Siyasət

Gələn il qlobal iqtisadiyyatda nə gözlənilir? – Ümidlər, ehtimallar… (ŞƏRH)

“Gələn il ticarət savaşlarının da yumşalacağı gözlənilir ki, bu da qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, növbəti ilin ortalarında pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər:

“Başa çatmaqda olan ildə qlobal neft bazarı xüsusi təlatümlər ilə yadda qaldı. Bu ilin geridə qalan aylarında Brent markalı neftin bir barelinin orta qiyməti 40 dollardan bir az baha olub. Bu rəqəm 2019-cu ildə hər bareldə orta hesabla 64, 2018-ci ildə isə 71 dollar olmuşdu. Göründüyü kimi, bu il neft bazarı üçün heç də xoş keçmədi. Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan baha satılır. Neft bazarında volatilliyin yüksək olmasına rəğmən, investorlar 2021-ci ilə nikbin baxırlar. Əvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər. Bu bir sıra sektorlarda, xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər. İkincisi, OPEK+ gələn ildə də hasilat ilə bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır. Təklifin yüksələcəyi halda bu, neft bazarında qiymət artımlarına səbəb olacaq. Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərarlaşdırıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu isə real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər”.

Vüqar Bayramov qeyd edib ki, gələn il ticarət savaşlarının da yumşalacağı gözlənilir ki, bu qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər:

“Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı da gözləniləndir”.

Bənzər yazılar

Back to top button