Dünya

Hərbi əməliyyat yoxsa siyasi ziqzaqlar: seçkidə hansı faydalı olacaq?

Xeyr, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktoru ilə Rusiya Xarici Kəşfiyyat Xidməti başqanının 14 noyabrda Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatı başqanının vasitəçiliyində görüşməsinin səbəbi nüvə silahı-zad deyil, Türkiyənin sərhədin o tərəfinə uzun müddətdən bəri planlaşdırdığı yeni hərbi əməliyyatına icazə verib-verməmək idi. `Pəncə-qılınc əməliyyatı` bu icazənin verildiyini göstərirsə, bunun ardınca “Niyə verildi?”- sualının gəlməsi də təbiidir.

Rusiyanın icazə verməsinin iki səbəbi var: birincisi-Ukrayna ilə müharibədə planlarını həyata keçirməkdə çətinlik çəkərkən Türkiyənin dünyaya açılan `yeganə pəncərə` olma özəlliyinin daha da güclənməsi; ikincisi isə cənab Erdoğanın prezident seçilməsi, AKP-nin isə parlament seçkisindən önəmli fərqlə qalib çıxmasına Moskvanın açıq və gizli hər cür dəstəyi verməsidir. Sərhədin o tərəfinə yeni hərbi əməliyyat təşkil etmək barədə qərarı Türkiyə Milli Təhlükəsizlik Şurası 29 apreldə qəbul etmişdi, ancaq buna baxmayaraq, Vaşinqton və Moskva əməliyyata soyuq baxdığına görə, Ankara hərəkata başlamaq üçün fürsət gözləmişdi. `Pəncə-qılınc əməliyyatı`na Vaşinqtonun yaşıl işıq yandırması isə çox təəccüblü deyil. Çünki Türkiyə hələ 2019-2020-ci illərdə sərhədin o tərəfində qısa müddətli hərbi əməliyyatlar keçirərkən Trumpın ABŞ-ı buna əngəl olmamışdı. Joe Bidenın gəlməsindən sonra isə Vaşinqtonla razılığa gəlmək Ankara üçün müşkülləşmişdi.

Zaman keçdikcə-Türkiyənin bütün xəbərdarlıqlarına rəğmən-Vaşinqton Suriyanın şimal-şərq bölgələrindəki kürd qruplara ən müasir ağır silahları göndərməkdən vaz keçmədiyi kimi bölgəni istədiyi hərbi formata salaraq kürdləri də rahatlatdı, özü də rahatladı.

Suriyanın gələcəyi ilə bağlı aparılan müzakirələrdə Əsəd rejiminin ölkənin şimal-şərq bölgəsində yaradılan kürd muxtariyyətinə bundan sonra da qarşı çıxmayacağına dair məlumatlar yayılır. Belə olan halda `Pəncə-qılınc əməliyyatı`nda Türkiyənin qazancının Suriya və İraq sərhədlərinin o tərəfində, müdafiə naziri Hulusi Akarın da dediyi kimi, 30 kilometr dərinlikdə bir tampon bölgə yaratmaq olacağını təxmin etmək çətin deyil. Bu durum Türkiyənin baxımından “Sərhədərimdən 30 kilometr o tərəfdə nə edərsənsə, et”-mənasını daşıya bilərmi? 2017-ci ilin sentyabrında Şimali İraqda keçirilən müstəqillik referendumunun nəticələrinin açıqlanmasını Tehran və Bağdad ilə birləşərək əngəlləyən Ankara 5 il sonra iki ölkənin sərhədləri daxilindəki de-facto durumları qəbul edirmi?

İranda Məhsa Amininin polis bölməsində öldürülməsiylə başlayıb 2 aydan bəri səngiməyən etiraz aksiyalarında beluclardan sonra kürdlərin azadlığı məsələsinin bu qədər qabardılmasının arxasında İraq və Suriyadan sonra İran ərazisində kürdlər üçün de-facto bir durum yaradılması planı ola bilərmi?

Tayyip Erdoğan və AKP-nin `Pəncə-qılınc əməliyyatı`ndan seçki təbliğatında gen-bol istifadə edəcəyi şübhə doğurmur. Təbliğatın reytinqlərə nə dərəcədə təsir etdiyini ən gec iki həftə içində görmək mümkün olacaq. Mövcud durumda isə cənab Erdoğanın özünü ahat hiss etmədiyini hamı görür. Açıqlanan bu qədər mühüm iqtisadi və sosial xarakterli layihəyə, minimum əmək haqqının ən az 80% artırılacağına dair vədə, yanvardan bankların kredit krantlarını açılacağına dair iddialara rəğmən hörmətli Erdoğan prezident seçkisində işin ikinci tura qalmaması üçün ağına-bozuna baxmadan bütün həmlələri edir. Məsələn, `Müsəlman qardaşlar`ın Misirdəki lideri və keçmiş prezident Məhəmməd Mursini hərbi çevrilişlə devirən general Əbdülfəttah Sisi ilə Türkiyə dövlət başçısının bir daha bir araya gələcəyinə heç kim ehtimal verməzkən Katardakı dünya çempionatının açılış mərasimində Erdoğan ilə Sisinin əl sıxışdığı foto yaxın keçmişə qədər xarici siyasətdə izlənən çizgilərin tapdalanmasının qeydsiz-şərtsiz örnəyi sayıla bilərmi?

Günlük siyasət dəyişikliyinin ölkə daxilindəki son örnəklərindən biri müxalif blokun ikinci partiyası durumundakı İYİ Partiyanın lideri Meral Akşeneri blokdan ayrılaraq `milli çizgiyə` dəvət etməsi olmuşdur. Bu cür çağırışlar iqtidar blokuna nəsə qazandırırmı, qazandıracaqmı? Daha əvvəl də yazmışdıq, hədəfə çatmaq üçün bütün həmlələrdən leqal çərçivədə istifadə edən cənab Erdoğan, siyasi metodologiyalara əsla əhəmiyyət vermir. Belə ki, hələ 2018-ci ildə birbaşa Erdoğanın təhdidləriylə həbs olunma təhlükəsi yaşayan Meral Akşener Manisa mitinqinə həbsxana çantasıyla gələrkən Rize vilayətində Akşenerə hücumdan sonra dövlət başçısı müxalifət partiyası liderinə “Hələ bundan sonra nələr olacaq, nələr”- deyə xəbərdarlıq etmişdi.

Bu şəkildəki ziqzaqların cənab Erdoğanın və AKP-nin reytinqinə mənfi təsiri ola bilərmi? Erdoğana sadiq kütlə baxışında bu ziqzaqların heç biri problem deyil və onların mövqeyinə əsla mənfi təsir göstərməz. Çünki siyasətin prinsiplərinin ayaq altına alınması baxımından yanaşanda AKP və MHP-nin betər durumda olduğu heç kimə sirr deyil.

AKP və MHP-nin bu ziqzaqlı yanaşmaları müxalifətin səflərini sıxlaşdıra bilər.

Bunu da dünən `terrorçu` dediyini ertəsi gün `leqal` kimi qəbul edən Devlet Bahçeli düşünsün.

Mayis Əlizadə

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button