ManşetSiyasət

Etibar Məmmədov: Bütöv Azərbaycan milli ideyaya çevrilib (MÜSAHİBƏ)

Milli azadlıq hərəkatının liderlərindən Etibar Məmmədov Turan agentliyinə müsahibəsində azadlıq hərəkatının ölkəyə gətirditi yeni milli ideologiyadan danışıb.

– Dirçəliş hərəkatından başlayan azərbaycançılıq ideologiyasının hazırda təsir dairəsi barədə nə deyə bilərsiniz? Azərbaycan siyasi xəritəsini artıq cızıb, bəs ölkənin ideoloji xəritəsi barədə nə düşünrsünüz?

– 1988-ci ildən başlayan hərəkat çox sürətlə Dağlıq Qarabağ mövzusundan kənara çıxmağa başladı. Yəni böyük Azərbaycan ideyası ətrafında söhbətlər genişlənməyə başladı. Ondan sonra milli azadlıq hərəkatı, Şimali Azərbaycanın müstəqil dövlətə çevrilməsi uğrunda olan mübarizə Azərbaycanın müstəqilliyinin bərpasına gətirib çıxardı. Amma, eyni zamanda bütöv Azərbaycan ideyası həmişə hər bir azərbaycanlının beynində dolaşırdı. Nəticə olaraq əvvəl-axır bütöv Azərbaycan ideyasının milli ideyaya çevrilməsi prosesi mərhələsi gəldi. Bu gün artıq bütöv Azərbaycan milli ideyaya çevrilib.

– Meydan hərəkatı ölkədə İran Azərbaycanında yaşayan soydaşların hüquqlarının müdafiəsi ideologiyasını da hakim etdi. İran Azərbaycanında yaşayan soydaşların hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı təşkilatlar yarandı. Hazırda bu təşkilatlar İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından hansı işlər görür?

– Deyə bimərəm ki, təşkilatların effektiv fəaliyyəti sahəsində biz irəli getmişik. Ancaq, bu ideyanın təkcə xalqın arasında yox, həm də dövlət səviyyəsində irəli sürülməsi artıq dəfələrlə deyildiyi kimi, Azərbaycan Respublikasının dünyadakı bütün azərbaycanlıların himayədarı olması, onların hüquqlarının bu dövlətin zəmanəti altına alınması prosesi demək olar ki, başlayıb. Məncə indiyədək dərnəklər, maddi və təşkilati durumu zəif olan təşkilatlar artıq yerini daha böyük təşkilatlara verməldir. Indiyə qədər təəssüf ki, Güney Azərbaycan problemi dünya səviyyəsində olan problem həddinə gətirilib çatdırılmayıb. İnidki mərhələdə bunun dünya səviyyəsində problem kimi irəli çıxması və beynəlxalq təşkilatlarda əsas mövzuya çevrilməsi mərhələsi gəlib.

– Meydan hərəkatının ilkin nəticələri kimi keçmiş Sovet İttifaqının cənub sərhədlərində azərbaycanlı fəallar sərhəd dirəklərini dağıdaraq İranla sərhədin böyük bir hissəsini açdı. İlk dəfə olaraq Araz çayı boyunca İranda yaşayan azərbaycanlılar Sovet İttifaqında yaşayan soydaşları ilə təmas qurdular. Hazırda Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılarla bağlı siyasətini qənatəbəxş hesab etmək olarmı?

– İndiyədək olan siyasəti qənatəbəxş hesab etmək olmaz. Ancaq sson dövrlərdə artıq hakimiyyətdə olanlar da dərk etməyə başlayıblar ki, istəsə də, istəməsə də bizim cənubda yaşayan soydaşlarımızın duyğuları, onların mədəni, milli haqları məsələsi artıq bu dövlətin siyasətinin tərkib hissəsi olmalıdır. Prezidentin sonuncu çıxışı bu məsələlərə ciddi təkan verib. Bunun səbəbi ondan ibarətdir ki, İran indiyə qədər Azərbaycanı müstəqil dövlət kimi tanımaq istəmir və bundan sonra da istəməyəcək. Bu dövlətin böyüməsini və güclənməsini özünə təhdid hesab etdiyi üçün Azərbaycana qarşı geniş miqyasda təxribatlar aparıb və bundan sonra da aparacaq. Azərbaycan özünü, milli maraqlarını qorumaq üçün tədbirlər görməlidir. Bu tədbirlərin ən böyüyü ondan ibarətdir ki, oradakı soydaşalrımızın hüquqlarının müdafəsi dövlət səviyyəsinə qaldırılmaldır. İlkin addım atılıb və bunun genişləndirilməsi gözlənilir. Biz çalışmalıyıq ki, oradakı soydaşlarımız da təşkilati cəhətdən fəaliyyətlərini gücləndirsinlər. Həmin təşkilatlar da öz növbəsində həm İranın daxilində, həm də beynəlxalq aləmdə soydaşlarımızın hüquqlarını müdafiə edə bilsinlər.

– 1988-ci ildən başlayaraq İranda yaşayan çoxsaylı azərbaycanlılar Azərbaycan Respublikasına axın etdi, təhsil müəssisələrinə qəbul edildi. Daha sonra İrandan olan azərbaycanlıların Azərbaycan Respublikasından digər ölkələrə köçü başladı. Sizcə Azərbaycan hökuməti İranda yaşayan azərbaycanlıların sərhədlərdən sadələşdirilmiş keçidi, təhsili ilə bağlı hansı işlər görə bilər?

– Sərhədlərdəki məsələ kifayət qədər sadələşdirilməlidir. İnsanların öz qohumları ilə görüşməsi üçün gəliş-gedişləri çox sadə olmalıdır ki, əziyyət çəkməsinlər. Bu məsələnin bir tərəfi, ikincisi isə oradakı insanların hüquqlarının müdafiəsi məsələsidir. Onların hüquqlarının müdafiəsi üçün isə təşkilatlanmalarına və savadlı kadrlara ehtiyacları var. Ona görə də oradan gələn gənclərimizin təhsil məsələləri dövlət səviyyəsində həll olunmalıdır. Mən dəfələrlə məsələ qaldımışam ki, güneydən olan soydaşlarımızın təhsil məsələsinin həlli üçün dövlət büdcəsində ayrıca maddə olmalıdır. Cənubdan olan soydaşlarımız üçün təhsil müəssislərində müxtəlif ixtisaslar üzrə kvotalar ayrılmalıdır. Cənubdan olan gənclər yetişdirilməlidir ki, öz millətini təşkilatı, hüquqi cəhətdən təmsil edə və qoruya bilsin.

Qeyd: Bu Etibar Məmmədovun fikirləridir. Azərbaycan İaranın, İran isə Azərbaycanın ərazi bütövlüyünü tanıdğını bəyan edib. Bununla yanaşı, İranda yaşayan azərbaycanların dəqiq sayı ilə bağlı rəsmi statistik rəqəmlər mövcud deyil. Ekspertlər bu ölkədə 20 milyondan 40 milyonadək azərbaycanlının yaşaması barədə müxtəlif rəqəmlər söyləyirlər. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirlən zirvə toplantısında Azərbaycandan xaricdə 40 milyondan çox azərbaycanlının yaşadığını bildirib.

Bənzər yazılar

Back to top button