Cəmiyyət

Dilçilik İnstitutundakı müzakirə kimlərin sifarişidir? – SENSASİON MƏQAMLAR

Ötən gün Nəsimi adına Dilçilik İnstitutundakı müzakirələr sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Ölkənin sanballı elm adamlarının, dilçilərinin və ictimai fikirin öndə gedən isimlərinin saatlarla davam edən absurd müzakirələri ciddi şəkildə qınanılıb.

Aparıcı elm xadimlərinin saatlarla “dovşan” sözünün “doşan”, yoxsa “dofşan” formasında yazılması ilə bağlı müzakirələr sosial şəbəkənin aktiv iştirakçıları tərəfindən tənqid edilib.

Sosial şəbəkə istifadəçilərinin ünvanladığı cavabsız suallar isə doğrudan da düşündürücüdür: Doğrudanmı, institutun ümdə problemi “dovşan”ın “doşan” yazılmasıdır? Dilçilik İnstitutunun başqa müzakirə ediləsi problemi yoxdurmu? Samballı adamların absurd problemləri əsas müzakirə mövzusu etməsinin arxasında nələr və ya kimlər dayanır?

Sosial şəbəkə istifadəçilərinin məsələ ilə bağlı suallarını Nəsimi adına Dilçilik İnstitununun keçmiş direktoru Möhsün Nağısoyluya ünvanladıq.

Sabiq direktor Publika.az-a açıqlamasında bildirdi ki, ötən gün adıçəkilən qurumda müzakirə olunan absurd məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

“Hətta Prezident Administrasiyasında da müzakirələrdən keçib. 2021-ci ildə də təsdiq olunub. Digər tərəfdən, həmin sözlərin yazılışı ilə bağlı müzakirələr bir adamın istəyi, iradəsi ilə baş tutmayıb. Həmin sözlərin necə yazılması ilə bağlı müzakirələrdə institutun bütün əməkdaşları iştirak etmişdi.

Terminologiya Komissiyasının əməkdaşları, ADPU-dan Buludxan Xəlilov, Mətbuat Şurasının nümayəndələri yekdil qərara gəlmişdilər ki, sözlərin yazılışı ilə deyilişi arasında kəskin fərq olmasın.

Dünyanın bir çox ölkələrində bu, belədir. Məsələn, qardaş Türkiyədə söz yazıldığı kimi də tələffüz edilir. Eyni zamanda, bu məsələ çaşqınlıq yaradırdı. Tutaq ki, “dovşan”ı “doşan” yazırdılar, amma “ovçu”nu olduğu kimi göstərirdilər. “Dövlət”i necə “dölət” kimi deyəsən, axı bu, gülünc görünür?! Axırda qərara gəldik ki, həmin sözlər yazıldığı kimi tələffüz olunsun. İndiki müzakirələrlə bağlı nə deyəcəyimi bilmirəm. Bir vətəndaş, ziyalı kimi düşünürəm ki, dilçiliyin problemləri çoxdur. İndi bu cür müzakirələr də olur, nə deyim?!”

“Doğrudanmı institutun köklü problemi yoxdur, bəsit və absurd mövzulara saatlarla vaxt ayrılır?” – sualına keçmiş direktorun cavabı birmənalı olub:

“Bu məsələnin üzərinə jurnalistlər getməlidir, sizlər bu barədə yazmalısınız. Azərbaycanın bu sahədə çox məşhur alimləri olub. Əziz Əfəndizadənin doktorluq işi də bu sahə ilə bağlıdır. Azərbaycanın ən böyük alimlərindən Əbdüləzəl Dəmirçizadənin, Məmmədağa Şirəliyevin bu barədəki fikirlərinə əsaslanmışıq. Biz həmin lüğətdəki formaları ixtira edib yazmamışıq. Onları hazırlayıb Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müəyyən müzakirələrdən sonra təqdim etmişik. Ola bilsin ki, sonuncu müzakirələr də bəzi adamların istəyi, sifarişi ilə keçirilib. Şəxsən belə düşünürəm. Bu, kimlərinsə sifarişi ilə baş tutan müzakirədir”.

Bənzər yazılar

Back to top button