İqtisadiyyatManşet

Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması üçün institusional dəyişikliklər aparılmalıdır

Bu yaxınlarda Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyinin bağlanmaq üzrə olduğuna dair xəbərlər yayıldı. Bu xəbər şirkət tərəfindən təkzib olunsa da, bu kimi iri şirkətlərin Azərbaycanı tərk etməsi ilə birinci dəfə deyil ki, rastlaşırıq. Vaxtı ilə “Shell”, “Samsung”, “Nestle” kimi şirkətlər də ölkədən getmişdilər.

Azərbaycan niyə xarici şirkətlər üçün cəlbedici deyil?

İqtisadçı Fərid Mehralızadə ASTNA-nın suallarını cavablayıb.

* * *

Sual: Fərid bəy, bu yaxınlarda Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyinin bağlanmaq üzrə olduğuna dair xəbərlər yayıldı. Düzdür hələlik bu xəbər təkzib olunsa da, bu kimi iri şirkətlərin Azərbaycanı tərk etməsi ilə birinci dəfə deyil ki, rastlaşırıq. Elə burdan yola çıxaraq soruşmaq istəyirəm ki, iri, beynəlxalq, dünya miqyaslı və nüfuzlu şirkətlər niyə Azərbaycan bazarını tərk edirlər?

Cavab: Əslində ondan başlamalıyıq ki, təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən iri, beynəlxalq, dünya miqyaslı və nüfuzlu şirkətlərin sayı bir o qədər çox deyil. Bu baxımdan, düşünürəm ki, qeyd etdiyiniz böyük şirkətlərin ölkəni tərk etmə səbəbləri ilə, bu tip şirkətlərin ölkəyə çox maraq göstərməməsi oxşar səbəblərlə bağlıdır. Bu baxımdan, ilk öncə ölkədə rəqabət mühitinin vacibliyini qeyd edə bilərik. Bazara inzibati müdaxilə imkanlarının olduğu, az sayda şirkətin böyük paya sahibləndiyi, qanunun aliliyi, mülkiyyət azadlığı və məhkəmə sistemi ilə bağlı çağırışların olduğu bir şəraitdə təbii ki, ölkə xarici investorlar üçün bir o qədər cəlbedici ola bilməz. Eyni zamanda, mən düşünürəm ki, qlobal şirkətlər heç də hər zaman hökümətlərlə hesablaşmaqda maraqlı olmurlar. Heç bir inzibati müdaxilə olmadan fəaliyyət göstərmək istəyirlər. Bu baxımdan, qeyd etdiyimiz amillər qlobal şirkətlərin ölkəyə maraq göstərməməsinin əsas institusional səbəbləridir.

İqtisadi səbəblərə gəldikdə isə, nəzərə almaq lazımdır ki, Azərbaycan iqtisadiyyatında ciddi resurs asılılığı var. Ölkənin ixracdan əldə etdiyi gəlirin 90 faizindən də bir qədər də artıq hissəsini sırf neft və qaz məhsullarının ixracından ibarətdir. Digər sənaye sahələrinin ölkədə məhdud inkişafı həmin sahələrdəki qlobal şirkətlərin də ölkəyə marağına təsir edir. Ona görə də, son 20 ildə Azərbaycana yatırılan xarici investisiyaların təxminən dörddə üçü məhz enerji sektoru ilə bağlıdır. Ölkədə inkişaf edən sənaye sahələrinin sayının az olması, həmin az inkişaf etmiş sektorlarda fəaliyyət göstərən şirkətlərin ölkəyə marağına azaldıcı təsir göstərir.

Sual: Amma rəsmi olaraq dəfələrlə bəyan edilir ki, xarici investorların Azərbaycana gəlməsində maraqlıyıq. Niyə həmin şirkətlər üçün Azərbaycan cəlbedici deyil?

Cavab: Qeyd etdiyim kimi, rəqabət mühiti, qanunun aliliyi kimi instutisional amillər bunun əsas səbəbləridir. Digər tərəfdən, hazırda bir çox ölkənin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri xarici investorları ölkəyə yatırım etməyə təşviq etməklə bağlıdır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr arasında ciddi rəqabət var. Müxtəlif ölkələr xarici şirkətlərin ölkəyə gəlməsi, yeni iş yerləri açması və əlavə dəyər yaratması üçün müxtəlif təşviq mexanizmləri həyata keçirilir. Bu mexanizmlərə aşağı vergi ödənişlərindən, vətəndaşlıq verilməsinə qədər müxtəlif alətlər daxildir. Bu baxımdan, əsas alətlər arasında gömrük və vergi dərəcələri də mühüm rol oynayır. Bu yaxınlarda Ümumdünya Ticarət Təşkilatının açıqladığı hesabatda qeyd edilirdi ki, Azərbaycan regionda orta gömrük rüsumlarının ən yüksək olduğu ölkələrdən biridir. Məsələn, Gürcüstanda idxal edilən məhsulların təxminən 90 faizinə yaxını gömrük rüsumlarından azaddır. Bunları nəzərə alaraq, qeyd etməliyik ki, digər ölkələrin vergi və gömrük siyasətinin xarici şirkətlər üçün daha sərfəli olması da, onların investisiya qərarlarına təsir edə bilər. Eyni zamanda, bir çox region ölkəsinin Avropa Birliyi və digər böyük iqtisadiyyata malik ölkələrlə güzəştli ticarətlə bağlı anlaşmaları var. Azərbaycanda bu baxımdan da, bir çox ölkədən geri qalır. Ən yaxın müttəfiq Türkiyə ilə belə güzəştli ticarət məhdud sayda məhsulu əhatə edir. Bütün bunları nəzərə alaraq, Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması ilə bağlı institusional dəyişikliklərlə yanaşı, vergi və gömrük siyasətinin yenidən gözdən keçirilməsini və təşviq mexanizmlərinin yaradılmasını vacib hesab edirəm.

Sual: Ancaq burda fəaliyyət göstərən iri şirkətlər də mövcuddur axı…

Cavab: Əlbəttə, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər mövcuddur. Xüsusilə enerji sektorunda bu şirkətlər böyük pay sahibidirlər. Ancaq düşünürəm ki, tək enerji sektoru ilə kifayətlənmək olmaz. Digər sahələrdə də, xarici kapitallı şirkətlərin artmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu tip şirkətlər ölkəyə investisiya yatırmaq və yeni iş yerləri açmaqla yanaşı, öz təcrübələrini də Azərbaycana gətirirlər. Bu isə, ölkədə iqtisadi dəyərlə yanaşı, həm də, ixtisaslı kadrların yetişməsinə kömək edə bilər.

Sual: Sizcə, investorların ölkəyə gəlməsi üçün və ya ölkədə olanların Azərbaycanı tərk etməməsi üçün hökumət hansı addımlar atmalıdır?

Cavab: Vergi və gömrük siyasətinin liberallaşdırılması və təşviq mexanizmlərinin tətbiqi, ölkədə kapital bazarlarının inkişaf etdirilməsi, xarici investisiyaların qorunmasıyla bağlı mexanizmlərin tətbiqi, idarəçilikdə və qərarların qəbul edilməsində iştirakçılığın təmin edilməsi çox vacibdir. Demək olar ki, hər il Azərbaycanda vergi məcəlləsinə çox sayda dəyişikliklər həyata keçirilir. Ancaq, həmin qərarlar əksər hallarda bağlı qapılar arxasında qəbul edilir və son ana qədər yeni dəyişikliklərin mahiyyəti ilə bağlı icimaiyyət məlumatlı olmur. Halbuki, vergi məcəlləsindəki dəyişikliklər ölkədə biznesin fəaliyyətinə ciddi təsir imkanlarına malikdir. Azərbaycanda isə, nəinki bu qərarların qəbulunda geniş iştirakçılıq təmin edilir, hətta nəzərdə tutulan dəyişikliklərlə bağlı məlumat verilməsi belə aşağı səviyyədədir. Ona görə də, düşünürəm ki, biznes subyektlərinin daha yaxşı fəaliyyət göstərməsi üçün ölkədə rəqabət mühitinin yaxşılaşması ilə yanaşı, yeni qərarların qəbulu zamanı maraq qruplarının da prosesə daxil edilməsinə ehtiyac var.

Sual: Bunun üçün nə qədər vaxt lazımdır? Və bunu etməyə hökumət maraqlı görünürmü?

Cavab: Əslində bu dəyişikliklərin həyata keçirilməsi üçün çox uzun müddətə ehtiyac yoxdur. Ölkə iqtisadiyyatının liberallaşdırılması ilə bağlı siyasi iradə nümayiş etdirilsə bir neçə il ərzində həm qanunverici bazanın, həm də, fəaliyyətin praktiki tərəflərinin təşkilini həyata keçirmək mümkündür. Xüsusilə enerji qiymətlərinin aşağı düşdüyü dövrlərdə biz hökümətin bu istiqamətdəki fəaliyyətini artırdığını görürük. Lakin, təəssüf ki, bu aktivlik davamlılıq göstərmir. Ancaq, düşünürəm ki, hazırda enerji qiymətləri büdcə öhdəliklərinin icrasına imkan verəcək həddə olsa da, qarşıdakı illərdə bu situasiya dəyişə bilər. Xüsusilə enerji keçidinin aktuallaşması, ənənəvi enerji resurslarından asılı olan iqtisadiyyatlar üçün ciddi çağırışlar doğurur. Həmin çağırışlara adekvat reaksiya vermək üçün ölkə iqtisadiyyatının şaxələndirilməsi çox vacibdir. Buna nail olmaq üçün isə, xarici investorların ölkəyə yatırım etməsi mühüm rol oynayır. Buna görə də, enerji gəlirlərinin azalmasını gözləmədən indidən bu istiqamətdə fəaliyyət göstərilməsinə ciddi ehtiyac var.

Bənzər yazılar

Back to top button