İqtisadiyyat

Deputatın satdığı şirkət cərimələndi – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Avromed Company” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Yeniavaz.com xəbər verir ki, “Avromed Company” QSC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyilə noyabr ayının 30-u saat 14:30-da baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, əczaçılıq məhsullarının idxalı ilə məşğul “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı əvvəllər Nizami rayonu, Nizami Abdullayev, ev 47-də yerləşib. Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsgəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov bu ilin fevral ayında şirkətə baş direktor təyin olunub.

Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb:

“Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.

Bənzər yazılar

Back to top button