İqtisadiyyatManşet

Gömrük rüsumlarının Azərbaycanda qiymət artımlarına təsiri və imkanlar

Sosial və iqtisadi siyasətin təhlili ilə məşğul olan yeni beyin mərkəzi Agora Analitik Kollektiv gömrük rüsumlarının Azərbaycanda qiymət artımlarına təsiri və imkanlarla bağlı analiz yazısını dərc edib. Yazıda qeyd edilir ki, hazırda qlobal iqtisadiyyatla bağlı ən ciddi problem qiymət artımlarının kəskinləşməsi ilə bağlıdır. Koronavirus pandemiyası ilə əlaqədar olaraq təchizat zəncirinin pozulması ilə başlayan proses, enerji qiymətlərinin bahalaşması, Rusiya-Ukrayna müharibəsi və iqlim dəyişikliklərinin ortaya çıxardığı problemlərlə birlikdə hələ də davam etməkdədir. Hazırda istər inkişaf etmiş, istərsə də, inkişaf etməkdə olan ölkələrdə son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alınır.

Azərbaycanda da hazırda qiymət artımlarının səviyyəsi yüksəkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətlər 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13.4 faiz bahalaşıb. Hazırda ölkədə qeydə alınan inflyasiya göstəriciləri, hətta, il ərzində iki dəfə devalivasiya yaşandığı və milli valyutanın iki dəfə dəyər itirdiyi 2015-ci ildən sonrakı dövrlə müqayisədə belə yüksəkdir. Azərbaycanda büdcə xərclərinin ilin sonunda artması səbəbindən, ölkədə bir qayda olaraq ilin son aylarında və növbəti ilin ilk aylarında inflyasiya daha sürətli olur. Bu baxımdan, ilin sonunadək inflyasiya göstəricisinin 15 faizə yaxınlaşacağını ehtimal etmək olar. Bu isə, Mərkəzi Bankın inflyasiya hədəfindən (4±2%, yəni 2-6% arası) bir neçə dəfə yüksək göstəricidir.

Əhalinin xərclərinin əsas hissəsini təşkil edən qida məhsullarında qeydə alınan bahalaşma isə, daha da yüksəkdir. Rəsmi rəqəmlərə görə, bu ilin sentyabr ayının sonunda qida məhsulları bir il öncə ilə müqayisədə 22.5 faiz bahalaşıb. Nəzərə almaq lazımdır ki, rəsmi göstəricilərə görə, Azərbaycanda əhalinin xərclərinin yarısından da bir qədər artıq hissəsini məhz qida məhsullarına sərf edilir. Bu baxımdan, əhalinin xərclərinin tən yarısını təşkil edən bir istiqamətdə 22.5 faizlik bahalaşma əhalinin sosial rifahının aşağı düşməsinə səbəb olur. Nəzərə almaq lazımdır ki, 22.5 faizlik inflyasiya göstəricisi 130-a yaxın qida məhsulunun orta göstəricisidir. Əhalinin qida rasionunda daha çox yer tutan ayrı-ayrı qida məhsulları üzrə bahalaşma daha yüksəkdir.

Agora Analitik Kollektiv hesab edir ki, qiymət artımlarının səviyyəsinin yüksək olması hökümətlərin bu istiqamətdəki iqtisadi siyasətlərini gözdən keçirməsini şərtləndirir. Bu baxımdan, hökümətlər qiymətlərin səviyyəsinə təsir etmək baxımından ənənəvi pul siyasəti alətləri ilə yanaşı, həm də, vergi və gömrük dərəcələri vasitəsi ilə qiymət artımlarına təsir etmək imkanlarına malikdir. Əlavə dəyər vergisinin (ƏDV) azaldılması, gömrük rüsumlarına güzəştlər edilməsi və s. bu istiqamətdə ağıla gələn ilk addımlardır. Lakin, Azərbaycanda bu tip addımlar çox məhdud çərçivədə həyata keçirildiyi görünür.

Region ölkələrində gömrük rüsumları

Ümumdünya Ticarət Təşkilatının (ÜDM) açıqladığı, “World Tariff Profiles 2022” hesabatından məlum olur ki, Azərbaycanda gömrük rüsumlarının səviyyəsi region ölkələrinə nəzərən yüksəkdir. Hesabatda qeyd edilir ki, 2021-ci ildə Azərbaycanın “sadə orta ən əlverişli rejim” gömrük tarifi 8.5 faizə bərabər olub. Müqayisə üçün bildirək ki, digər Cənubi Qafqaz ölkələrindən Gürcüstanda bu göstərici cəmi 1.4 faizə bərabərdir. Yəni, Azərbaycana nəzərən 6 dəfə daha aşağı. Ermənistanda isə, müvafiq göstərici Azərbaycanla müqayisədə 26 faiz daha az – 6.3 faizə bərabərdir. Eyni zamanda, Azərbaycanda məhsulların cəmi 33.7 faizi gömrük rüsumlarından azaddır. Eyni göstərici Gürcüstanda 87 faizə bərabərdir. Yəni, ölkəyə idxal edilən məhsulların mütləq əksəriyyəti ümumiyyətlə gömrük rüsumlarından azaddır.

Qida məhsullarının qiymətinin formalaşmasına təsir imkanları baxımından kənd təsərrüfatı məhsullarına tətbiq edilən gömrük rüsumları daha vacib rol oynayır. Bu məhsullar üzrə orta göstəriciləri də nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarına tətbiq edilən gömrük rüsumları daha yüksəkdir. “World Tariff Profiles 2022” hesabatına əsasən, 2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları üçün tətbiq edilən “sadə orta ən əlverişli rejim” gömrük tarifi 13.9 faizə bərabərdir. Gürcüstanda eyni rəqəm 6 faizə, Ermənistanda isə 8.1 faizə bərabərdir. Hər üç ölkədə ərzaq məhsullarının son 1 ildəki bahalaşmasına nəzər saldıqda da, məlum olur ki, Azərbaycanda qeydə alınan göstəricilər daha yüksəkdir. Belə ki, əgər 2022-ci ilin sentyabr ayının sonunda Azərbaycanda qida məhsullarının qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 22.5 faiz artıbsa, Gürcüstanda qida məhsullarının bahalaşması 17.6 faizə, Ermənistanda isə, cəmi, 13.7 faizə bərabər olub.

Vəziyyəti necə dəyişməli?

Təqdim edilən rəqəmlərdən aydın olur ki, Azərbaycanda tətbiq edilən orta gömrük rüsumları bir çox qonşu ölkələrə nəzərən daha yüksəkdir. Bu baxımdan, Agora Analitik Kollektiv düşünür ki, qiymət artımlarının səviyyəsinə təsir etmək üçün hökümət gömrük rüsumlarının azaldılmasından alət kimi istifadə edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Azəbaycanda son dövrlər yığılan gömrük ödənişləri proqnoz göstəricilərini qabaqlayır. Nəzərdə tutulandan çox gömrük rüsumları toplanmasının da səbəbi məhz qiymətlərin artmasıdır. Bu baxımdan, gömrük rüsumlarının azaldılması halında belə, gömrük yığımları ilə bağlı proqnoz göstəricilərə əməl etmək olar.

2021-ci ildə Azərbaycana idxal edilən məhsullarda ortalama bahalaşma 21.1 faizə bərabər olub. Hesablama Palatasının araşdırmasına görə, gömrük orqanlarının topladığı vəsaitin 89 faizi qiymət artımları qeydə alınan sahələrdən yığılan ödənişlər hesabına formalaşıb. Palatanın rəyinə görə, Gömrük Komitəsinin topladığı vəsaitin 15 faizi sırf bahalaşma ilə əlaqədardır. Gömrük Komitəsinin ötən il topladığı ümumi gömrük yığımlarının həcminin 4 milyard 343 milyon manat olduğunu nəzərə alsaq, bu o deməkdir ki, bu vəsaitin 651 milyon manatı sırf qiymət artımları səbəbindən formalaşıb. Ötən il gömrük yığımlarının proqnozu 443 milyon manat aşdığını nəzərə alsaq, deyə bilərik ki, gömrük yığımlarının proqnozdan çox toplanması qiymətlərin artması və dolayısıyla gömrük yığımlarının da buna paralel olaraq artması hesabına baş verib.

Ancaq onu da nəzərə almaq lazımdır ki, indiki halda sadəcə gömrük rüsumlarının azaldılması da, qiymət artımlarının səviyyəsinə ciddi təsir etməyə bilər. Çünki, hökümətlərin tətbiq etdiyi bu tip mexanizmlər o halda effektiv olur ki, bazarda rəqabət mühiti mövcud olur və iştirakçılar hökümətin bu tip addımlarına uyğunlaşmağa məcbur qalır. Azərbaycanda bir çox sahədə rəqabət mühitinin səviyyəsi ilə bağlı ciddi problemlər var. O səbəbdən, Azərbaycan iqtisadiyyatında rəqabət mühitini inkişaf etdirmədən gömrük rüsumlarının azaldılması sadəcə həmin məhdud sayda şirkətlərin xərclərinin azalmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu tip addımların atılmasındakı əsas məqsəd şirkətlərin xərclərinin azaldılmasına kömək edərək daha çox gəlir əldə etmələrinə imkan yaratmaq deyil. Hökümət effektiv gömrük siyasəti ilə istehlakçıların artan xərclərinə təsir etmək imkanı qazanır.

Bu səbəbdən, hazırda Azərbaycanda hökm sürən yüksək inflyasiyanın qarşısının alınması baxımından ölkədə iqtisadi fəaliyyətin liberallaşdırılması, bazara daxil olmaqla bağlı hər kəsə eyni fürsətlərin yaradılması kimi amillər də çox vacibdir. Qeyd etdiyimiz iqtisadi mühitin yaradılması üçün isə, ölkədə effektiv qanunvericilik bazasının yaradılması (rəqabət məcəlləsinin qəbulu, məmurların gəlir bəyannaməsi vermə mexazniminin işləkliyinin təmin edilməsi və s.), bu qanunların işləkliyinin təmin edilməsi, mülkiyyət hüququ və məhkəmə sistemi ilə bağlı mövcud çağırışların aradan qaldırılması, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması kimi addımların atılması çox vacibdir.

Bu rəqabət mühitinin formalaşdığı bir şəraitdə gömrük rüsumları ilə bağlı da, daha münbit şəraitin yaradılması ölkəyə idxal edilən məhsulların maya dəyərinin daha ucuz başa gəlməsinə səbəb ola bilər. Bütün bu addımların atılması ölkə iqtisadiyyatının inkişafına kömək etməklə yanaşı, hazırda əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaran qiymət artımlarının ortaya çıxardığı problemlərin də həlli baxımından çox vacibdir.

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button