İdman

50 manatlıq “Qarabağ”, və ya aldadılan fotoqraf yenə işdən qovuldu

Fevral ayının sonunda “Qarabağ’ Peşəkar (?!!) Futbol Klubu fotoqraf Elmir Kərimovla yollarını ayırmaq haqda qərar vermişdi. Adı Peşəkar, əslində isə yalnız A komandasından ibarət Ağdam təmsilçisi bunu 3-cü qrup əlil olan fotoqrafa ödənilən qonorarın çox olması ilə əlaqələndirmişdi. Elmirə hər avrokubok qarşılaşmasına görə 100, daxili yarışlara görə isə 50 manat ödənilirdi ki, klub başbilənləri məbləğin çox olmasını önə çəkməyə zərurət duymuşdular. Onların mövqeyi belə idi ki, avrokubok görüşlərinə görə də 50 manat ödənilməlidi. Axı, hər iki halda bu gənc meydanın kənarında eyni – 90 dəqiqəni keçirir. Adama deyən lazımdı, belə arifmetik hesablama aparansan, bütün oyunları avrokuboklardakı kimi hesabla da! Biz hələ avrokuboklarda komandanın 90 yox, 120 dəqiqə, bəzi hallarda isə penalti seriyasını da nəzərə almaqla, hansı vaxt kəsiyində fotoqrafın xidmətindən yararlanmasını hesablamağa zərurət duymuruq.

Məsələdən ilk hali olan Sportlife.az saytı ölkənin ən zəngin klubunun bu utancverici hərəkəti barədə məlumat dərc etdikdən sonra bir xeyli mətbu orqanı Azərbaycan çempionunun bu qərarına kəskin etirazını bildirdi. Bundan sonra “Qarabağ” tələsik formada məşhur filmdə Rüstəm bəyin Sərvəri Gülnazın dayısı kimi təsvir etməsi hiyləsinə əl ataraq, ortada sadəcə, anlaşılmazlıq olduğunu önə çəkdi. Media da bu məsələyə “ok” dedi. Axı, əsas o idi ki, bir gəncin çörəyinə bais olma hərəkətinin qarşısı alınmışdı. Təəssüf ki, əsl həqiqət “Qarabağ” rəhbərliyinin iç üzünü ortaya qoydu. Necə?

“Qarabağ” Kərimovla yenidən yolları ayırıb. Bu dəfə öz aləmlərində daha sivil yolla. Nə yaxşı ki, “Qarabağ”da çalışan və işini irirməkdən qorxmayan bir neçə əməkdaş hələ ki fəaliyyət göstərir. Elmiri “Qarabağ”dan uzaqlaşdırmaq üçün klub rəhbərliyi fotoqrafa müqavilə əsasında ştata götürülməyi və buna əsasən aylıq 400 manat məvacib təklif edib. Əvəzində isə bütün aşağı yaş qrupları üzrə, habelə əvəzedici və A komandasının oyunlarından şəkillər çəkməyi təklif edib. Təbii ki, bu, “qapını çöldən bağla” anlamına gəlir.

Bax, elə burdaca əlavə şərh etmədən yazını tamamlayırıq. Niyə? Çünki problemi səngitmək üçün Elmiri geri çağıran və təqribən 40 gün sonra yeni formada “torba tikənlər” haqda əlavə rəy bildirməyə ehtiyac duymuruq.

Sport24.az

Bənzər yazılar

Back to top button