Cəmiyyət

Nazirliklə bağlı şok ittihamlar – Taksi sürücüsünə vəzifə verildi

Son illər Mədəniyyət Nazirliyi ətrafında qalmaqallar azalmaq əvəzinə daha da artır. Bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat, nazirliyin iki vəzifəli şəxsinin saxlanılması, mədəniyyət ocaqlarında baş alıb gedən qanunsuzluq və özbaşınalıqlar, sənət adamları ilə nazirlik arasında yaranan problemlər bu dövlət qurumunun ictimaiyyət arasında nüfuzunu xeyli sarsıdıb.

Nazirliyin son iki ildə beynəlxalq müstəvidə əldə etdiyi uğurlar danılmaz olsa da, daxildə aparılan siyasət təəssüf ki, görmək istədiyimiz kimi alınmır. Nazirliyə bağlı qurumlarda vəziyyət daha da acınacaqlıdır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin adının açıqlanmasını istəməyən əməkdaşının Bakupost.az-a bildirdiyinə görə, qurumun rəhbəri Azad Cəfərlinin özbaşınalıq və qanunsuz işləri sərhəd tanımır. 2020-ci ildə Mədəniyyət naziri Anar Kərimovun kadrı olaraq bu vəzifəyə təyin olunan Azad Cəfərli qısa müddət ərzində bütün peşəkarları işdən kənarlaşdırıb.

Bundan başqa, şikayətçinin sözlərinə görə, Xidmət rəisi əsassız yerə işçilərə töhmət verir, onların əmək haqlarından qanunsuz olaraq pul tutur, vakant ştatlara imtahansız işçi qəbul edir: “İşçilərin böyük əksəriyyəti müqaviləçi olaraq fəaliyyət göstərirlər. İşçilər kağız üzərində dövlət hesabına ezamiyyətə göndərilir. Halbuki həmin şəxslər ezamiyyət müddətində ofisdə otururlar”.

Mənbə onu da bildirib ki, noyabrın 3-də Hacıqabulda ağacəkmə aksiyasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları da iştirak edib: “Amma rəsmi sənədlərdə həmin əməkdaşların oktyabrın 31-dən noyabrın 5-nə qədər ezamiyyətdə olduqları yazılıb. Digər bir fakt Azad Cəfərlinin Qarabağın işğaldan azad olunmuş bölgələrinə – Kəlbəcərə, Şuşa, Laçın, Ağdama işçi götürməsidir. İşçilər həmin bölgələrdəki abidələrin mühafizəsini həyata keçirmək üçün işə götürülüb, maaş alırlar, amma faktiki olaraq həmin bölgələrdə deyillər.

2020-ci ildən Kəlbəcərdəki abidələrin mühafizəsi üçün işçilər götürülüb. Amma orda heç kim yoxdur. Halbuki qanunla bu qurumun o yerlərə işçi götürmək səlahiyyəti yoxdur. Çünki həmin yerlərdə yaşayış yoxdur. O yerlərdə çalışan adamların işi, qulluq vəzifəsi saat 09:00-dan 18:00-a qədər abidəni qorumaqdır. Lakin onlar hazırda o yerlərə gedib-gələ bilmirlər. Yardımçı dövlət qulluqçularının yarısı “ölü canlar”dan ibarətdir. Ayda büdcədən onların hər birinin adına 700 manata qədər məvacib silinir. Adları olsa da, özləri və fəaliyyətləri yoxdur”.

Mənbə onu da bildirib ki, Azad Cəfərli qulluq funkisyasını bilməyən, qanunvericilkdən xəbəri olmayanları, hətta taksi sürücülərini belə abidə mühafizəçisi kimi işə götürür.

Onun sözlərinə görə, hazırda Bakı regionu, həmçinin Qarabağ üzrə on abidə mühafizəçisi aparatda oturub boş vaxt keçirir: “Qarabağ üzrə təyin olunan elə əməkdaşlar var ki, ümumiyyətlə, xidmətin yolunu tanımır, qulluq funksiyası nədir, bilmir. Azad Cəfərlinin yol verdiyi qanunsuzluqlardan biri də 50 faizdən çox vakant ştata işçiləri müqavilə ilə qəbul etməsidir. Halbuki onun belə bir səlahiyyəti yoxdur. Hazırda 20 ştat yeri üzrə 19 müqaviləçi fəaliyyət göstərir.

Qurumun kadrlar otağında dəftərxana ləvazimatı yoxdur”.

Mənbə bildirib ki, Xidmətin əməkdaşları Azad Cəfərlinin qurum daxilində intriqalara kökləndiyini, işçiləri bir-birinin üzünə durmağa məcbur etdiyini deyirlər: “Regional idarələrin nə möhürləri, nə blankaları, nə xəzinadarları, nə də inzibati binaları var. Regional idarələrdə 4 inzibati vəzifə var, yarısı müqaviləçi, yarısı da vakantdır. Əslində, “Dövlət qulluğu haqqında” qanuna görə, bu şəxslər DİM-in imtahanından keçməlidirlər. Lakin heç biri imtahan verməyib. Regional idarənin əsasnaməsinə görə, hər bir idarənin xəzinədarları olmalı və maliyyə məsələlərinə özləri nəzarət etməlidir. Lakin Azad Cəfərli bu məsələdə də qanunları pozur. O, bütün inzibati idarələrin maliyyə məsələsini öz əlində cəmləşdirib.

Bütün bu neqativ halların hamısı Mədəniyyət Nazirliyinə bağlı kiçik bir qurumda cərəyan edir. Azad Cəfərli heç bir şikayətə məhəl qoymur. “Məni bura Prezident təyin edib, heç kim mənə heç nə edə bilməz” deyərək, dövlətin qanunlarını yumşaq desək, vecinə almır”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova Bakupost.az-a açıqlama verib. O, bildirib ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə bağlı nazirliyə hər hansı bir şikayət daxil olmayıb: “İddia edilən məsələlərlə əlaqədar hazırkı vaxtadək Mədəniyyət Nazirliyinə hər hansı müraciət daxil olmayıb. Onu da diqqətə çatdırmaq istərdik ki, ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları müraciətdə qeyd edilən məsələlərlə bağlı Dövlət Xidmətinin tabe olduğu yuxarı təşkilat kimi Mədəniyyət Nazirliyinə müraciət edə bilərlər”.

Nuridə Allahyarova həmçinin əlavə edib ki, sözügedən məlumatlar əsasında Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında xidməti yoxlama təyin ediləcək və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək: “Kütləvi informasiya vasitələri nümayəndələrinə məsələ ilə bağlı göstərdikləri diqqət və həssaslığa görə təşəkkürümüzü bildirir, ictimaiyyətin hər zaman doğru və dürüst informasiya ilə təmin edilməsində davamlı əməkdaşlığa ümid edirik”.

Bənzər yazılar

Back to top button