Dünya

ABŞ bildirir ki, Rusiya qoşunlarının Ukraynada sistemli müharibə cinayətləri törətməsinə dair sübutlar toplanır

Bazar ertəsi Dövlət Departamentinin yüksək vəzifəli məmuru bildirib ki, Rusiya qoşunlarının Ukraynada “sistemli hərbi cinayətlər” törətməsinə dair “sübutlar artır”, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Bu, mülki əhaliyə və infrastruktura qəsdən və qeyri-mütənasib hücumları əhatə edir”, – ABŞ-ın qlobal cinayət ədliyyəsi üzrə səfiri Bet Van Şaak jurnalistlərə bildirib.

“Biz mülki şəxslərə və hərbi əsirlərə qarşı amansız rəftarın, eləcə də bu cinayətləri ört-basdır etmək cəhdlərinin şahidi oluruq. Bizdə məlumat var ki, vətəndaşları əlləri bağlı vəziyyətdə edam edirlər. Ölənlərin cəsədlərində işgəncə izləri, qadınlara və uşaqlara qarşı seksual zorakılıq faktları var”, – o deyib.

Ukrayna Baş Prokurorluğu hərbi cinayətlərin olduğu minlərlə insident müəyyən edib. Amma hələ də Rusiyanın işğalı altında olan ərazilərdə nələrin baş verdiyini bilmirik. “Buna görə də həmin ərazilər azad edildikdən sonra yeni dəlillərin ortaya çıxacağını gözləyirik”, – Van Şaak deyib.

Diplomat Rusiya tərəfindən geniş filtrasiya əməliyyatları infrastrukturunun yaradıldığını da bildirib. Orada minlərlə Ukrayna vətəndaşı var.

“Kütləvi edamlar da daxil olmaqla, fiziki və psixoloji zorakılıq, zorla köçürülmə və deportasiya, o cümlədən qaçırılan və Rusiyada zorla övladlığa götürülən ukraynalı uşaqlar barədə inandırıcı məlumatlar var”, – o deyib.

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini, Ukrayna Baş Prokurorluğunu, Birləşmiş Millətlər Təşkilatı İstintaq Komissiyasını, Avropa Birgə İstintaq Qrupunu dəstəkləyir, Van Şaak vurğulayıb.

Bənzər yazılar

Back to top button