İqtisadiyyat

Arxitektura Komitəsinin “satınalma camaşırxanası”: Rüfət Mahmud müəmması

Komitə rəsmi sorğulara cavab verməkdən yayınır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi II Qarabağ müharibəsindən sonra Qarabağda dağıdılmış və işğaldan azad edilmiş ərazilərin bərpası üçün çoxsaylı dövlət satınalmaları üzrə tenderlər həyata keçirib.

Bu satınalmaların şəffaf keçirilməməsi ilə bağlı xeyli iddialar var, çünki bərpa işlərinə nə qədər vəsaitin ayrılıb-ayrılmaması barədə ictimaiyyətə detallı məlumatlar verilməyib.

“Arqument.az”a daxil olan məlumata görə, qurumun sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin böyük əksəriyyəti qurumun rəhbər şəxslərinə məxsusdur.

Məsələn, 2022-ci ilin əvvəllərində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 304 min manatlıq tenderə yekun vurub.

Bu tenderin qalibi “Bureau Mühit” MMC olub.

Sədr müavininin oğlu və ictimai şura üzvü tender qalibi olur…

“Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul Şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin digər bir tenderində (Daşaltı kəndinin layihələndirilməsi işi üzrə sifarişçi olduğu 250 min manatlıq tenderdə) isə “Feniks-AA” MMC qalib elan edilib.

Bu şirkətin Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatovun oğlu Aydın Aydınlıya məxsus olduğu bildirilir. Hətta bununla bağlı mediada da bir sıra məlumatlara rast gəlinir.

Bildirilir ki, Arxitektura Komitəsi bu kimi satınalmaları əsasən tabeliyində faliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin sifarişləri ilə reallaşdırır.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tabeliyində olduğu Arxitektura Komitəsindən gələn tapşırıqlarla satınalmalardakı qalibləri müəyyənləşdirir.

Məlumatda isə bildirilir ki, bu proseslərin arxasında Arxitektura Komitəsinin sədri Anar Quliyevin müşaviri Rüfət Mahmud dayanır və Rüfət Mahmud Komitənin “qara kassa”sı hesab edilir.

Memarlıq sahəsinə bələd olmayan, bu sahədə çalışmayan Rüfət Mahmudun qurumda baş verən bütün maliyyə proseslərinə nəzarət etmək üçün müşavir təyin edilməsi də prosesin şəffaf olmadığından xəbər verir.

Rüfət Mahmudun törəmə şirkətləri…

Bildirilir ki, Rüfət Mahmud eyni zamanda, birbaşa adına olmasa da, himayə və nəzarət etdiyi MMC-ləri də satınalmalara cəlb edir. İndiyədək onun nəzarətində olan bir sıra MMC-lər dövlət satınalmalarında iştirak edib. Bu şirkətlər, əsasən də tikinti və konsultasiya sahələrində sifariş verilən dövlət satınalmalarında qalib elan edilib.

R. Mahmuda yaxın MMC-lər əsasən iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin tabeliyində fəaliyyət göstərən qurumlara konsultasiya xidməti göstəriblər.

Sayt Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həmçinin sədri Anar Quliyevə mövzu ilə bağlı rəsmi sorğu göndərsə də, bir neçə ay keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verilməyib.

Qeyd edək ki, Rüfət Mahmuda yaxın şirkətlərin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) satınalmalarında da qalib olub.

Bənzər yazılar

Back to top button