İqtisadiyyat

Polis Akademiyasının şüşələrini pendir istehsal edən sahibkar yuyacaq – Təfərrüat

Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 47 min 650 manat 40 qəpik olan tender müsabiqəsinin qalibi “Leygün” MMC (VÖEN- 3800227221) olub.

“Leygün” MMC Polis Akademiyası üçün hündürmərtəbəli inzibati və yataqxana binalarında şüşələrin yuyulması xidmətini həyata keçirəcək. Yuyulacaq sahə 37 min 520 kv metr olacaq. Rəqəmlərdən belə görünür ki, 1 kv metr şüşə 1,27 manata yuyulacaq.

Nizamnamə kapitalı 10 manat olan “Leygün” MMC -nin hüquqi ünvanı Balakən rayonu, Qazma kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mirəliyev Xəlifə Mollamusa oğludur. Xəlifə Mirəliyev eyni zamanda “Emhouse” MMC-nin (VÖEN-3800812371) də qanuni təmsilçisidir.
Xəlifə Mirəliyev eyni zamanda Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorudur.

Xəlifə Mirəliyevin, həmçinin Balakən Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının üzvüdür. Xəlifə Mirəliyevin oğlu Ramil Mirəliyevin isə 109 saylı Balakən Seçki Dairəsinin sədr müavini və Balakən rayon Mənzil Kommunal Sahəsinin rəisi olduğu bildirilir.
Qeyd edək ki, bu şirkətin adına ancq tender müsabiqələrində rast gəlmək olur.

DİN Polis Akademiyasının şüşələrini təmizləyəcək “Leygün” MMC-nin adına tenderlə əlaqəsi olmayan yalnız bir məlumatda rast gəlmək olur. Ötən il mətbuatda belə bir məlumat yayıldı ki, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, Birləşmiş Millətlər Təşkilatını İnkişaf Proqramının (BMTİP) “ABAD” publik hüquqi şəxsi ilə birgə icra etdiyi “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi başa çatıb. Məlumatda qeyd olunurdu ki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, BMTİP-in Azərbaycandakı əlaqələndiricisi Alessandro Frakassetti, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev regionlarda bu layihədən yararlanan ailələrə baş çəkiblər.

Baş çəkdikləri ailələrdən biri də “Leygün” MMC-nin sahibi olan Elmir Mirəliyevin ailəsi olub. Pendir istehsalı ilə məğul olan Mirəliyevlər ailəsi əvvəllər Balakəndə kiçik çörək sexi işlətsələr də, əldə etdikləri gəlir işin dayanıqlığını təmin etmək üçün kifayət etməyib. Ailə öz biznesinin şaxələndirilməsi imkanlarını araşdırmaq üçün sözügedən layihəyə qatılıb.

İndi belə görünür ki, son bir ildə ailə öz biznesini daha da genişləndirərək pendir istehsalından şüşə təmizləmə işinə başlayıb.

Onu da qeyd edək ki, bu cür maraqlı tender müsabiqələri DİN Polis Akademiyası tərəfindən əvvəllər də keçirilib.

Bənzər yazılar

Back to top button