ManşetSiyasət

“Qərbin sülh təklifləri Azərbaycanın maraqlarına uyğun, Moskvanın sülh təklifləri isə ziddir” (MÜSAHİBƏ)

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahbədə deyib ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib.

“Əgər biz Ermənistanı və Dağlıq Qarabağı fəlakət qarşısında qoymaq istəmiriksə, təkbaşına bütün dünyaya qarşı mübarizə apara bilmərik, çünki bunu bacarmarıq”- Paşinyan belə deyib.

Bir gün sonra isə parlamentdə çıxışında o, Bakını “Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə” başlamağa çağırıb. Onun sözlərinə görə, bu, “Rusiyanın mövqeyidir” və “Dağlıq Qarabağın statusu məsələsində deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsindən ibarətdir”.

Paşinyan bu bir-birinə zidd görünən bəyanatları ilə nə demək istəyir?

Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

* * *

Sual: Elman bəy, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai televiziyasına müsahibəsində deyir ki, 1996-cı ildə dünya birliyi Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu qəbul edib. Bir gün sonra isə parlamentdə Bakını “Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə” başlamağa çağırıb. Bu bəyanatlardan hansı nəticə çıxarmaq olar? Paşinyan niyə belə təzadlı bəyanatlarla çıxış edir?

Cavab: Paşinyan “1996-cı ildə dünya birliyi Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini qəbul edib” deyərkən yəqin ki, məşhur “Lissabon sammiti”ni nəzərdə tutur. Həmin sammitdə ATƏT-in 54 üzv ölkəsindən 53-ü (Ermənistan istisna olmaqla) problemin həllinə dair 3 prinsip qəbul etdilər: Azərbaycan və Emənistanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Prinsiplərə diqqət etsəniz görərsiniz ki, orada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları (ən yüksək statuslu muxtariyyat) məsələsi də qeyd olunub. Bu baxımdan sualınızın ikinci hissəsində qeyd etdiyinizin əksinə, Paşinyanın bəyanatında təzad yox, ardıcıllıq var. Yəni onun çıxışında qeyd etdiyi problemin Aərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi və rəsmi Bakını Qarabağ erməniləri ilə birbaşa söhbətə çağırması ifadəsi Heydər Əliyev zamanında böyük diplomatik qələbə kimi təqdim olunan Lisssabon sammitinin prinsipləridir. Burada aktual sual isə odur ki, İlham Əliyev özünün Qarabağ siyasətində atasının uğur saydığı Lissabon prinsiplərini qəbul edirmi? Yəni Qarabağ ermənilərinə “ən yüksək statuslu muxtariyyat” verməyi düşünürmü?

44 günlük müharibədən sonrakı ritorikaya diqqət etsək, İham Əliyev dəfələrlə bəyan edib ki, “status gorbagor oldu”. Məhz buna görə Paşinyan Lissabon Sammiti prinsiplərinə istinad etməklə İlham Əliyevə atasının uğur kimi təqdim etdiyi çərçivəni xatırladır. Ancaq məsələ burasındadır ki, Ermənistan özü həmin vaxtı problemin bu çərçivədə həllinə qarşı çıxdığı üçün prinsiplərin sənəd kimi qəbulunda konsensus mümkün olmayıb. Bu səbəbdən də həmin prinsiplər tərəflər üçün beynəlxalq hüquqi öhdəliklər yaratmır.

Sual: Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryansa bidlirib ki, Azərbaycanın Ermənistana qarşı hərbi təxribat həyata keçirməsinin təhlükəsi mövcuddur. Bu da daha bir ittiham. Ermənistan Milli Məclisi müdafiə komissiyasının sədr müavini Armen Xaçatryan isə deyib ki, Azərbaycan hər şeyə əl atır, təxribat törədir ki, sülh prosesi pozulsun. İndiki halda tammiqyaslı hərbi əməliyyatların başlanmasının Ermənistan Respublikası üçün çox ağır nəticələri ola bilər”. Sizcə, həqiqətənmi sülh prosesini pozmağa çalışan Azərbaycan tərəfidir? Bu kimi bəyanatlar sülhə xidmət edirmi?

Cavab: Belə açıqlamalar, əlbəttə, sülhə xidmət etmir. Ümumiyyətlə, son vaxtlar Ermənistan rəsmiləri sülh danışıqları üzrə Moskva prosesinə üstünlük verməklə, əslində, sülh danışıqlarının baş tutmaması yolunu seçiblər. Soçi görüşü öncəsi Paşinyanın Xankəndidə yerləşən Rusiya hərbi kontingentinin bölgədə qalma müddətinin 15-20 il uzadılması təklifi ilə çıxış etməsi, Kremlin “sülh” təkliflərini qəbul etməyə hazır olduğunu bəyan etməsi (hansı ki, bu təklif Azərbaycanın Xankəndidə suverenliyinin təminini sual altına qoyur), bütün bunlar sülhə xidmət etməyən yanaşmalardır. Bu baxımdan sülhün baş tutmamasında Paşinyan administrasiyasının rəsmi Bakını ittiham etməsi yersizdir. Ümumiyyətlə isə, həm İlham Əliyevin, həm də Paşinyanın ritorikası yaxın zamanlarda sülhə nail olmaq istəklərindən xəbər vermir.

Sual: Qarabağ probleminin tənzimlənməsinə dair iki yanaşma var. Qərb və Rusiya yanaşması. Bu yanaşmalarda hansısa ziddiyyətlər mövcuddurmu? Ziddiyyət yoxdursa, niyə yanaşmalar fərqləndirilir?

Cavab: Qərb və Rusiyanın problemin həllinə dair yanaşmasında ciddi prinsipial fərqlər var.

Qərbin problemin həlli ilə bağlı yanaşmasının təməli Qarabağ üzərində Azərbaycanın tam hakimiyyətinin tanınması və yerli ermənilərin təhlükəsizliyinin təminidir.

Moskvanın “15 bəndlik sülh təklifinə görə isə Rusiya Ermənistan və “Qarabağ”ın qarantı olur. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti uzadılır. Xankəndidə Azərbaycanın tam hakimiyyəti müəmmalı qalır və ya Qarabağ ermənilərinin statusu gələcəyə saxlanılır.

Göründüyü kimi, Qərbin sülh təklifləri Azərbaycanın maraqlarına uyğun, Moskvanın sülh təklifləri isə ziddir.

Sual: Bu ilin sonuna qədər sülh müqaviləsi barədə deyilənlər belə çıxır ki, “suya düşdü”. Təbii ki, bu sülhü istəməyənlər var idi. Amma ümumiləşdirsək, daha çox hansı tərəf sülhü istəməyənlərin “çörəyinə yağ çəkdi”? Azərbaycan, yoxsa Ermənistan?

Cavab: Bəli, sülh müqaviləsi ilə bağlı yersiz yaranan ümidlərin puç olduğunu deyə bilərik. Sizinlə əvvəlki söhbətlərimizdə də bu mövzuya bir neçə dəfə toxunmuşuq və mən dəfələrlə əsaslandırmışam ki, tərəflərin sülhə hazır olmamasının obyektiv və subyektiv səbəbləri var. Bu baxımdan, Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün tirajlanan müddətin ağlabatan olmadığını vurğulamışam. Bir daha qeyd etməli olsam;
Ermənistan elitasına aid çeşidli siyasi oyunçuların (İqtidar, müxalifət, diaspora, kilsə, Qarabağ erməniləri, Ermənistan erməniləri) psixoloji durumu Azərbaycanla sülhün imzalanmasına imkan tanımır. Artıq 100 ildən çoxdur ki, erməni elitası “Böyük Ermənistan”, “Miatsum” şüarlarının təsiri altında psixopolitik siyasətin əsirinə çevrilib. Məhz bu xəstə təfəkkür Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb. Təəssüflər olsun ki, onlar hələ də rasional siyasi qərarlar qəbul etmək gücündə deyillər. Təsəvvür edin ki, sülh müqaviləsi üçün Ermənistan referendum keçirməli, öz konistitusiyasında 1989-cu il müstəqillik aktına istinadla qeyd etdiyi “Dağlıq Qarabağın Errmənistana birləşdirilməsi” iddiasından vaz keçməlidir. Bütün bu sülh söz-söhbətləri zamanı siz Ermənistanda konstitusiya dəyişikliyinin heç olmasa müzakirə belə edildiyini rast gəlmisinizmi?! Belə fikirlər indiyədək heç bir siyasi qüvvənin dilindən səslənməyib.

Azərbaycan tərəfinə gəlsək, vəziyyət heç də elə deyil ki, sanki Azərbaycan hakimiyyəti sülh quşudur, Ermənistan qoymur qanadlanıb uçsun. Məsələ burasındadır ki, Azərbaycanın mövcud hakimiyyəti beynəlxalq avtoritar koalisiyanın fəal üzvü kimi strateji müttəfiqi Putin Rusiyasının regiondakı maraqlarına daban-dabana zidd olan sülh prosesinə o qədər də həvəs göstərə bilməz. Ona görə də müxtəlif arqumentlərlə Ermənistanın törətdiyi hərbi təxribatlara çox həvəslə qoşulur, delimitasiya prosesinin olmaması iddiası ilə hətta Ermənistanla sərhədlərin bəlli olmadığını, yəni döyüşlərin istənilən əraziyə sıçramasının normal olduğunu əsaslandırmağa çalışır. Xülasə, qeyd etdiyimiz əsaslarla bərabər, həm də tərəflərin hər ikisinin üzərindəki Kreml təsiri sülhə gedən yolu qeyri-müəyyən müddətə doğru uzadır.

Sual: İki tərəf birbaşa niyə danışıqlara getmirlər? Kiminsə vasitəçiliyi və müdaxiləsi olmadan. Bu mümkün deyilmi?

Cavab: İki tərəfin bir-birinə münasibətini və münaqişəyə yanaşmasını yuxarıda əsaslandırdım. Bu əsaslar onların vasitəçilərsiz ünsiyyətini imkansız edir. Hətta diqqət etsəniz vəziyyət belə deyil ki, tərəflər sülh istədiyi üçün vasitəçi axlarır. Əksinə vasitəçilər tərəfləri sülhə həvəsləndirməyə çalışırlar.

Sual: Son olaraq, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün nə lazımdır?

Cavab: Müsahibə boyu mən əsaslandırdım ki, indiki şərtər altında iki ölkə arasında sülh müqaviləsinin imzalanması yaxın gələcəyin işi deyil. Ümumilikdə isə sülhə gedən yolda başlanğıc üçün tərəflərin qəti iradəsi olmalıdır. Bu iradənin aydın nümayişi bu olardı ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması haqda dövlətlərarası müqavilə imzalasınlar. Məhz bu, gələcək sülh danışıqlarının çərçivə sənədi kimi çıxış edə, yekun sülh müqaviləsinin imzalanması üçün zəmin rolunu oynaya bilər.

Bənzər yazılar

Back to top button