyi-nəzərdən bu ilk öncə ona görə belədir ki, maaş özü əməyin qiyməti olduğundan onun artması ən azı əmtəə-xidmət qiymətlərinin də artmasına stimul verir. Lakin, bu heç də həmişə əməkhaqqı artımının inflyasiya artımına səbəb olacağı da demək deyil. Çünki əsas olan dövriyyədəki puldur. Dövriyyədə olan pulu bir yolla (məsələn, vergilər) azaldaraq, yəni əməkhaqqı artımının yaratdığı əlavə pul kütləsini sterilizə edərək, inflyasiya təhlükəsindən qorunmaq olar. Göründüyü kimi bu bir qədər məharət tələb edən, incə işdir. Onu da qeyd etmək lazımdır ki, inflyasiyaya “koridor yaratmaq” baxımından xüsusi əhəmiyyətə malik manatla pul bazası son 1 ildə 10%-dən çox artdığı halda, manatla pul kütləsində bu artım 20%-dən çox olmuşdur. Lakin bir məqamı unutmaq lazım deyil ki, minimum əməkhaqqı artımının arealı təkcə bu çərçivədə maaş alan muzdlu işçilərlə məhdudlaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, artıq bir neçə ildir ki, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Məsələn, 2021-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 3.4% artdığından indeksləşməyə uyğun olaraq bu ilin əvvəlindən əmək pensiyaları da bu qədər artmışdır. Rəsmi məlumata görə, ölkədə minimum əməkhaqqı səviyyəsində maaş alanların sayı 800 min nəfərdir. Digər bir rəsmi statistikaya görə isə, bu gün ölkədə yaşa görə 700 mindən çox şəxs pensiya alır. Beləliklə, bu onu göstərir ki, minimum əməkhaqqının artması bu çərçivədə maaş alanlardan təxminən 2 dəfə çox miqyası əhatə etmiş olur.

Təbii ki, qeyd etdiyimiz kimi, pul kütləsinin artmasını əldə rəhbər tutaraq əməkhaqqı artımları üçün stimulun olmadığını da qəti şəkildə bildirmək olmaz. Ən azı, hər bir minimum maaş alan vətəndaş kimi biz də istəyərik ki ölkədə müəyyən olunan əməkhaqqının minimum ölçüləri 500 manata qaldırılaraq, orta aylıq əməkhaqqının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulduğu 60% həddinə çatdırılsın. Hazırda bu nisbət 36.3%-dir.

Hətta digər arzumuz da odur ki, digər sahələrdə də istinad etdiyimiz qardaş Türkiyə praktikasında olduğu kimi, minimum əməkhaqqının hansı məbləğdə olmasından asılı olmayaraq, gəlir vergisinə cəlb olunmasın və minimum əməkhaqqının müəyyən olunması hər biri 5 nəfər olmaqla işçi, sahibkar və dövlət nümayəndlərindən ibarət 15 nəfərlik komissiyanın müzakirələri ilə həyata keçirilsin.

Ancaq məsələ bununla yekunlaşmır. Azərbaycanda minimum əməkhaqqı, dünyada bənzəri olmayan bir mexanizm ilə həm də sosial sığorta ödənişlərinin həyata keçirilməsində meyar rolunu oynayır. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Maddə 14) əsasən artıq bir neçə ildir tətbiq olunan mexanizm üzrə, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, mülki müqavilə ilə çalışanlar (14.5.3-cü bənd üzrə) və mülkiyyətində kənd təsərrüfatı yararlı torpağı olanlar gəlirlərindən aylıq minimum əməkhaqqının müxtəlif regionlar üzrə müəyyən edilmiş nisbəti səviyyəsində məcburi dövlət sığorta haqqı ödəyirlər.

Məsələn, qanunun 14.5.1-ci bəndində nəzərdə tutulur ki, Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən sahibkar minimum ə/h-nın 50%-i qədər sosial sığorta ödənişi həyata keçirir. Beləliklə, bu gün minimum əməkhaqqı 500 manata yüksələcəyi halda, Bakıda fərdin ödədiyi sığorta ödənişi 150 manatdan 250 manata yüksələcək. Sumqayıt və Gəncə şəhərləri üzrə ödəniş minimum əməkhaqqının 90%-i olduğundan artım 135 manatdan 225 manata, buna uyğun olaraq ödənişlərin 80% nisbətdə nəzərdə tutulduğu digər şəhərlərdə ödəniş 80 manat (120 manatdan 200 manata), 50% nisbətdə nəzərdə tutulduğu kənd yerlərində isə 50 manat (75 manatdan 125 manata) artacaqdır. Həmçinin, ödənişlər 25% əsasla digər sahələr üzrə də eyni formada hesablanmaqdadır.

Maddə 14.5.1-1-dən 14.5.1-1.8.-dək isə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər (çalğıçı, rəqqas, aşıq, məzhəkçi, çəkməçi, pinəçi, fotoqraf, məişət əşyaları təmirçisi, qulluqçu,dayə, sürücü, bağban, aşpaz, gözətçi, ofisiant, bərbər, dərzi) üçün bu nisbət müvafiq olaraq 3-5% arasında dəyişir. Yəni, bu şəxslər aylıq qazanclarından minimum əməkhaqqının nəzərdə tutulan həmin nisbətləri qədər sosial sığorta ödənişi edirlər.

Həmçinin, qanunun 14.5.1-1.9. maddəsinə əsasən, mülkiyyətində 5 hektara qədər torpağı olanlar minimum əməkhaqqının 2%-i, 5 hektardan 10 hektara qədər olanlar 6%-i, 10 hektardan yuxarı olanlar isə minimum əməkhaqqının 10%-i qədər məcburi dövlət sosial sığorta haqqı ödəmiş olurlar.

14.5.1-1.10 maddəyə əsasən,  Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin öhdəlikləri minimum aylıq əməkhaqqının 6 faizi, 14.5.3-cü maddə üzrə isə xüsusi notariusların öhdəlikləri minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında müəyyən olunmuşdur.

Belə bir mexanizm isə minimum əməkhaqqının artırılması fonunda bu sahələrin də büdcə öhdəliklərini artırır ki, bu da yekunda yeni mərhələ ya kölgə iqtisadiyyatını ya da qiymət artımlarını labud edir. Problem VÖEN-lə fəaliyyət göstərənlərin sosial ödənişlərlə minimum əməkhaqqı arasındakı bağlantını qoparıb, onu qanunvericilikdən dövriyyəyə daşımaqla həll edilə bilər. Məsələn, qanunun 14.5.4-cü maddəsinə görə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı təsbit olunur. Bu zaman minimum əməkhaqqı artımının sosial ödənişə heç bir aidiyyatı olmur. Beləliklə, digər qruplar üzrə də normanın ayrı-ayrı fərdlərin gəlir və dövriyyəsini əsas götürməklə onların ödənişinə şamil olunması tövsiyyə olunur. Çünki, fors-major hallarda hökumət minimum əməkhaqqını il ərzində bir neçə dəfə artırmalı olsa, qeyd etdiyimiz fəsadlar özünü dərhal biruzə verəcəkdir.

Pünhan Musayev, iqtisadçı

Bənzər yazılar

Back to top button